Binəqədi ikinci seçki dairəsi dairə seçki komissiyasında seçkilərə hazırlıq işləri uğurla davam etdirilir

 

Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyət planına müvafiq olaraq yanvarın 27-də 9 saylı Binəqədi ikinci seçki dairəsi dairə seçki komissiyasında məntəqə seçki komissiyasının üzvləri üçün maarifləndirici treninqlərə başlanılıb.

AZƏRTACxəbər verir ki, treninqdə plana uyğun olaraq üç gün ərzində iki mərhələdə 37 məntəqə seçki komissiyasının sədri və komissiya üzvləri olmaqla 222 nəfərin iştirakı nəzərdə tutulur. Treninqin birinci günündə 45 nəfər iştirak edib.

Dairə seçki komissiyasının sədri Həsən Bayramov bildirib ki, müasir Azərbaycanda müstəqil dövlətçilik düşüncəsinin formalaşmasında mühüm rol oynayan institutlardan biriseçki institutudur. Seçki prosesi ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsində böyük rol oynayır. Ona görə də hər dəfə ölkəmizdə keçirilən seçkilər xalq qarşısında hesabat mahiyyəti daşımaqla yanaşı, inkişafın gələcək konturlarını müəyyən edən milli ictimai-siyasi hadisə kimiçox vacibdir.

Sonra Həsən Bayramov Binəqədi rayonunda seçkilərə görülən hazırlıq işləri barədə məlumat verib. O deyib ki, sədrlik etdiyi dairə seçki komissiyası səsvermə prosesinin əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də Seçki Məcəlləsində, Konstitusiyada və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada, təlimata uyğun yüksək səviyyədə keçirilməsini təmin edəcək. Hazırlıq işləri uğurla davam etdirilir. Məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait yaradılıb.

Məntəqə seçki komissiyalarının sədrləri və komissiya üzvləri üçün təşkil edilən maarifləndirici treninqlərin əhəmiyyətindən danışan H.Bayramov deyib ki, treninqlərdə komissiyaların sədrlərinə və üzvlərinə səsvermə günü görüləcək işlərlə bağlı məlumatlar verilir. O bildirib ki, 9 saylı Binəqədi ikinci seçki dairəsi Bakı şəhərinin iri seçki dairələrindən olmaqla əsasən fərdi evlərin yerləşdiyi Xutor, Rəsulzadə qəsəbəsini və 9-cu mikrorayonun bir hissəsini əhatə edir. 37 seçki məntəqəsinin 6-sı Binəqədi (7894 seçici), 31-i isə M.Ə.Rəsulzadə (41648 seçici) bələdiyyəsini əhatə edir. 49 min 542 seçicinin 77 nəfəri ilk dəfə səs verən gənclərdir. Dairədə 80-100 yaşlı seçicilərin sayı 930 nəfərə yaxındır. İki seçicinin yaşı isə 100-dən yuxarıdır.

Dairə seçki komissiyasının katibi Kəmalə Hacıyeva və üzvü Anar Abbasov tərəfindən aparılan treninqlərdə iştirakçılara "Seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri”, "Seçki günü prosesləri və müstəsna hallar", "Səslərin hesablanmasına hazırlıq. Seçki bülletenlərinin təsnifatı. Səslərin hesablanması və yekun protokolun doldurulması", "Səsvermə proseslərinə dair praktiki tapşırıqlar" mövzularında məlumatlar verilir.

Trenerlər tərəfindən aparılan debatlarda treninq iştirakçılarını maraqlandıran suallar cavablandırılır.

 

Azərbaycan.- 2020.- 28 yanvar.- S. 3.