Lənkəran parlament seçkilərinə ciddi hazırlaşır

 

Ölkəmizin həyatında böyük əhəmiyyət kəsb edən bu mühüm kampaniyaya - fevralın 9-da keçiriləcək parlament seçkilərinə hazırlıq işləri başa çatmaq üzrədir. Respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da səsvermənin qanunun tələblərinə uyğun keçməsi üçün hər cür şərait yaradılmışdır.

73 saylı Lənkəran şəhər dairə seçki komissiyasının sədri Kərim Heydərov parlament seçkilərinə hazırlıq işləri ilə bağlı dedi ki, DSK-nın əhatə etdiyi ərazidə 28 seçki məntəqəsi fəaliyyət göstərir. Məntəqələrin hamısında parlament seçkilərinə hazırlıq işləri MSK-nın təsdiq etdiyi Təqvim Planına uyğun olaraq həyata keçirilir. Seçkilərin gedişini izləmək üçün 12 məntəqədə veb-kamera quraşdırılıb. Seçki dairəsi üzrə qeydə alınmış namizədlərin sayı 9 nəfərdir. DSK-nın əhatə etdiyi məntəqələrdə 35 min 500 nəfər seçici var. Onların 185 nəfəri ilk dəfə səs verənlərdir. Məntəqə seçki komissiyalarının sədrlərinin və üzvlərinin maarifləndirilməsi üçün treninq keçirilib. Seçkilərin gedişini izləmək üçün 347 nəfər müşahidəçi qeydə alınıb.

74 saylı Lənkəran kənd DSK-nın sədri Əlövsət Rufiyev söhbət zamanı dedi ki, dairənin əhatə etdiyi 39 seçki məntəqəsinin hər birində seçkilərin yüksək səviyyədə keçirilməsi üçün lazımi şərait yaradılıb. Hazırlıq işləri MSK-nın Təqvim Planına uyğun aparılıb.

Öyrəndik ki, bu dairədə 11 nəfərin namizədliyi qeydə alınıb. Hazırda onlar seçkiqabağı təşviqat işi aparırlar. Təşviqat fevralın 8-dək davam edəcək. Seçicilərin siyahısı dəqiqləşdirilərək məntəqələrin müvafiq yerlərində asılıb. 5 məntəqədə veb-kameralar quraşdırılıb. Seçicilərin arasında yaşlı adamlarla bərabər ilk dəfə səs verən gənclər də var. Ən yaşlı seçici isə Viravul kəndindən olan 1900-cü il təvəllüdlü Xəlilova Zəhra Rza qızıdır.

75 saylı Lənkəran-Masallı DSK-nın sədri Cəmil Hüseynov da hazırlıq işlərinin seçki qanunvericiliyinin tələbləri əsasında həyata keçirildiyini söylədi. O dedi ki, Liman şəhərində yerləşən dairə seçki komissiyası 41 məntəqəni əhatə edir. Bu məntəqələrin 29-u Lənkəran rayonunda, 12-si Masallı rayonu ərazisində fəaliyyət göstərir. Məntəqələrin hamısı texniki avadanlıqla və əyani vəsaitlərlə təmin edilib. Seçkilərin gedişini izləmək üçün Lənkəranda 3, Masallıda 2 veb-kamera quraşdırılıb. Seçki günü DSK üzrə 38 min 746 nəfər seçici səs verəcək. Ən qocaman seçicinin 115 yaşı var. Bu, Boladi kəndində yaşayan Axundova Şahbikə Fərhad qızıdır. O, 13 saylı məntəqədə səs verəcəkdir. Dairə üzrə 7 namizəd parlamentə seçilmək uğrunda mübarizə aparır. Onların hər birinə bərabər şərait yaradılmışdır.

76 saylı Lənkəran-Astara DSK-nın sədri Məzahir Əliyev isə dedi ki, dairə üzrə 45 seçki məntəqəsi fəaliyyət göstərir. Onların 20-si Lənkəran, 25-i Astara rayonu ərazisindədir. Məntəqələr bütün texniki avadanlıqlar və digər vasitələrlə təmin olunub. DSK üzrə 38 min 615 seçici var ki, onların da 41 nəfəri ilk dəfə səs verənlərdir. Yaşı 80-dən yuxarı olan seçicilərin sayı 956 nəfərdir. Dairə üzrə 8 nəfərin namizədliyi qeydə alınmışdır. Onlardan 1 nəfəri YAP, 1 nəfəri MDHP, 1 nəfəri ÜP tərəfindən irəli sürülüb. 5 nəfər isə namizədliyini özü irəli sürmüşdür. Dairədə 498 müşahidəçi qeydə alınmışdır. Bir sözlə, Lənkəran rayonunda da parlament seçkilərinin azad, şəffaf və demokratik şəraitdə keçməsi üçün lazımi tədbirlər görülmüş, seçicilərin öz namizədlərinə səs vermələri üçün hər cür şərait yaradılmışdır.

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2020.- 28 yanvar.- S. 1; 5.