Audit və yeni dövrün
çağırışları
Aprelin 5-də Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətə başlamasından 25 il ötür. Ölkə auditorları üçün çox əlamətdar olan bu ildönümü ilə əlaqədar Azərbaycan auditinin keçdiyi inkişaf yolundan söz açmazdan əvvəl sonsuz minnətdarlıqla qeyd etməyi vacib sayırıq ki, hamımızda Vətənimizin bu günü və sabahı üçün iftixar hissi doğuran bütün nailiyyətlər kimi, 1996-cı il aprelin 5-də “Auditor xidməti haqqında” qanunun qəbul edilməsi və bunun əsasında ölkədə audit sisteminin formalaşıb bərqərar olması da bilavasitə Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycanda
mükəmməl maliyyə nəzarəti sisteminin
yaradılması və mövcud nəzarət mexanizmlərinin
bazar iqtisadiyyatının xüsusiyyətlərinə
uyğunlaşdırılması Ulu Öndərimizin dövlət
quruculuğu siyasətində daim diqqət mərkəzində
saxlanılan məsələlərdən biri olmuşdur. Bu yerdə Azərbaycan
cəmiyyətində şəffaflığın bərqərar
olunması sahəsində “İstehsal,
xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin
qaydaya salınması və əsassız
yoxlamaların qadağan edilməsi barədə”
1996-cı il 17 iyun tarixli fərman və “Azərbaycan
Respublikasında iqtisadi cinayətkarlığa
qarşı mübarizə sahəsində bəzi tədbirlər
haqqında” 1998-ci il 27 yanvar
tarixli sərəncam xüsusi
qeyd olunmalıdır.
Azərbaycan
Respublikasının müstəqil, demokratik inkişaf yoluna qədəm
qoymasından sonra ölkədə həyata keçirilən
radikal iqtisadi islahatlar və idarəetmə sisteminin təkmilləşdirilməsi,
xəzinədarlıq sisteminin yaradılması, nazirlik, komitə
və başqa mərkəzi icra hakimiyyəti orqanlarında
mövcud olan nəzarət-təftiş qurumlarının ləğvi,
dövlət orqanlarına onların öz səlahiyyətlərinə
aid olmayan yoxlamalar aparılmasının qadağan edilməsi
və bu istiqamətdə ardıcıl şəkildə həyata
keçirilən digər məqsədyönlü tədbirlər
ölkədə beynəlxalq standartlara cavab verən maliyyə
nəzarəti sisteminin qurulmasını zərurətə
çevirdi və maliyyə nəzarətinin bütün
dünyada geniş yayılmış, mütərəqqi
forması olan auditin (auditor xidmətinin) Azərbaycanda da tətbiqi
həyati tələbata döndü. Məhz
bu baxımdan “Auditor
xidməti haqqında” qanunun qəbul
olunması və Auditorlar
Palatasının yaradılması Ümummilli
Lider Heydər Əliyevin demokratik
dünya dəyərlərinə sədaqətinin,
bazar iqtisadi
infrastrukturları sistemində auditə verdiyi
dəyər və əhəmiyyətin parlaq
təzahürü idi.
Ölkəmizdə
auditin yaranması və bərqərar olması Azərbaycan
xalqının Ulu Öndəri Heydər Əliyevin,
inkişafı və beynəlxalq arenaya çıxması isə
Prezident İlham Əliyevin adı ilə bağlıdır. Çünki dünyanın heç bir ölkəsində belə mükəmməl
hazırlanmış uzunömürlü,
beynəlxalq maliyyə qurumları və xarici həmkarlarımız
tərəfindən yüksək dəyərləndirilmiş
və dünyada getdikcə model qanun səviyyəsində
qəbul edilməyə başlamış nə audit qanunvericiliyi var, nə də dövlət və ya hökumət başçısı səviyyəsində
göstərilən diqqət və qayğı. Bunun bariz nümunəsi kimi Auditorlar Palatasının üzvləri və əməkdaşlarının
yüksək dövlət təltiflərinə layiq görülməsi ölkə
auditorlarını bir daha
ruhlandırmaqla bərabər, üzərimizə düşən
vəzifələri yeni dövrün
çağırışları tələbindən daha məsuliyyətlə işləməyə
sövq edir.
Azərbaycanda
auditin keyfiyyətcə yeni inkişaf mərhələsi
2003-cü ildən indiyə qədərki dövrü əhatə
edir. Məhz bu
dövrdə auditin hüquqi
qanunvericilik bazası təkmilləşdirilmiş,
audit ölkənin iqtisadi
və ictimai həyatında möhkəmlənmiş,
Azərbaycan auditinin beynəlxalq qurumlar tərəfindən tanınması və
xarici əlaqələrinin güclənməsi
baş vermişdir və
bu sahədə iş
indi də davam etdirilməkdədir.
Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan
Respublikasının iqtisadiyyatı inkişaf etdikcə və
onun dünya təsərrüfat sisteminə inteqrasiyası
gücləndikcə iqtisadi-maliyyə münasibətlərində
şəffaflığın təmin olunmasında, iqtisadi
cinayətkarlığa və korrupsiyaya qarşı mübarizədə
auditin imkanlarından istifadə etmək zərurəti
yaranır. Bunun üçün müstəqil
maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək
və milli iqtisadiyyatın xüsusiyyətlərini
nəzərə almaqla ölkəmizdə
tətbiqini genişləndirmək çox
vacibdir. Çünki
audit sisteminin beynəlxalq
təcrübə və standartlar əsasında
təkmilləşdirilməsi ölkə iqtisadiyyatında
maliyyə şəffaflığını, büdcə vəsaitlərindən
təyinatına uyğun istifadəni təmin
etməklə Azərbaycanın iqtisadi
qüdrətinin möhkəmləndirilməsinə xidmət edir.
Azərbaycanın
uzunmüddətli dövrdə dayanıqlı və
tarazlı inkişafının təmin edilməsində sərmayələrin
cəlb edilməsi xüsusi əhəmiyyət kəsb edir. Özəl sərmayələrin dəstəyinə
nail olmaq əlverişli
sərmayə mühitinin
yaxşılaşdırılması, şəxsi mülkiyyətin qorunması və korporativ
idarəetmənin təkmilləşdirilməsi, mülkiyyət
formasından asılı olmayaraq bütün sərmayədarlar üçün
daha əlverişli rəqabət mühitinin yaradılması, sərmayə fəaliyyətinin
normativ hüquqi
bazasının daha da
təkmilləşdirilməsi, sərmayə
axınının qeyri-neft sektorunun və regionların inkişafına
yönəldilməsi ölkə Prezidentinin
iqtisadi siyasətində prioritet
məsələlərdir. Həmçinin Azərbaycanın tranzit ölkə kimi
potensialının gücləndirilməsinə, müasir texnologiyaların ölkəmizə gətirilməsinə
və informasiya-telekommunikasiya sistemlərinin
inkişafına xüsusi önəm verilir.
Belə
şəraitdə ölkəmizdə uğurla həyata
keçirilən islahatlar kontekstində iqtisadi inkişafın
sürətləndirilməsi və onun səmərəliliyinin
yüksəldilməsi, resurslardan səmərəli istifadənin
təmin olunması, bu məqsədlə bütün növ məsrəflərin
və əldə edilmiş nəticələrin uçotunun
düzgün qurulması, istehsal proseslərinin və əldə
edilən nəticələrin hərtərəfli təhlili və
onların hesabatda doğru-düzgün əks etdirilməsi və
mövcud nəzarət və hesabatlılıq sisteminin təkmilləşdirilməsi
iqtisadi inkişafın təminatverici bir amili kimi diqqət
çəkir.
Son illərdə ölkəmizə mühasibat uçotunun və hesabatlığın islahatına, auditin və maliyyə nəzarətinin beynəlxalq standartlara uyğun qurulmasına xüsusi diqqət yetirilməsi də müəyyən mənada bu amillə əlaqədardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə desək: “Biz bütün maliyyə sistemində şəffaflığı təmin etməliyik və belə olan halda, Azərbaycanda həm korrupsiyanın aradan qaldırılması məsələsi öz həllini tapa bilər, həm də xərclər Azərbaycanın iqtisadiyyatının inkişafına daha məqsədyönlü şəkildə xidmət göstərə bilər”. Bu istiqamətdə həyata keçirilən tədbirlərin əsas qayəsi Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasını, beynəlxalq mühasibat və uçot standartlarının və beynəlxalq audit standartlarının ölkəmizdə reallaşmasına zəmin yaratmaqdan ibarətdir.
Fəaliyyət
göstərdiyi ilk illərdən etibarən Auditorlar
Palatasının çoxşaxəli fəaliyyətində
mühüm yer tutan təbliğat və nəşr işləri
də həm sahibkarlıq fəaliyyətinin bir növü
olan auditor xidmətinin təbliğinə, dövlətin
maliyyə-iqtisadi fəaliyyətinin həyata keçirilməsi,
iqtisadi demokratiyanın genişləndirilməsi və ölkədə
maliyyə şəffaflığının bərqərar
edilməsi vəzifələrinin həllində auditin yeri və
rolu barədə dolğun təsəvvürlərin
formalaşmasına, cəmiyyət tərəfindən auditin
idarəetmə prosesində nəzarət-analitik infrastruktur
kimi qəbul edilməsinə yardımçı olmaq, həm
də auditor kadrlarının hazırlanması və
onların peşə-ixtisas səviyyəsinin, auditor peşəsinin
nüfuzunun yüksəldilməsinə kömək etmək məqsədi
güdür.
