MSK-nın nəzdindəki
Mətbuat Qrupunun yeni
tərkibdə ilk iclası keçirilib
Yanvarın
30-da Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət
göstərən Mətbuat Qrupunun yeni tərkibdə ilk
iclası keçirilib
AZƏRTAC
xəbər verir ki, iclası MSK-nın üzvü, Mətbuat
Qrupunun rəhbəri Qabil Orucov açıb.
O
qeyd edib ki, qrupun yaradılmasında əsas məqsəd
KİV-də seçkiqabağı təşviqatın
aparılması qaydalarına əməl olunmasına nəzarət
etməkdir. Q.Orucov bildirib ki, qrupun fəaliyyəti MSK tərəfindən
qəbul edilmiş müvafiq əsasnamə ilə tənzimlənir.
"Bizim
əsas vəzifəmiz daxil olan müraciətlərə
baxaraq onları müzakirə üçün MSK-nın
iclasına təqdim etməkdir. Mətbuat qrupunun bu
toplantısının məqsədi bəzi məsələləri
müzakirə etməkdir. Qeyd edim ki, seçki qanunvericiliyi
sosial media ilə bağlı məsələləri tənzimləmir.
Bu gün mən istərdim ki, əsasən sosial şəbəkələrdən
istifadə etməklə seçkiqabağı təşviqat
aparmaq istəyi ilə əlaqədar bəzi məsələləri
müzakirə edək. Burada tənzimedici mexanizmlərin
olmaması o demək deyil ki, sosial mediada məsuliyyət nəzərə
alınmamalıdır. Artıq sosial şəbəkələr
araşdırma zamanı istifadə olunan əsas mənbələrdəndir.
Qanun həm əməl etmək, həm də hörmət etmək
üçündür. Yəni, seçkili orqanda təmsil
olunmaq istəyən şəxs qanuna həm əməl, həm
də hörmət etməlidir”,- deyə MSK üzvü əlavə
edib.
Q.Orucov
deyib ki, özünü bloger adlandıran şəxslər
seçkiqabağı təşviqat zamanı müxtəlif
istiqamətlər üzrə fəaliyyət aparırlar.
Müəyyən çatışmazlıqları ortaya
çıxarmaq, təxribatçı fəaliyyət göstərmək
istəyənlər də var. "Bəzən belə
halların şahidi oluruq ki, bir namizəd digər namizəd
barədə sosial media vasitəsilə müəyyən fəaliyyətlər
həyata keçirir. Biz burada, ilk növbədə,
qanunvericiliyin tələblərini başa düşməliyik.
Ümumiyyətlə, seçkiqabağı təşviqat necə
aparılmalıdır? Namizəd öz təşviqat
hüququnu digər namizədin fəaliyyətini qiymətləndirmək
istiqamətində reallaşdırmalıdırmı? İstərdim
ki, bu kimi məsələlər ətrafında müzakirələr
aparaq”, - deyə o vurğulayıb.
Seçki
Məcəlləsinin 88-ci maddəsində aydın şəkildə
yazılıb ki, seçkiqabağı təşviqatda
sui-istifadəyə yol verilmir. Məcəllədə göstərilir
ki, sosial, irqi, milli, dini nifrət və düşmənçilik
yaradan təşviqata yol verilmir. Bu məqamlar cinayət
qanunvericiliyinin təsiri altına düşür. İnzibati
və mülki qanunvericiliyin təsiri altına düşən
fəaliyyətlər də ola bilər.
Q.Orucov
bildirib ki, namizədlərin bərabərlik statusunun təmin
olunması azad rəqabət mühitinin
yaradılmasının əsas prinsiplərindən biridir.
Namizədlərin bərabərlik statusu təmin edilməlidir.
Namizəd tərəfindən digər bir namizədin şərəf
və ləyaqətinin alçaldılmasına yönələn
fəaliyyət qanunla qadağan olunur. Əgər bir namizədin
əleyhinə hər hansı fəaliyyət olursa, digər
namizədə öz hüquqlarını müdafiə etmək
üçün də şərait yaradılmalıdır.
Q.Orucov
hələlik qrupa müraciətin daxil
olmadığını deyib. MSK-nın və Mətbuat
Qrupunun üzvü Fuad Cavadov sosial medianın günbəgün
artan rolundan danışaraq bildirib ki, bu,
günümüzün reallığıdır.
Görürük ki, zaman keçdikcə sosial şəbəkələr
vasitəsilə seçkiqabağı təşviqat
aparılmasına daha çox yer verilir.
MSK-nın
və Mətbuat Qrupunun üzvü Almas Qəhrəmanlı
ünvanlanan suala cavabında qeyd edib ki, təhqir və
böhtan istənilən halda cinayət məsuliyyəti
yaradır.
"Ödənişsiz
təşviqata qoşulan media qurumunda böhtan xarakterli məlumat
yayılırsa, həmin qurumun birbaşa vəzifəsidir ki,
digər namizədə də şərəf və ləyaqətini
qorumaq üçün şərait yaratsın və təkzib
versin”,- deyə A.Qəhrəmanlı vurğulayıb.
Azərbaycan
Mətbuat Şurası sədrinin müavini, MSK nəzdindəki
Mətbuat Qrupunun üzvü Müşfiq Ələsgərli
isə bildirib ki, sosial şəbəkələr
dünyanın heç bir ölkəsində tənzimlənmir.
2016-cı
ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə
belə bir əlavə edildi ki, harada olmasından asılı
olmayaraq, təhqir və böhtan cinayət məsuliyyəti
yaradır. Amma bunun namizədlərə aid
olub-olmadığı aydın deyil. Yaxşı olar ki, namizədlərlə
bağlı standartlar nəzərdə tutulsun. Sosial şəbəkələrə
gəlincə, hansısa mexanizmlərin tətbiq olunması
uğurlu praktika deyil.
Sonda
Mətbuat Qrupunun üzvləri KİV-də
seçkiqabağı təşviqatın aparılması
qaydaları ilə bağlı müxtəlif məsələlər
ətrafında geniş müzakirə aparıb və
ünvanlanan suallar cavablandırılıb.
Azərbaycan.- 2020.- 31 yanvar.- S. 4.