İlham
Əliyev postsovet məkanının ən savadlı, ən mədəni
Prezidentidir
Bunu rəsmən
bəyan edən Aleksandr Lukaşenko Azərbaycanın
böyük Zəfərini alqışladı
Cənubi Qafqaz regionunda əsas
söz sahibi olan dövlət kimi müstəqil xarici siyasət
həyata keçirən Azərbaycan dünyanın
aparıcı güc mərkəzləri ilə
qarşılıqlı maraqlara əsaslanan sıx tərəfdaşlıq
münasibətləri qurub.
Azərbaycanın
həm də dünyanın ayrı-ayrı qütblərində
yerləşən dövlətlərlə əlaqələri genişlənməkdədir. Rəsmi
Bakı diplomatik əlaqələrdən başlamış, dərin
siyasi, iqtisadi-ticari sahələrə, humanitar-mədəni
münasibətlərə qədər bir çox dövlətlə
əməkdaşlıq edir. Sıx dostluq və
qardaşlıq münasibətlərinə gəldikdə isə,
bir neçə dövlət yada düşür ki, onlardan da
biri Belarusdur.
Liderlərin
dostluğuna söykənən münasibətlər
İki
ölkə arasında diplomatik əlaqələr 1993-cü
ildə yaradılsa da, münasibətlərin yeni inkişaf mərhələsinə
2006-cı ildən başlanılıb. Həmin il hər iki
ölkədə səfirliklər açılıb.
Münasibətlərin
dostluq səviyyəsinə yüksəlməsinin səbəbi
hər iki ölkənin prezidentləri - İlham Əliyevlə
Aleksandr Lukaşenko arasında olan səmimi dostluqdur. Bunu
dövlət başçılarının
qarşılıqlı rəsmi və işgüzar səfərləri,
beynəlxalq təşkilatların iclaslarında, forumlarda təkbətək
görüşləri təsdiqləyir.
Aleksandr
Lukaşenkonun aprelin 13-14-də ölkəmizə
işgüzar səfəri də mövcud münasibətlərin
daha da möhkəmlənməsinə xidmət edir. Bu, Belarus
Prezidentinin Azərbaycana 5-ci səfəri idi. Bunadək
A.Lukaşenko ölkəmizdə 4 dəfə (2007, 2010, 2013 və
2016-cı illər) rəsmi, 1 dəfə (2015-ci il)
işgüzar səfərdə olmuşdu.
Beynəlxalq təşkilatların,
eləcə də keçmiş postsovet ölkələrində
keçirilən MDB Dövlət Başçıları
Şurasının iclaslarını nəzərə almadan,
2006-cı ildən bugünə qədər, yəni son 15 ildə
liderlərin təkcə qarşılıqlı səfərləri
zamanı 15 dəfə görüşdüklərini
söyləyə bilərik.
Bu
görüşlər istər beynəlxalq səviyyədə,
istərsə də ikitərəfli münasibətlərdə
əməkdaşlığı getdikcə daha da möhkəmləndirib.
Hər iki dövlət beynəlxalq təşkilatlarda, ən
çətin məqamlarda belə bir-birinə dəstək
olub.
Liderlərin
budəfəki təkbətək görüşü
zamanı İlham Əliyev bu məsələyə toxunaraq
dedi ki, hər iki ölkə iştirak etdiyi beynəlxalq
strukturlarda bundan sonra da bir-birini dəstəkləməkdə
davam edəcək. Yəni, bu münasibətlər hər
hansı problemlərdən tamamilə uzaqdır: “Bizim müntəzəm
əlaqələrimiz, sadəcə, görülmüş
işlərə yekun vurmağa, növbəti addımları
ölçüb-biçməyə və iki dost, iki tərəfdaş
kimi irəliləməyə imkan verir”.
İlham Əliyev həmçinin
qarşılıqlı səfərlərin müntəzəm
xarakter daşıdığını da vurğulayaraq bunu ölkələrimiz
arasında sıx siyasi əlaqənin, yüksək səviyyədə
etimadın göstəricisi adlandırdı. Bunun nəticəsidir
ki, iqtisadi əməkdaşlığın göstəriciləri
yüksəlir. Hətta keçən il pandemiyaya baxmayaraq, əmtəə
dövriyyəsinin artması bunu təsdiqləyən
reallıqdır.
Aleksandr
Lukaşenkodan İlham Əliyev və Qarabağ
açıqlaması...
Birgə
bəyanat zamanı A.Lukaşenko Dağlıq Qarabağ
probleminin həllində İlham Əliyevin mövqeyini,
müstəqil, qətiyyətli və prinsipial siyasətini
yüksək qiymətləndirdi.
