Ali Məhkəmənin sədri Salyanda vətəndaşları qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tövsiyələri daim diqqətdə saxlanılır. Vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ali Məhkəmənin sədri bölgələrdə mütəmadi səyyar qəbullar keçirir.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 17-də Ali Məhkəmənin sədri Ramiz Rzayev Salyan Rayon Məhkəməsinin inzibati binasında vətəndaşları qəbul edib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin Salyan şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Qəbulda hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə müsbət həllini tapıb. Digər məsələlər üzrə Ali Məhkəmə Aparatının qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması ilə bağlı Azərbaycan Prezidenti tərəfindən yaradılmış şəraitdən razılıqlarını ifadə ediblər.
Səfər çərçivəsində Ali Məhkəmənin sədri Salyan Rayon Məhkəməsinin inzibati binası, hakimlərin fəaliyyəti və iş şəraiti ilə tanış olub.
Daha sonra Şirvan Apellyasiya Məhkəməsinin sədri və Salyan Rayon Məhkəməsi hakimlərinin iştirakı ilə müşavirə keçirilib.
Ali Məhkəmənin sədri Azərbaycan Prezidentinin məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsinə dair 2019-cu il 3 aprel tarixli Fərmanının icrası üzrə görülən işlərdən bəhs edib, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, sahibkarlıq fəaliyyətinə dair mübahisələr üzrə ayrıca ixtisaslaşmış məhkəmələrin yaradılması ilə bağlı mühüm qanunların qəbul olunduğunu vurğulayıb.
Yeni regional inzibati və kommersiya məhkəmələrinin bu ilin əvvəlindən fəaliyyətə başlaması nəzərə alınaraq dövlətimizin başçısının 2019-cu il 30 dekabr sərəncamları ilə artıq həmin məhkəmələrə hakimlərin təyinatının aparıldığı qeyd olunub, qarşıda duran vəzifələrə, o cümlədən qanunvericilikdəki yeniliklərin dürüst və vaxtında icrasının təmin olunmasına dair aidiyyəti tövsiyə və tapşırıqlar verilib.
Eyni zamanda, etik davranış qaydalarına dönmədən əməl edilməsinin, sui-istifadə hallarının və qeyri-prosessual münasibətlərin yolverilməzliyinin ən ümdə vəzifə olduğu bildirilib.
Azərbaycan.- 2020.- 18 yanvar.- S. 2.