Azərbaycanda
auditin 25 illik inkişaf təcrübəsi audit sistemində bəzi
məsələlərin də təxirə salınmadan həllini
zəruri edir. Belə ki,
bazar infrastrukturu olmaq etibarilə milli
iqtisadiyyatın, ilk növbədə
sahibkarlığın inkişafına töhfəsini daha da artırmaq üçün auditor
xidmətinin daha geniş
anlamda qəbul edilməsi, həmin
anlayışa sifarişçilərə iqtisadi
strategiyaya dair məsləhət
və tövsiyələr verməkdən tutmuş
optimallaşdırma məsələlərinə qədər
əhatəli bir xidmət sahəsinin daxil edilməsi tələb olunur.
Beynəlxalq audit praktikasında istifadə
olunan fəaliyyət növlərinin və
metodlarının geniş tətbiqi
ölkəmizdə auditin təşkilinin
əsas istiqamətləri kimi mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, Azərbaycanda
auditin dünya
standartları səviyyəsində təşkili ona yalnız mühasibat uçotu kontekstində baxılmasını yox, idarəetmə prosesində nəzarət-analitik
infrastruktur elementi kimi qəbul olunmasını tələb edir.
Müasir şəraitdə Azərbaycanın innovativ iqtisadiyyatında auditin inkişaf xüsusiyyətlərinin öyrənilməsi, keyfiyyətli uçot və auditin formalaşdırılması problemlərinin, onların həlli yollarının aşkara çıxarılması böyük rol oynayır. Bunu nəzərə alaraq Azərbaycan Respublikasının Auditorlar Palatası 2019-cu ildə Auditin innovativ inkişafının əsas istiqamətləri üzrə konsepsiya işlənib hazırlanmış və həmin konsepsiyanın tətbiqinə başlanmışdır.
İqtisadiyyatımızın
davamlı və səmərəli inkişafı, rəqabətqabiliyyətliliyin
yüksədilməsi ilə bərabər sosial və iqtisadi
innovasiyanın genişləndirilməsi, qabaqcıl informasiya
və kosmik texnologiyaların tətbiqi ölkəmizi nəinki
regional liderə çevirmiş, həm də getdikcə
dünyada şiddətlənən qlobal risklər və
iqtisadi-maliyyə böhranlarına rəğmən
iqtisadiyyatımızın davamlı inkişafına zəmin
yaratmışdır. Təbii ki, bu uğurun
qazanılmasında Azərbaycan Prezidentinin
böyük ustalıqla və uzaqgörənliklə
reallaşdırdığı fəal çoxvektorlu,
bərabər parnyorluq prinsiplərinə əsaslanan
xarici və daxili siyasəti
müstəsna əhəmiyyətə malikdir.
Məhz bu baxımdan müasir şəraitdə digər sahələrdə
olduğu kimi, auditdə
və hesabatlılıqda ən cəlbedici müzakirə obyektlərindən
biri də qabaqcıl texnologiyaların və
süni intellektin
üstünlüklərindən istifadə,
düşünülməmiş qəfil tətbiqinin isə
fəsadlarının neytrallaşdırılması təşkil
edir.
Prezident
İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə
uğurla reallaşdırılan iqtisadi islahatlar, o cümlədən
sahibkarlığın inkişafı ilə bağlı
dövlət proqramlarının həyata keçirilməsi, əhalinin
həyat səviyyəsinin yüksəldilməsi, kölgə
iqtisadiyyatının azaldılması və korrupsiyaya
qarşı mübarizənin gücləndirilməsi, idarəetmə
sistemində və bütövlükdə iqtisadi-sosial həyatda
şəffaflıq amilinə xüsusi önəm verilməsi
Azərbaycanda dayanıqlı və inklüziv iqtisadiyyatın
durmadan inkişaf etməsi üçün zəmin
yaradır. Belə şəraitdə sosial-iqtisadi
islahatların mühüm amillərindən
biri olan şəffaflığın
təmin edilməsi istiqamətində müstəqil audit də özünəməxsus rol oynamaqdadır.
Azərbaycan
auditinin əldə etdiyi uğurlar, onun, Prezidentin sözləri
ilə desək, Azərbaycanın iqtisadi qüdrətinin
möhkəmləndirilməsinə xidmət etməsi ölkəmizdə
auditin inkişafına güclü siyasi dəstəyin
mövcudluğu ilə əlaqədardır. Bununla belə, Azərbaycanda müstəqil auditin qarşısında duran
problemlər yeni dövrün
çağırışları nəzərə
alınmaqla müasir və dünya təcrübəsinə əsaslanan
yanaşmanın tətbiqini ön plana çəkir.
