Abşeronun günəşi həm də elektrik enerjisi verəcək
Bərpaolunan yeni enerji
stansiyasının tikintisi
ilə bağlı sənədlər artıq
imzalanmışdır
Bütün dünyada bərpaolunan enerjidən istifadə getdikcə özünə
daha geniş yer alır. Azərbaycanda da bu məsələyə xüsusi diqqət yetirilməsi təsadüfi
deyil. Çünki bərpaolunan enerji sahəsinin inkişafı üçün
ölkəmizdə əlverişli
şərait mövcuddur.
Məlumdur ki, bu növ enerjinin
yaradılmasının əsas
mənbəyi günəş
və küləkdir.
Azərbaycan isə dünyada məhz günəşli ölkə kimi tanınır. Coşqun Xəzərin sahilində və dağlar qoynunda yerləşən ərazilərimizdə külək enerjisindən istifadə üçün
də
geniş
imkan var. Bu səbəblərdən Azərbaycanın bir sıra bölgələrində bərpaolunan
enerji stansiyalarının
tikilməsi gündəmə
gəlir.
Bu il aprelin 2-də Prezident
İlham Əliyev “Qoyuluş gücü 230 MVt olan günəş
elektrik stansiyasının
tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri
haqqında” sərəncam imzalayıb. Bu, Azərbaycanı “yaşıl enerji” məkanına çevirmək istiqamətində
atılan növbəti
mühüm
addımdır. Ona
görə ki, “Azərbaycan 2030: sosial-iqtisadi
inkişafa dair Milli Prioritetlər”də ən ümdə istiqamətlərdən
biri kimi enerjidən istifadənin genişləndirilməsi müəyyən
edilib.
Prezident İlham Əliyev həmin vaxta qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının
30 faizə çatdırılmasının
hədəf kimi götürüldüyünü
bildirib.
Dövlət
başçısının imzaladığı sərəncamlar
nəticəsində Azərbaycanda
energetikanın digər
sahələrində olduğu
kimi, bərpaolunan enerji mənbələrindən
istifadə sahəsində
də əlverişli
investisiya mühiti yaradılıb, özəl
sərmayələrin cəlb
edilməsi və irimiqyaslı layihələrin icrası istiqamətində
ardıcıl işlər
görülür. Prezidentin
“Bərpaolunan enerji mənbələrindən istifadə
sahəsində pilot layihələrin həyata
keçirilməsi tədbirləri
haqqında” 5 dekabr 2019-cu il tarixli sərəncamı
ilə yaradılmış
komissiya fəaliyyətini uğurla
davam etdirir.
Xatırladaq ki, keçən ilin əvvəlində Səudiyyə Ərəbistanı Krallığının
“ACWA POWER” şirkəti ilə külək və Birləşmiş
Ərəb Əmirliklərinin
“Masdar” şirkəti ilə günəş elektrik stansiyasının tikintisi ilə bağlı icra müqaviləsi imzalanıb.
Bunun üçün Prezidentin
“Energetika sektorunda islahatların sürətləndirilməsi
haqqında” 29
may
2019-cu il tarixli sərəncamına əsasən,
qabaqcadan bərpaolunan
enerji sahəsinin inkişafı məqsədilə
10-dək beynəlxalq enerji
şirkəti, o cümlədən
“Masdar”la əməkdaşlıq
əlaqələri yaradılaraq onların investisiya layihələri ilə bağlı təklifləri
hərtərəfli şəkildə
təhlil edilib. Yüksək rəqabət
və şəffaflıq
mühitində üç
mərhələdə seçim
prosesi həyata keçirilib. Sözügedən şirkətlərlə
ötən il yanvarın 9-da bərpaolunan
enerji üzrə pilot layihələrin həyata keçirilməsi
ilə bağlı icra müqavilələri həmin seçim prosesinin nəticəsinə
müvafiq olaraq imzalanıb. Layihələrə əsəsən, tikiləcək
stansiyalar regionda ən böyük günəş
və külək elektrik stansiyaları olacaq. Ötən dövr ərzində tikintiyə başlanması ilə bağlı tərəflər arasında mütəmadi danışıqlar
və müzakirələr
aparılıb.
