Tarix İnstitutunun nəşrləri Milli Kitabxanaya təqdim olunub

 

Yanvarın 29-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun 2019-cu ildə nəşr olunmuş kitablarının Azərbaycan Milli Kitabxanasına təqdimetmə mərasimi keçirilib.

Tədbirin təşkilatçıları Mədəniyyət Nazirliyi, Tarix İnstitutu və Azərbaycan Milli Kitabxanasıdır.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Prezident İlham Əliyevin Tarix İnstitutunu ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi adlandırmaqla institut əməkdaşlarının tədqiqat işlərinə çox yüksək qiymət verdiyini qeyd edib. "Bu gün Tarix İnstitutunun nəşrləri türk, ingilis, ərəb, rus, alman, fransız, italyan və digər dillərdə oxunur. Azərbaycan tarix elmi İrəvan xanlığına, Qarabağ və Naxçıvan tarixinə həsr olunan fundamental əsərlərdə erməni saxtakarlığına sarsıdıcı zərbə vurub” deyə Kərim Tahirov vurğulayıb.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxışında bildirib ki, 2019-cu ildə elmi müəssisədə 43 adda yeni kitab nəşr olunub. O qeyd edib ki, ötən il "Azərbaycan Xalq Cümhuriyyətinin siyasi sistemində partiyalarparlament (1918-1920)” (rus dilində), İrəvan xanlığının tarixinə dair 4 adda broşür (ispan və ərəb dillərində), "Real tarix və "böyük Ermənistan” uydurması” (türk, ərəb və fransız dillərində), "Saxtakarların yalançı elmi, yaxud ermənisayağı "tarixi, "Tiflis əmirliyi”, "Azərbaycanın Şəki bölgəsi 1917-1920-ci illərdə”, "Azərbaycanın Zəngəzur bölgəsi 1918-1920-ci illərdə”, "Azərbaycanın Naxçıvan bölgəsi regional hərbi-siyasi proseslərdə (1917-1920)”, "İngiloylar: zorakı xristianlaşdırmaya və gürcüləşdirməyə qarşı mübarizə tarixindən” və digər kitablar çap olunub.

Tarixçi alimlər Güntəkin Nəcəfli, Rəşad Mustafa, Kamran İsmayılov və Şahin Fazil bildiriblər ki, Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son illərdə Tarix İnstitutunda 500-ə yaxın tədqiqat əsəri işıq üzü görüb. İnstitutun arxivi Azərbaycanın ən zəngin fondlarından biridir. Elmi müəssisəyə Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən on minlərlə arxiv sənədi gətirilib.

Sonda Tarix İnstitutu ilə Milli Kitabxana arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, müştərək elmi əsərlər çap ediləcək, birgə elmi layihələr və elmi tədbirlər həyata keçiriləcək, qarşılıqlı olaraq elektron kataloqdan istifadə ediləcək. Həmçinin Milli Kitabxana Tarix İnstitutunun nəşrlərini dünya kitabxanalarına göndərəcək.

 

Azərbaycan.- 2020.- 30 yanvar.- S. 7.