Belarus
Prezidenti dedi ki, İlham Əliyev danışıqlar prosesi
zamanı verdiyi bütün vədlərə sadiq olub. Münaqişənin həlli ilə bağlı
müzakirələrdə tam səmimi və açıq
şəkildə Azərbaycanın məsələni sülh
yolu ilə həll etmək istədiyini vurğulayıb:
“Əhsən Prezidentə. O dedi ki, biz tarixin bu səhifəsini
çevirmək istəyirik. Mənim mövqeyim, mənim
arzum budur. Allah eləsin, bu bəla sovuşsun. Ermənistan və
Azərbaycan xalqlarının qəlbində kin-küdurət
izləri qalmasın. Əminəm ki, İlham Əliyev erməniləri
əsla sıxışdırmayacaq, onlarla hesabı
çürütmək, qisas almaq fikrinə düşməyəcək.
O, savadlı, mədəni insandır. Mən həmişə
deyirəm ki, sovet dövründə o, bizim Sovet
İttifaqının ən yaxşı ali məktəbini -
Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunu bitirib. O, postsovet məkanındakı prezidentlər
arasında ən savadlı, ən mədəni insandır. Mən
həmişə bu barədə də açıq
danışmışam”.
Problemin həll edilməsində
İlham Əliyevin çox böyük rol
oynadığını deyən Belarus Prezidenti hesab edir ki,
indi sahəsi Lüksemburqdan 4 dəfə böyük və ya
Livanın sahəsinə bərabər ərazilərdə
böyük işlər görülməlidir. Bu, daha
uzunmüddətli və çox çətin epopeya olacaq.
A.Lukaşenko bunun sülh epopeyası olmasını
arzulayır.
A.Lukaşenko
Azərbaycanın şanlı Qələbəsini qiymətləndirərək
özünün və xalqının mövqeyini bəyan
etdi: “Belaruslar Prezident tərəfindən alqışlanan
müəyyən mövqe tutublar, biz bundan sonra da
özümüzü konstruktiv aparacağıq. Azərbaycan rəhbərliyi
də bilməlidir ki, belaruslar etibarlı dostlar və
etibarlı insanlardır. Bizim razılığa gəldiyimiz
bütün məsələlər reallaşacaq”.
Yeni sazişlər
münasibətləri daha da şaxələndirəcək
Dövlət
başçılarının səfərləri zamanı adətən
yeni sazişlər imzalanır. Bu səfər zamanı da iki
ölkə arasında yeni sənədlər imzalandı.
Bununla da Azərbaycanla Belarus arasındakı hüquqi
bazanı təşkil edən sənədlərin sayı
122-yə çatdı.
Baytarlıq,
turizm və energetika sahəsində əməkdaşlıq məsələlərinə
dair anlaşma memorandumları iki ölkə arasında
münasibətləri daha da şaxələndirəcək.
Bu, iki ölkənin prezidentləri arasında yüksək
qarşılıqlı etimadın, ikitərəfli münasibətlərin
məzmun və mahiyyətinin zənginliyinin bariz göstəricisidir.
Təkbətək
görüş zamanı Aleksandr Lukaşenko mövcud
siyasi-iqtisadi əlaqələri qiymətləndirərkən
dedi ki, iki ölkə arasında siyasət və iqtisadiyyat sahələrində
konkret istiqamətlər baxımından münasibətlər
olduqca çoxşaxəlidir, çox düzgündür və
onlara heç nə xələl gətirmir: “Biz heç kəsə
mane olmuruq və heç kəs də bizə mane ola bilməz.
Ona görə ki, əgər sən bir işi görmək
istəyirsənsə, buna mane olmaq çətindir”.
Siyasi
münasibətlərə gəldikdə isə Belarus
Prezidenti bildirdi ki, tərəflər arasında həll edilə
bilməyən məsələlər yoxdur.
Belarus Azərbaycanın
təcrübəsini öyrənmək istəyir
Səfər çərçivəsində
liderlərin təkbətək görüşündə, mətbuata
birgə bəyanatlarında bir daha iki ölkə arasında
mövcud münasibətlər, iqtisadi-ticari əlaqələr
müzakirə olunaraq bütün sahələrdə əməkdaşlığın
daha da dərinləşdirilməsinin vacibliyi
vurğulandı.
Aleksandr
Lukaşenkonun söylədiyi fikirlərə əsaslanaraq deyə
bilərik ki, Azərbaycan Belarus üçün ən
etibarlı strateji tərəfdaş olaraq qalır. Belarus
Avropanın mərkəzində Azərbaycanın mənafelərinin
irəliləməsinə səmimi və açıq şəkildə
kömək etməyə hazırdır. İki ölkə
arasında əməkdaşlıq üçün qapalı
mövzular yoxdur.