Prezident İlham Əliyev bu il aprelin
2-də imzaladığı sərəncamla
qərara alıb
ki, Nazirlər Kabineti qoyuluş gücü 230 MVt olan günəş
elektrik stansiyasının
tikintisi ilə əlaqədar “İnvestisiya
müqaviləsi”nin, “Enerji
alqı-satqı müqaviləsi”nin,
“Ötürücü şəbəkəyə
qoşulma müqaviləsi”nin,
“Torpaq icarə müqaviləsi”nin, “Birbaşa
razılaşma”ların və
“Müstəqil mühəndis
müqaviləsi”nin imzalanması
ilə bağlı zəruri tədbirlər görsün.
Aprelin
6-da isə Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Birləşmiş Ərəb
Əmirliklərinin “Masdar”
şirkəti arasında
sözügedən layihə üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi”
və “Ötürücü
şəbəkəyə qoşulma
müqaviləsi” imzalanıb.
Xarici investisiya əsaslı bu layihə qlobal çağırışlara,
ölkə iqtisadiyyatının
dayanıqlı və
şaxələndirilmiş inkişafı, eləcə
də energetika sektorunda aparılan islahatların məqsədlərinə
cavab verməsi aspektində qiymətləndirilir.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, təxminən 200 milyon ABŞ dolları dəyərində günəş
elektrik stansiyası üzrə bu müqavilələri imzalamaqla
bərpaolunan enerji və karbon emissiyaları ilə bağlı hədəflərimizə
daha bir addım yaxınlaşırıq.
Bakı şəhəri və Abşeron rayonunda tikiləcək günəş
elektrik stansiyası ildə təxminən 500 milyon kilovat/saat elektrik enerjisinin
istehsalına, 110 milyon
kubmetr təbii qaza qənaət edilməsinə, 200 min ton karbon emissiyasının
azaldılmasına, yeni
iş yerlərinin yaradılmasına, eyni zamanda, digər investorların yeni layihələrə cəlbinə
yol açacaq.
BƏƏ-nin sənaye və yüksək texnologiyalar naziri, “Masdar” şirkətinin İdarə Heyətinin sədri Sultan Ahmed Al Jaber
müqavilələr imzalanarkən videomüraciətlə deyib: “Azərbaycanda bərpaolunan
enerji sahəsində ilk layihəmizə başlamaqdan qürur duyuruq. 230 MVt gücündə sənaye
miqyaslı günəş
enerjisi layihəsi ilə tərəfdaşlığımız
yalnız təmiz enerji hədəfinə nail olmayacaq, həmçinin bilik, bacarıq və iş yerləri yaratmağa kömək
edəcək”.
BBƏ-nin enerji və infrastruktur naziri Süheyl Məhəmməd
əl-Məzrui isə
ölkəmizin bərpaolunan
enerjinin inkişafı
və istixana effekti yaradan qaz emissiyalarının 35 faiz azaldılması ilə bağlı strategiyasının icrasında
iştiraklarına yaradılan
imkanlara görə ölkəsi və “Masdar” şirkəti adından Prezident İlham Əliyevə
təşəkkürünü çatdırıb.
Tikiləcək stansiyanın şəbəkəyə
qoşulması və
orada istehsal olunacaq elektrik enerjisinin satın alınması “Azərenerji”
ASC tərəfindən həyata
keçiriləcək. Stansiya
“Cənub” yarımstansiyasına
qoşulmaqla enerji sisteminə inteqrasiya olunacaq. Bunu isə “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev bildirib.
“Masdar” şirkətinin baş icraçı direktoru Mohamed Jameel Al Ramahi
Azərbaycanın bərpaolunan
enerji sahəsində qəti addımlarla irəlilədiyini və belə layihələrlə
dünyada iqlim dəyişikliyinə qarşı
mübarizəyə töhfə
verdiyini vurğulayıb.
Bu mühüm
sənədlərin imzalanması
gələcəkdə Azərbaycanın
“Masdar”la əməkdaşlığının
davamlı olacağından, birlikdə daha çox layihələrin icra ediləcəyindən xəbər
verir. Heç şübhəsiz ki, bu layihələr hər iki tərəf üçün faydalı olacaq .
Flora SADIQLI,
Azərbaycan. - 2021.- 16 aprel.- S.1; 5.