Seçki hazırlığı davam edir
33 saylı Xətai
birinci seçki dairəsində
müşahidələrimiz göstərdi ki,
seçkilərin demokratik və şəffaf
keçirilməsi tam təmin olunacaq
Vətəndaşların cəmiyyətin siyasi-ictimai həyatında iştirakının ən kütləvi forması seçkilərdir. Dövlətin idarə edilməsində vətəndaşların iştirak hüquqları əsas etibarilə seçki vasitəsilə reallaşır. Seçkilərin əsas şərti isə ədalət, aşkarlıq, şəffaflıq və obyektivlikdir. Demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini bəyan etmiş Azərbaycan xalqı da hakimiyyətin formalaşdırılmasının yeganə yolunu məhz demokratik seçkilərdə görür.
Hazırda respublikamız növbəti mühüm siyasi kampaniyaya start verib. Fevralın 9-da Milli Məclisə seçkilər keçiriləcək. Seçkilərin yüksək səviyyədə, ölkənin seçki qanunvericiliyinə və beynəlxalq standartlara uyğun şəkildə baş tutması üçün Mərkəzi Seçki Komissiyası tərəfindən nəzərdə tutulan hazırlıq işlərinin böyük qismi artıq yekunlaşıb. Seçici siyahılarının dəqiqləşdirilməsi başa çatdırılıb, səsvermə məntəqələri lazımi avadanlıqlarla təchiz olunaraq tam hazır vəziyyətə gətirilib, xarici və yerli müşahidəçilərin seçkini izləmələri üçün bütün lazımi şərait yaradılıb. Hazırda qeydə alınmış namizədlər təbliğat və təşviqatla məşğuldurlar.
33 saylı Xətai birinci seçki dairəsində həm dairə seçki komissiyasında, həm də məntəqə seçki komissiyalarında gördüklərimiz hazırlıq işlərinin, bütövlükdə seçki prosesinin Mərkəzi Seçki Komissiyasının Təqvim Planına uyğun davam etdiyini təsdiq edir.
Qeyd edək ki, bu seçki dairəsi bütün seçkilərdə seçicilərin yüksək fəallığı ilə fərqlənib. Dairə seçki komissiyasına gəlişimiz məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlərin keçirildiyi vaxta təsadüf etmişdi. Dairə Seçki Komissiyasının sədri Əlibaba Bayramovun sözlərinə görə, bu seçki dairəsindən Milli Məclis deputatı seçilmək uğrunda 12 namizəd mübarizə aparır. Onlardan 3-nün namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülüb. 8 nəfər isə öz təşəbbüsü ilə və ya bitərəf kimi seçki marafonuna qatılıb. Namizədlərdən 3-ü qadındır.
Qeyd edək ki, bu seçki dairəsində 47614 seçici qeydə alınıb. Onlar dairə üzrə 39 seçki məntəqəsində öz səslərini verəcəklər. Dairə üzrə ən yaşlı seçici isə 110 yaşlı Nazdı İsaq qızıdır.
Görüşlərimiz zamanı onu da bildirdilər ki, həm dairə, həm məntəqə seçki komissiyalarının sədrlərinin və üzvlərinin maarifləndirilməsi üçün MSK tərəfindən mütəmadi olaraq treninqlər keçirilir, seçkilərə hazırlıq və səsvermə günü görüləcək işlər təlimata uyğun olaraq onlara ətraflı izah edilir. Hazırda məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün treninqlər davam edir. Bu treninqlər komissiya üzvlərinin seçki təcrübəsinin artırılmasında, həm də seçicilərin fəallığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdə mühüm əhəmyyət kəsb edir.
Öyrəndik ki, 33 saylı seçki dairəsi üzrə bütün seçki məntəqələrində texniki təchizat yüksək səviyyədədir. İllər öncə bütün məntəqələr yüksək səviyyədə təmir olunub. Bu proses sonrakı illərdə də davam etdirilib. Həmçinin darısqal və şəraiti pis olan seçki məntəqələrinin yerinin dəyişdirilməsi daim diqqət mərkəzində olub. Son bələdiyyə seçkilərindən də sonra bütün seçki məntəqələrinə növbəti dəfə baxış keçirilib. Hazırda parlament seçkiləri ilə əlaqədar olaraq məntəqələrin hər biri seçkiyə aid olan zəruri əşyalarla - səsvermə kabinələri, qutular, seyf ilə təchiz olunub. Onlar fasiləsiz elektrik enerjisi, telefon və internetlə təmin edilib. Seçki məntəqələrinin təmiri isə daim diqqət mərkəzində olduğundan dairə üzrə bu sahədə vəziyyət təqdirəlayiqdir.
Müşahidələrimiz zamanı məlum oldu ki, seçki məntəqələrinə seçici siyahılarının asılması üçün müasir standartlara cavab verən lövhələr də verilib. O cümlədən bütün seçki məntəqələrinə yaxın ərazilərdə təşviqat lövhələri yerləşdirilib. Bundan başqa, namizədlərin təbliğat və təşviqatı üçün münbit şərait yaradılıb.
33 saylı seçki dairəsi üzrə seçki məntəqələrinin 10-da veb-kameralar quraşdırılıb. Bu kameralar vasitəsilə dünyanın istənilən nöqtəsindən seçkinin gedişatını internetdən izləmək mümkün olacaq. Dairə üzrə seçkini izləmək üçün isə indiyədək 746 nəfər müşahidəçi qeydə alınıb.
Seçkilər hər bir xalqın tarixində mühüm rol oynayan, onun gələcək inkişaf yolunu müəyyənləşdirən mühüm siyasi proses kimi xarakterizə olunur. Bu prosesin məntiqi yekunu olaraq da hər bir xalq öz taleyini inandığı, etibar etdiyi siyasi qüvvə və şəxslərlə bağlayır. 33 saylı Xətai birinci seçki dairəsindəki müşahidələrimiz göstərdi ki, parlament seçkilərinin demokratik, ədalətli və şəffaf keçirilməsi tam təmin olunacaq.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.- 2020.- 31 yanvar.- S. 1;
4.