Azərbaycanlı
tələbələr: Zəlzələ bölgəsindən
təxliyə olunmağımıza göstəriş verən
Prezidentimizə minnətdarıq
Türkiyənin zəlzələ baş verən bölgələrindən təxliyə edilən 102 azərbaycanlı tələbə və bir uşaq yanvarın 26-da səhər saatlarından etibarən 3 avtobusla Naxçıvana gətirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, vətəndaşlarımız Naxçıvan Beynəlxalq Hava Limanında qarşılanıb və 15:30-da təyyarə ilə Naxçıvandan Bakıya yola salınıb.
Təxliyə olunanlardan Malatyada təhsil alan Fuad Həsənov bildirib ki, zəlzələdən sonra digərləri kimi, o da yaşadığı yeri tərk edib. Azərbaycana qayıtmaq istəsə də, buna maddi imkanı olmayıb. Lakin sonradan Türkiyədəki səfirliyimizdən tələbələrə zəng edilərək bildirilib ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, onlar heç bir vəsait ödəmədən avtobuslarla Naxçıvana aparılacaq, buradan isə Bakıya yola salınacaqlar. O deyib: "Bizim tələbələrimiz arasında pasportları itən və ya dağıntılar altında qalanları da olub. Oradakı konsulluğumuz bunu nəzərə alıb və həmin tələbələr lazımi sənədlərlə təmin ediliblər. Bizə bu şəraiti yaradan, bizi xilas edən Azərbaycan Prezidentinə minnətdarlığımı bildirirəm”.
Malatyada təhsil alan digər tələbə Mələkxanım Alıyeva da dövlətimizin başçısına minnətdarlığını bildirib. Qeyd edib ki, zəlzələdən sonra hər kəs binalardan uzaq yerlərdə qalmağa üstünlük verib. Havaların şaxtalı keçməsi insanların çətinlik çəkməsinə yol açıb. Türkiyə dövləti və xalqı fəlakətdən zərər çəkənlərə hər cür dəstək göstərir. O, Azərbaycan Prezidentinin ölkə vətəndaşlarının, o cümlədən tələbələrin təxliyə edilməsi barədə göstərişini sevinclə qarşıladığını vurğulayıb. Bunun dövlətimizin vətəndaşlarına verdiyi yüksək dəyərin ifadəsi olduğunu qeyd edib.
Mələkxanım Alıyeva deyib: "Dövlətimizin öz vətəndaşlarını himayəyə götürərək fəlakət bölgəsindən uzaqlaşdırması Azərbaycan Prezidentinin insanlarımıza verdiyi dəyər kimi həmişə yaddaşımızda qalacaq”.
İnönü Universitetinin tələbəsi İlham
Məmmədov da tələbə
yoldaşlarının fikirləri ilə tam
razı olduğunu vurğulayaraq
qeyd edib ki, zəlzələ hər kəs kimi onu da
qorxudub. O deyib:
"Belə vəziyyətlərdə insan
nə edəcəyini, hara gedəcəyini
bilmir. Çünki qorxu, həyəcan buna imkan vermir. Məhz belə
bir vəziyyətdə Prezidentimizin
bizi unutmaması, bizim
təxliyə olunmamız barədə göstəriş verməsi
bizə, sanki yenidən həyat bəxş
etmiş oldu. Səmimiyyətlə
minnətdarlığımı bildirirəm. Dövlətimiz var olsun!”
Azərbaycan.- 2020.- 28 yanvar.- S. 2.