Səhiyyə naziri Azərbaycanda koronavirusa qarşı profilaktik tədbirlərin gücləndirilməsi ilə bağlı əmr imzalayıb

 

Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev "Yeni 2019-nCoV koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əmr respublikada yeni koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə imzalanıb.

Sənəddə tibb müəssisələrində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Həmçinin zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiq edilməsi, tibb personalının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadəsinin təmin olunması, dərman preparatlarının, dezinfeksiyaedici maddələrin, həmçinin tibb personalı üçün fərdi mühafizə vasitələrinin ehtiyatının yaradılması əmrdə öz əksini tapıb.

Eyni zamanda, əmrdə xəstəlik hallarının ölkəyə gətirilməsinin qarşısının alınması məqsədilə xəstəlik baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasında Dövlət Gömrük Komitəsinin və Səhiyyə Nazirliyinin mütəxəssislərinin qarşılıqlı fəaliyyətinin təmin olunması da öz əksini tapıb.

Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən 2019-cu ilin dekabr ayında ilk dəfə olaraq Çinin Yuhan şəhərində naməlum mənşəli pnevmoniyanın törədicisi kimi yeni 2019-nCoV koronavirusu aşkar edilibonun törətdiyi xəstəliyin qeydiyyatına başlanılıb.

2020-ci ilin yanvar ayında xəstəliyin Çində alovlanması və artıq Tailand, Cənubi Koreya, Yaponiya və digər bir sıra ölkələrdə də yayılması halı davam edir.

 

Azərbaycan.- 2020.- 29 yanvar.- S. 5.