2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 28 yanvar 2020-ci il tarixli 38 saylı müraciətə baxılması barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 17/107

 

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 57 saylı Kürdəmir seçki dairəsi üzrə qeydə alınmış namizəd İbrahimova Gülzar İsaxan qızı 2020-ci il yanvarın 28-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək seçkiqabağı təşviqatın aparılması zamanı onun hüquqlarının pozulmasını iddia etmiş, bu pozuntuların araşdırılmasını və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Müraciətin araşdırılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvünə həvalə edilmişdir. Müraciətlə bağlı əlavə araşdırmanın zəruri olması ilə əlaqədar ekspert qrupunun üzvü tərəfindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-1.10-cu maddəsinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 7.8-ci bəndinə uyğun olaraq araşdırma müddətinin artırılması barədə vəsatət qaldırılmışdır.

Vəsatət onunla əsaslandırılmışdır ki, müvafiq qərar qəbul edilməsi üçün müraciətdə göstərilən halların tam, hərtərəfli və obyektiv araşdırılması, üzrə zəruri olan bütün sübutların əldə edilməsi üçün dairə seçki komissiyasının da araşdırmaya cəlb edilməsi məqsədilə araşdırma müddətinin artırılması zəruridir.

Vəsatət əsaslı olduğundan təmin edilməli, əlavə araşdırılma aparılması üçün müddət 3 gün artırılmalıdır.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci və 112-1.10-cu maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 9.6-cı bəndinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 57 saylı Kürdəmir seçki dairəsi üzrə qeydə alınmış namizəd İbrahimova Gülzar İsaxan qızının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 28 yanvar 2020-ci il tarixli 38 saylı müraciətinin araşdırılması müddəti 3 gün artırılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

 

Katib Arifə Muxtarova

 

Katib Mikayıl Rəhimov

 

30.01.2020-ci il

 

Azərbaycan.- 2020.- 31 yanvar.- S. 4.