Vaşinqtonda dondurulmuş münaqişələr və Ermənistanın işğalçı siyasəti müzakirə olunub

 

Vaşinqtonda "Demokratiyanı Müdafiə FonduAnalitik Mərkəzinin dondurulmuş münaqişələrə və bu münaqişələrə cəlb edilmiş tərəflərə münasibətdə dövlətlərin və beynəlxalq təşkilatların ikili standartlarına həsr olunmuş yeni məruzəsinin müzakirələri keçirilib.

AZƏRTAC xəbər verir ki, Fondun vitse-prezidenti Conatan Şanzerin moderatorluq etdiyi tədbirdə məruzə müəllifləri – Mərkəzi Asiya və Cənubi Qafqaz İnstitutunun və "İpək Yolu” Araşdırmalar Proqramının direktoru Svante Kornel və beynəlxalq münasibətlər sahəsində ekspert, Corctaun İnstitutunun professoru Brenda Şaffer çıxış ediblər.

Onlar bildiriblər ki, uzunsürən münaqişələrə cəlb edilmiş ərazilər barəsində siyasətin işlənib hazırlanması hökumətlərin, şirkətlərin və qeyri-hökumət təşkilatlarının daimi problemidir. Dünyada xeyli mübahisəli ərazi və işğal zonası olduğuna görə hər hansı bir münaqişə barəsində siyasətin işlənib hazırlanması zamanı belə bir sual ortaya çıxır: başqa münaqişələrə də analoji siyasət tətbiq edilə bilərmi? Müxtəlif növ siyasətlərin yeridildiyi yerdə sual yaranır: bu fərqlər hansı prinsip üzərində qurulur, yaxud hansı məqsədləri güdür?”.

Ekspertlər bildiriblər ki, Avropa Məhkəməsinin bu yaxınlarda çıxardığı qərara görə, Avropa İttifaqına gətirilən və İordan çayının Qərb sahilindəki yəhudi məskənlərində istehsal edilən mallar olduğu kimi dəqiq göstərilməlidir. Bununla belə, nə Avropa Məhkəməsi, nə də Avropa İttifaqı digər işğal zonalarından, o cümlədən Azərbaycanın Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ regionundan olan mallar barəsində analoji siyasət tətbiq etməyib.

Ərazi münaqişələri bütün tarixboyu olub. Lakin əsas prinsipləri sərhədlərin toxunulmazlığı və onların dəyişdirilməsi üçün güc tətbiqinin yolverilməzliyi olan Birləşmiş Millətlər Təşkilatının yaradılması uzunsürən münaqişələrin çoxalmasına gətirib çıxarıb. Əvvəllər işğal edilmiş ərazi üzərində uzunmüddətli nəzarət bu ərazi üzərində üstünlüyü olan dövlətin iddialarının qəbul olunmasını mümkün edirdi. Hazırda BMT belə iddiaların qəbul edilməsinə mane olur, amma əvvəlki kimi status-kvoya əhəmiyyətli dərəcədə təsir göstərə bilmədiyinə görə, belə əraziləri uzun müddət qeyri-müəyyən vəziyyətdə saxlayır.

Problem təkcə bunda deyil ki, BMT, Birləşmiş Ştatlar, Avropa İttifaqı, özəl korporasiyalar və QHT-lər son dərəcə məntiqsiz hərəkət edirlər. Məsələ bundadır ki, onların siyasəti selektivdirçox vaxt qərəzli münasibəti üzə çıxarır. Bu da beynəlxalq münasibətlər sistemində daha dərin problemlərin olduğunu göstərir.

KornelŞaffer bildiriblər ki, hazırda bəzi işğalçı dövlətlər işğal edilmiş ərazilərə nəzarət etdiklərini həmin ərazilərdə oyuncaq rejimlər yaratmaq vasitəsilə pərdələməyə çalışırlar. Rəsmi Yerevanın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda qurduğu oyuncaq rejim bunun bariz nümunəsidir. Bu oyuncaq rejimlər beynəlxalq birlik tərəfindən tanınmasa da, onların muxtariyyətinin imitasiyası işğalçı dövlətə fayda gətirir. Bundan fərqli olaraq, ərazi mübahisəsində öz bilavasitə rolunu etiraf edən ölkələr, bir qayda olaraq, işğal edilmiş ərazilərə oyuncaq rejim yaratmaq vasitəsilə nəzarət edən dövlətlərdən daha çox xarici təzyiqlə üzləşirlər.

Müzakirələr zamanı qeyd edilib ki, Azərbaycanın Dağlıq Qarabağ regionunun və ətraf rayonlarının işğalına gəldikdə isə bütün azərbaycanlı əhali həmin ərazilərdən qovulub. B.Şaffer deyib ki, 700 mindən çox etnik azərbaycanlı erməni silahlı qüvvələri tərəfindən öz doğma yurd-yuvasından didərgin salınıb, onların əmlakı isə bu günədək istifadə olunur. Faktlara əsaslanan hesabatda o da bildirilir ki, Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları, hələ Sumqayıt hadisələrindən əvvəl azərbaycanlıların Ermənistandan qovulmasının birinci fazası ilə başlayıb.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ilin aprel-noyabr aylarında Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalını pisləyən, erməni silahlı qüvvələrinin həmin ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını və məcburi köçkün azərbaycanlıların doğma torpaqlara qaytarılması üçün şəraitin yaradılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. BMT Baş Assambleyası 2008-ci ilin martında 62/243 nömrəli qətnamə qəbul edərək, beynəlxalq birliyin Təhlükəsizlik Şurasının qətnamələrində ifadə olunmuş mövqeyini bir daha təsdiq edib. BMT Təhlükəsizlik Şurasının bu qətnamələri əsasında müxtəlif ölkələrin qanunverici orqanları və beynəlxalq təşkilatlar tərəfindən erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən onlarca qətnamə qəbul edilib.

 

Azərbaycan.- 2020.- 31 yanvar.- S. 3.