“Rəy Monitorinq Mərkəzi” Məhdud Məsuliyyətli
Cəmiyyətinin 2020-ci il fevralın 9-na
təyin edilmiş Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərdə
səsvermə günü “exit-poll” keçirəcək qurum
kimi qeydə alınması barədə
Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
QƏRAR ¹ 16/102
"Rəy Monitorinq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) müraciət edərək 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə səsvermə günü "exit-poll” keçirmək niyyətində olduğunu bildirmiş və bu məqsədlə qeydə alınmasını xahiş etmişdir.
Müraciət akkreditasiya üçün zəruri olan sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş, qanunvericiliklə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparılmış, həmin təşkilatın qeydə alınması üçün hüquqi əsasların olması müəyyən edilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 25.2.23-cü maddəsinə müvafiq olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikasında seçkilərdə "exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları” ilə "exit-poll” keçirmək niyyətində olan qurumların qeydiyyatına dair tələblər müəyyən olunmuşdur. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən "exit-poll” keçirmək niyyətində olan təşkilatların yazılı müraciətlərinə 10 gün müddətində baxılmalı, müraciətlə birgə təqdim olunmuş sənədlər araşdırılmalı və müvafiq təşkilatın akkreditasiyadan keçirilib-keçirilməməsi barədə əsaslandırılmış qərar qəbul edilməlidir.
Təqdim edilmiş sənədlər Qaydaların tələblərinə cavab verdiyindən "Rəy Monitorinq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin akkreditasiyadan keçmək barədə müraciəti təmin olunmalıdır.
Yuxarıda qeyd edilənləri əsas götürərək Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.23-cü, 28.2-ci, 28.4-cü maddələrinə və adı çəkilən Qaydaların 2.3-cü bəndinə əsasən qərara alır:
1. "Rəy Monitorinq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə səsvermə günü "exit-poll” keçirəcək qurum kimi qeydə alınsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
29.01.2020-ci il
Azərbaycan.- 2020.- 30 yanvar.- S. 5.