2020-ci il fevralın 9-na təyin edilmiş
Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərdə Mərkəzi Seçki
Komissiyasına daxil olmuş
26 yanvar 2020-ci il tarixli 36 saylı müraciətə
baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar ¹ 15/99
2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə qeydə alınmış namizəd Cavadov Cavad Yusif oğlu 26 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi üzrə qeydə alınmış namizəd Allahverdiyev Elnur Marat oğlunun başqa dövlət qarşısında öhdəliyinin olmasını iddia edərək onun namizədliyinin ləğv edilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Qeydə alınmış namizəd C.Y.Cavadov müraciətində iddia edir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə qeydə alınmış namizəd Allahverdiyev Elnur Marat oğlu Sloveniya Respublikasının Azərbaycanda fəxri konsuludur və bununla əlaqədar o, xarici dövlət qarşısında öhdəliyi olan şəxsdir. Qeyd edilən hal Azərbaycan Respublikasının Konstitusiyasına ziddir və onun namizədliyi ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsində göstərilir ki, başqa dövlətlər qarşısında öhdəliyi olan şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.
Araşdırma prosesində ərizəçinin müraciətində göstərdiyi telefon nömrəsinə edilən zənglərə cavab verilməmiş, həmin telefon nömrəsinə sms göndərilərək iclasa dəvət edilsə də o, komissiyanın iclasına gəlməmişdir.
Araşdırma ilə əlaqədar qeydə alınmış namizəd E.M.Allahverdiyevin Sloveniya Respublikasının Azərbaycan Respublikasındakı fəxri konsul kimi fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə sorğu verilmişdir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsindən daxil olmuş 27 yanvar 2020-ci il tarixli məktubda göstərilir ki, Sloveniya Respublikasının Azərbaycan Respublikasındakı fəxri konsulu E.M.Allahverdiyevə verilmiş K 2055 nömrəli Fəxri Konsul vəsiqəsinin etibarlılıq müddəti 29 dekabr 2019-cu il tarixdə bitmişdir. Bununla bağlı Sloveniya Respublikasının Azərbaycan Respublikasındakı Fəxri Konsulluğu 28 dekabr 2019-cu ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə rəsmi nota ilə müraciət edərək 2020-ci il fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə E.M.Allahverdiyevin namizədliyinin irəli sürülməsi ilə əlaqədar Fəxri Konsul vəsiqəsinin etibarlılıq müddətinin bitdiyi 29 dekabr 2019-cu il tarixdən qeyd olunan şəxsin konsulluq fəaliyyətini dayandırdığını bildirmişdir. Bununla yanaşı, Sloveniya Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi (eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunmuşdur) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə rəsmi nota ilə müraciət edərək E.M.Allahverdiyevin Sloveniya Respublikası qarşısında heç bir öhdəliyinin olmadığını bildirmişdir. Məktuba, həmçinin Sloveniya Respublikasının Azərbaycan Respublikasındakı Fəxri Konsulluğunun notasının və Sloveniya Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin notasının surətləri əlavə edilmişdir.
Araşdırma ilə eyni zamanda müəyyən edilmişdir ki, E.M.Allahverdiyev 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə namizəd kimi 3 yanvar 2020-ci ildə, yəni konsulluq fəaliyyəti dayandırıldıqdan sonra qeydə alınmışdır.
Göstərilənlərə əsasən qeydə alınmış namizəd C.Y.Cavadovun müraciətində qeyd olunanlar təsdiqini tapmadığından müraciət təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə qeydə alınmış namizəd Cavadov Cavad Yusif oğlunun 26 yanvar 2020-ci il tarixli 36 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
27.01.2020-ci il
Azərbaycan.- 2020.- 28 yanvar.- S. 2.