“Cənub qaz dəhlizi”nin sonuncu seqmentinin çəkilişi başa
çatır
Prezident İlham
ƏLİYEV: "Bu il
TAP-ın istismara verilməsini də nəzərdə
tutulmuş vaxtda qeyd edəcəyik”
Bu il Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) çəkilişinin tamamlanması ilə nəhəng "Cənub qaz dəhlizi” layihəsinin icrası başa çatacaq. Bu, ölkəmizə zəngin qaz ehtiyatlarını Avropa bazarlarına şaxələndirilmiş yolla çatdırmağa imkan verəcək.
Prezident İlham Əliyevin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə "Cənub qaz dəhlizi”nin sonuncu seqmenti olan TAP layihəsinin də uğurla icra edildiyi vurğulanıb. Dövlət başçısı müşavirədəki nitqində TAP-ın icra səviyyəsinin 90 faizi keçdiyini və kəmərin bu il, yəni nəzərdə tutulduğu vaxtda istismara veriləcəyini qeyd edib.
TAP strateji əhəmiyyətli layihədir. Avropanın mavi yanacağa olan tələbatını ödəyəcək və enerji təhlükəsizliyinə ciddi dəstək verəcək. Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qazı Türkiyəyə və oradan da Avropaya daşıyacaq 3500 kilometrlik "Cənub qaz dəhlizi”nin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) və Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) davamıdır.
"Cənub qaz dəhlizi”nin üç seqmenti - "Şahdəniz-2”, CQBK-nın genişləndirilməsi və TANAP layihələri artıq fəaliyyətdədir. İndi növbə TAP-ındır.
Əslində bu dörd seqmentin hamısı bir-birinə sıx bağlıdır. TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə demişdir: "TANAP Azərbaycan, Gürcüstan və Türkiyə marşrutundan Avropaya - TAP xəttinə birləşib və təbii ki, oradan davam edərək Bolqarıstan, Yunanıstan, Makedoniya, Albaniya, Serbiya, Bosniya və Herseqovina marşrutu üzərindəki ölkələr də ondan faydalanır. Təbii ki, bütün bu addımları atarkən bunun bir regional layihə, bir sülh layihəsi olduğunu da xüsusilə vurğulamaq lazımdır”.
Hazırda TAP-ın tikinti meydançalarında işlər başa çatmaqdadır. Bu da kəmərin Azərbaycan qazını Avropaya nəzərdə tutulduğu vaxtda, yəni bu il çatdıracağına zəmanət verir.
"Şahdəniz” konsorsiumu qazı Avropaya ixrac etmək üçün iddialı olan dörd kəmər sırasından TAP-ı 2013-cü ilin ortalarında seçib. Seçim prosesində TAP səkkiz şərtə görə üstünlük qazanıb. Bunlardan birincisi kəmərin kommersiya səmərəliliyidir. İkinci, üçüncü və dördüncü əsas şərtlər layihənin icra mümkünlüyü, həmçinin maliyyə baxımından icra mümkünlüyü və texniki layihələndirmədir. Daha bir vacib məsələ kimi tənzimləmə və şəffaflıq götürülüb. Altıncı amil kəmərin təhlükəsizliyi və səmərəli istismarının mümkünlüyüdür. TAP eləcə də digər kəmərlərdən genişləndirmə imkanlarının olduğuna görə fərqlənir. Nəhayət, qiymətləndirmə zamanı ictimai maraqlarla bağlı amillər də nəzərə alınıb.
Kəmərin təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Həmin vaxtdan da tikinti işlərinə başlanıb
TAP Avropanın üç ölkəsinin ərazisindən - Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru xəttinin marşrutu Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlanır. Bu, uzunluğu təxminən 878 kilometr olan kəmərdir. Onun 550 kilometri Yunanıstanın, 210 kilometri Albaniyanın ərazisindən, 105 kilometri Adriatik dənizinin altından keçir və sonuncu - bir neçə kilometrlik hissəsi İtaliya torpağında quru sahəyə çıxır. Burada kəmər "Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsinə birləşdiriləcək.
TAP layihəsində BP (20 faiz), SOCAR (20 faiz), "Snam S.p.A.” (20 faiz), "Fluxys” (19 faiz), "Enagas” (16 faiz) və "Axpo” (5 faiz) şirkətləri tərəfdaşlıq
edirlər.
Kəmərin ilkin ötürücülük
qabiliyyəti ildə
10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard
kubmetrədək artırılması
nəzərdə tutulur. Layihənin
kapital xərcləri
4,5 milyard avrodur.
TAP-ın ən aşağı hissəsi
dəniz səviyyəsindən
təxminən 820 metr
dərinlikdə, ən
yüksək hissəsi
Albaniya dağlarında
1800 metr hündürlükdən
keçir. Kəmərin diametri əsasən
48 düymdür, yalnız
dənizin altından keçən hissəsində
37 düymlük borular
düzülüb.
Marşrut qısa olmadığından
və xəttin ayrı-ayrı hissələri
fərqli coğrafi məkanlardan keçdiyindən
inşaat işləri
də asan olmayıb. Üstəlik, kəmərin bir
sıra yerüstü
obyektləri, məsələn
ölçmə və
kompressor stansiyaları
var. Bununla belə, inşaatçılar indiyədək
bütün işlərin
öhdəsindən layiqincə
gəliblər.
Layihənin İtaliyada başa
çatmasına baxmayaraq,
təbii qazın gələcəkdə ara keçid boru kəmərləri vasitəsilə İsveçrə,
Avstriya, Fransa, Almaniya, Belçika, hətta İngiltərəyə
ötürüləcəyinin mümkün olacağı
istisna edilmir. TAP-ın əhəmiyyəti
həm də ondadır ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru
və İon-Adriatik qaz kəmərinin təchizatını asanlaşdıracaq.
Flora SADIQLI
Azərbaycan.- 2020.- 28 yanvar.- S. 1; 6.