“Azərsu” ASC-nin sədri Ağcabədidə vətəndaşları
qəbul edib
Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2020-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseynov Ağcabədi şəhərində Ağcabədi və Laçın rayonlarının sakinlərini qəbul edib.
ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbuldan əvvəl Q.Hüseynov və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi düzərək əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Ağcabədi şəhərindəki 5 saylı Regional Sukanal İdarəsinin inzibati binasında keçirilən qəbulda Ağcabədi və Laçın rayonlarından 53 nəfər iştirak edib. Vətəndaşların müraciətləri içməli su təchizatı və kanalizasiya xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub.
Hər bir vətəndaşı dinləyən "Azərsu” ASC-nin sədri müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Sakinlər bölgələrdə
vətəndaşların qəbulu və müraciətlərinə
baxılması üçün rahat və əlverişli şərait
yaradılmasından razılıqlarını dilə gətirərək
göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə
minnətdarlıqlarını bildiriblər.
Azərbaycan.- 2020.- 30 yanvar.- S. 7.