Mətbuata birgə bəyanatda
A.Lukaşenko mövcud
reallıqları dəyərləndirərək dedi ki,
hazırda sənaye, kənd təsərrüfatı, ağac
emalı, informasiya texnologiyaları, səhiyyə, turizm sahələrində
kooperasiya əlaqələrinin inkişafı
üçün böyük potensial var. Elmi-texniki
sahədə qarşılıqlı əlaqələri dərinləşdirmək
üçün yaxşı perspektivlər
görünür: “Bizdə daha çox sayda gənclərin təhsil
alması üçün nə lazımdırsa edəcəyik.
Vaxt gələcək, biz Azərbaycanın təcrübəsini
öyrənəcəyik. Yaxşı ali məktəblər
çoxdur, lap çoxdur”.
Qarabağda
birgə müəssisələr yaradılacaq
Qarabağın
bərpası ilə bağlı məsələləri
Aleksandr Lukaşenko ilə müzakirə edən İlham
Əliyev bildirdi ki, Belarus şirkətlərinin aqrosənaye
kompleksləri yaratmaq təcrübəsi məlumdur. Buna
görə də işğaldan azad edilmiş ərazilərin
bərpası baxımından bu mövzu, əlbəttə,
xüsusi yer tutur.
Birgə bəyanatda İlham Əliyev
Qarabağın “yaşıl enerji” zonası elan edildiyini və
birinci “ağıllı kənd” layihəsinin praktiki olaraq həyata
keçirilməyə hazır olduğunu vurğulayaraq bu sahədə
Belarusun təcrübəsinin maraqlı olduğunu söylədi.
Qarabağın
bərpası layihələrində üç dost ölkədən
olan şirkətlər artıq fəaliyyətdədir.
Dördüncü ölkə isə Belarus ola bilər.
Çünki sənaye kooperasiyası iki ölkənin
münasibətlərinin çox böyük seqmentidir. Bu
layihə ilk dəfə ölkəmizdə Belarus
traktorlarının yığılmasından başlayıb.
Sonradan isə bu layihələr başqa istehsalat sahələrinə
- avtomobillər, yük maşınları, kombaynlar, avtobuslara
da daxil olub. İndi isə İlham Əliyevin “Yaşıl
Qarabağ zonası” konsepsiyasının icrası zamanı bu
layihələr çərçivəsində elektrobuslar
istehsalı da nəzərdə tutulur.
Belarus
Prezidenti isə ölkəsinin Azərbaycanla birgə,
çiyin-çiyinə və məsuliyyətlə fəaliyyət
göstərməyə hazır olduğunu vurğuladı:
“Biz xüsusən işğaldan azad olunmuş və bərpa
ediləcək ərazilərdə birgə müəssisələr
yaratmağa hazırıq”.
Liderlərin səsləndirdikləri
fikirlər onu deməyə əsas verir ki, Belarus Azərbaycanla
ticari-iqtisadi sahədə sistemli və uzunmüddətli əməkdaşlıq
etmək əzmindədir. Çünki əmtəə
dövriyyəsinin artırılması üçün
güclü potensial mövcuddur və iqtisadiyyatın
inkişafı ilə bağlı iki dövlət rəhbərinin
oxşar baxışlarının olması sayəsində
geniş istehsal kooperasiyası üçün təməl
yaradılıb.
Bir sözlə, liderlər
arasındakı görüşdə bütün sahələri
əhatə edən müxtəlif məsələlər barədə
danışıldı və ən əsası, Belarusun
ölkəmizə olan münasibəti bir sıra əhəmiyyətli
aspektlərdən diqqəti cəlb etdi.
Bu görüş iki ölkə
arasında əmtəə dövriyyəsinin artmasına, nəqliyyat,
logistika, maşınqayırma sənayesi, neft-qaz layihələrinin
həyata keçirilməsinə, həmçinin
işğaldan azad edilmiş torpaqlarımızda yeni sənaye
müəssisələrinin qurulması prosesinə öz
müsbət təsirini göstərəcək.
Qarabağı
44 günə azad edən İlham Əliyev indi onun hər
qarış torpağını cənnətə çevirmək
üçün bütün imkanlarını səfərbər
edib. Bütün tərəfdaş ölkələrə
mesaj göndərərək onları Qarabağda birgə
işbirliyinə, investisiya yatırmağa dəvət edir.
Belarus da dost dövlət kimi Qarabağın bərpasında
Azərbaycanın yanında olacaq. Əminliklə deyə bilərik
ki, tezliklə işğaldan azad olunmuş
torpaqlarımızda böyük tikinti bumu başlayacaq.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan. - 2021.- 16 aprel.- S.1; 4.