Auditorlar
Palatası tərəfindən hazırlanan 2021-2030-cu illəri
əhatə edəcək auditin üçüncü
inkişaf konsepsiyası Azərbaycanda auditor fəaliyyətinin
müasir vəziyyəti və onun inkişafına mane olan əsas
problemlər, auditor xidmətinin keyfiyyət problemləri,
auditor fəaliyyətində şəffaflığın
artırılması, dempinq, haqsız rəqabət və
korrupsiyaya qarşı mübarizə auditor xidmətlərinə
tələbatın və ictimai etimadın yüksəldilməsini,
eləcə də qabaqcıl xarici təcrübənin tətbiqi
və beynəlxalq peşəkar qurumların fəaliyyətində
milli auditin iştirakının genişləndirilməsini, rəqəmsal
iqtisadiyyat şəraitində auditor fəaliyyətində
innovasiyaların tətbiqi istiqamətlərini (konseptual əsasları),
auditor kadrlarının peşəkarlıq səviyyəsinin
yüksəldilməsini, auditor xidməti bazarında tənzimləmə
və təşkilin inkişaf istiqamətlərini, auditor fəaliyyətinin
normativ hüquqi təminatının
yaxşılaşdırılmasını və 2030-cu ilə
qədər Azərbaycanda auditor fəaliyyətinin
inkişafının konseptual istiqamətlərini özündə
əks etdirir.
Bu konsepsiyanın məqsədi yalnız şəffaflıq, hesabatlılıq və audit sahəsində üzləşdiyimiz ciddi və bəzən də gözlənilmədən meydana çıxan çətinliklər və problemlərin həllinə reaksiya vermək yox, daha çox gələcəkdə yarana biləcək problemlərin qarşısını almaq üçün konseptual yanaşmanı təmin etməkdir. Başqa sözlə, biz qarşımıza statik tədbirlərin hazırlanmasını yox, dinamik, çevik və gələcəyə hesablanmış tövsiyə və proqramların müəyyən edilməsini məqsəd qoymuşuq.
Konsepsiyada
ehtiva olunan əsas istiqamətlərin
reallaşdırılması, ölkənin qanunvericilik
aktlarına müvafiq dəyişikliklərin edilməsi, zəruri
tənzimləyici aktların işlənib hazırlanması və
nəşri, kompleks təşkilati, təhsil, maarifləndirmə,
informasiya təminatı üzrə tədbirlərin həyata
keçirilməsi vasitəsilə nəzərdə tutulur.
Azərbaycanda
kölgə iqtisadiyyatının azaldılmasına dair Yol Xəritəsi
Prezident İlham Əliyevin ölkədə kölgə
iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi,
şəffaflığın artırılması, ictimai nəzarətin
gücləndirilməsi, korrupsiyaya qarşı kəsərli
tədbirlərin həyata keçirilməsi və yeni
dövrün çağırışlarını nəzərə
alaraq nəzarətin beynəlxalq təcrübə əsasında
yenidən qurulması üzrə göstəriş və
tövsiyələrinin reallaşdırılması məqsədilə
Auditorlar Palatası tərəfindən hazırlanmışdır.
Yol
Xəritəsində qabaqcıl beynəlxalq təcrübə,
son dövrlər ölkəmizdə uğurla həyata keçirilən şəffaflıq
strategiyasının nəticələri, 2019-cu ilin sentyabr ayında
Bakıda keçirilmiş “Kölgə
iqtisadiyyatına qarşı mübarizə - iqtisadi
inkişafın mühüm amili kimi” beynəlxalq
elmi-praktik konfransın
iştirakçıları tərəfindən təklif olunan tövsiyələr nəzərə
alınmışdır.
Bizim yubiley xalqımızın tarixi üçün əlamətdar bir dövrə - Ali Baş Komandanımızın cəsarətli və dərin düşünülmüş daxili və xarici siyasəti, xalqımızın birliyi və cəsur Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımızın işğaldan azad olunmasını təmin edən şanlı qələbəmizin əldə olunduğu və ərazilərimizdə geniş bərpa işlərini nəzərdə tutan böyük qayıdış dövrünə təsadüf edir. Fürsətdən istifadə edərək bəyan etmək istəyirəm ki, tariximizin bu qürurlu səhifələrinin yazıldığı bir dönəmdə ölkə auditorları Azərbaycanın iqtisadi inkişafına daha səmərəli və şəffaf yolla çatmaq, investisiyaların və mülkiyyətçilərin mənafelərinin qorunması sahəsində üzərilərinə düşən vəzifələri bundan sonra da böyük məsuliyyətlə həll edəcəklər.
Vahid NOVRUZOV,
Azərbaycan Respublikası Auditorlar
Palatasının sədri, iqtisad
elmləri doktoru,
professor
Azərbaycan 2021.- 4 aprel.- S.1;3.