Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermə günü ABŞ-ın “AJF&Associates, Inc.” təşkilatı ilə birgə “exit-poll” keçirəcək qurum kimi qeydə alınması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 15/98

 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) müraciət edərək, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermə günü ABŞ-ın "AJF&Associates, Inc.” təşkilatı ilə birgə "exit-poll” keçirmək niyyətində olduqlarını bildirmiş və bu məqsədlə qeydə alınmasını xahiş etmişdir.

Müraciət akkreditasiya üçün zəruri olan sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş, qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparılmış, həmin təşkilatın qeydə alınması üçün hüquqi əsasların olması müəyyən edilmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.2.23-cü maddəsinə müvafiq olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikasında seçkilərdə "exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları” ilə "exit-poll” keçirmək niyyətində olan qurumların qeydiyyatına dair tələblər müəyyən olunmuşdur. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən "exit-poll” keçirmək niyyətində olan təşkilatların yazılı müraciətlərinə 10 gün müddətində baxılmalı, müraciətlə birgə təqdim olunmuş sənədlər araşdırılmalı və müvafiq təşkilatın akkreditasiyadan keçirilib-keçirilməməsi barədə əsaslandırılmış qərar qəbul edilməlidir.

Təqdim edilmiş sənədlər Qaydaların tələblərinə cavab verdiyindən, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının akkreditasiyadan keçmək barədə müraciəti təmin olunmalıdır.

Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.23-cü, 28.2-ci, 28.4-cü maddələrinə və adı çəkilən Qaydaların 2.3-cü bəndinə əsasən qərara alır:

 

1. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermə günü ABŞ-ın "AJF&Associates, Inc.” təşkilatı ilə birlikdə "exit-poll” keçirəcək qurum kimi qeydə alınsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

 

Katib Arifə Muxtarova

 

Katib Mikayıl Rəhimov

 

27.01.2020-ci il

 

Azərbaycan.- 2020.- 28 yanvar.- S. 2.