Zəngəzur dəhlizi
artıq reallığa
çevrilir
Beynəlxalq birlik rəsmi Bakının Qarabağı tam nəzarətə götürməsini
ədalətin zəfəri
kimi qarşılayır
Beynəlxalq hüququn, ayrı-ayrı
təşkilatların dövlətlərarası
münaqişələrin, müharibələrin aradan
qaldırılmasındakı rolu barədə çox danışılır.
Amma nədənsə
30 ilə yaxın bir müddət ərzində nə beynəlxalq hüquq, nə də təşkilatlar Azərbaycan
torpaqlarını işğaldan
xilas etmədilər. Bu baxımdan İkinci Qarabağ müharibəsində Azərbaycan
güc yolu ilə beynəlxalq hüququ təmin etməyin nümunəsini
ortaya qoydu. Cəmi 44 gün ərzində işğal
olunmuş torpaqlarımız
azad edildi və erməni təəssübkeşlərinin hay-həşirlərinə baxmayaraq,
beynəlxalq birlik respublikamızın qələbəsini
ehtiramla qarşıladı.
Azərbaycan müstəqil şəkildə Dağlıq
Qarabağ probleminə
son qoydu
Düzdür, münaqişələrin yoluna
qoyulması ilə bağlı təzyiq və təsir mexanizmlərinin işə
salınmasına dair beynəlxalq təcrübə
mövcuddur. Bununla bağlı elə son onilliklərdə baş vermiş hadisələri, yaradılmış
koalisiyaları, beynəlxalq
sülhyaratma missiyalarını,
iqtisadi sanksiyaların
tətbiq edilməsini
misal göstərmək
olar. Bu təsir mexanizmlərinin hansı nəticəni verməsi başqa mövzu olsa da, görünən odur ki, beynəlxalq
təşkilatlar lazım
gəldikdə hansısa
problemin həlli üçün birgə hərbi və ya iqtisadi güc
nümayiş etdirə
bilirlər.
Dağlıq
Qarabağ probleminə
gəldikdə isə,
Ermənistana qarşı
heç bir siyasi təzyiq olmadı. Azərbaycanın torpaqları
işğal olunduğu,
azərbaycanlıların məcburi
köçkünə çevrildikləri
dünyanın gözü
qarşısında baş
versə də, Ermənistan heç qınanmadı da. Ortada BMT qətnamələri
olsa da, beynəlxalq ictimaiyyət onların icrasının vacibliyini təkid etməyərək yalnız
deklorativ sözlərlə
kifayətləndi. Beynəlxalq
təşkilatlar, vasitəçilər
Ermənistanın işğal
olunmuş Azərbaycan
ərazilərində həyata
keçirdiyi vandallığa,
talanlara, tarixi abidələrimizin məhv
edilməsinə və
ya erməniləşdirilməsinə
də göz yumdular.
Ötən il sentyabrın 27-də Ermənistanın növbəti
hərbi təxribatı
isə Azərbaycanın
səbr kasasını
daşdıran hadisə
oldu. Başlanan əks-hücum əməliyyatları
torpaqlarımızın işğaldan
azad olunması ilə nəticələndi
və beləliklə,
Azərbaycan vasitəçilərin
etmək istəmədiklərini,
beynəlxalq hüququn
tələblərini güc
yolu ilə təmin etdi. “Dağlıq Qarabağ münaqişəsi
nizamlanıb. Azərbaycan
onu müstəqil surətdə nizamlayıb,
BMT Təhlükəsizlik Şurasının
4 qətnaməsini yerinə
yetirib. Bu qətnamələr 27 il ərzində kağız
üzərində qalıb
və təəssüf
ki, onların implementasiyası mexanizmi işə salınmayıb.
Minsk qrupunun həmsədr ölkələrinin
erməni tərəfinə
müraciətlə işğala
son qoymaq çağırışları da yerinə yetirilməyib. Həmsədrlərin
status-kvonun qəbuledilməzliyi
barədə bəyanatları
erməni tərəfindən
eşidilməyib” deyə
Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə
işgüzar səfəri
zamanı mətbuata bəyanatında bildirib.
İlham Əliyevin informasiya siyasəti dünya erməniliyini tərksilah edir
İkinci Qarabağ müharibəsinin
nə vaxtsa baş verəcəyi gözlənilən idi. Bu gün dönüb
arxaya baxanda görürük ki, İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin qayəsini torpaqlarımızın
işğaldan azad olunması təşkil edib. Bu müharibə
və Qələbə
üçün hazırlıq
işləri yalnız
ordu quruculuğu ilə məhdudlaşmayaraq
kompleks mahiyyət daşıyıb.
Hazırlığın bir istiqaməti də Dağlıq Qarabağ məsələsi
ilə bağlı, xüsusən erməni lobbisinin dünyada formalaşdırdığı stereotipləri dağıtmaq,
əsl həqiqətləri
beynəlxalq ictimaiyyətə
çatdırmaq olub.
Bu baxımdan Vətən müharibəsində hərbi-siyasi
Qələbənin qazanılmasında
İlham Əliyevin mütərəqqi informasiya
siyasəti olduqca böyük rol oynadı. Müharibə başa çatsa da, Azərbaycan yeni reallıqlar yaratsa da, informasiya
siyasətində geri qalmaq olmaz. Çünki
düşmən Azərbaycana
qarşı informasiya
cəbhəsində qarayaxma
kampaniyasını davam
etdirir.
İlham
Əliyevin Vətən
müharibəsi dövründə
30-a yaxın xarici
KİV-ə müsahibələri, çıxışları, bəyanatları,
4 saatlıq mətbuat
konfransı, mühüm
beynəlxalq platformalarda
nitqləri göstərir
ki, ümumiyyətlə,
Azərbaycan Prezidenti təkcə dövlətin
idarəçiliyi, daxili
və xarici siyasət məsələlərinə
deyil, həm də informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir. ADA Universitetində keçirilən
“Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra
inkişaf və əməkdaşlıq” adlı
beynəlxalq konfrans bunun növbəti təsdiqi oldu.
Dünyanın
aparıcı beyin mərkəzlərinin nümayəndələrinin
iştirakı ilə
keçirilən bu konfrans göstərdi ki, Prezident İlham
Əliyevin ölkə
həqiqətlərinin müasir
üslubda dünya ictimaiyyətinə çatdıran
yeni informasiya strategiyası sistemlilik və operativlik kimi prinsiplərə əsaslanmaqla milli maraqlarımızı inamla
təmin edir. Birmənalı şəkildə demək olar ki, İlham Əliyevin informasiya sahəsində fəaliyyəti
Ermənistan
və erməni lobbisinin, Azərbaycanı
istəməyən xarici
qüvvələrin tərksilah
edilməsində, beynəlxalq
ictimaiyyətin obyektiv
məlumatlandırılmasında mühüm rol oynayır.
Ermənistanın yeni reallıqlarla
barışmaqdan başqa
yolu yoxdur
Artıq Dağlıq Qarabağ problemi başa çatıb, Azərbaycanın
ərazi bütövlüyü
bərpa edilib. Bütün bunlar öz növbəsində
Cənubi Qafqazda yeni reallıqların yaranması deməkdir. Müharibənin qalibi olan İlham Əliyev Ermənistanı
Azərbaycanın milli
maraqlarını tam diktə edən bəyanata imza atmağa məcbur etdi.
Artıq bəyanatın Azərbaycan
ərazilərinin azad
olunması ilə bağlı olan bəndləri icra olunub. Kommunikasiyaların bərpası istiqamətində
fəaliyyət davam edir. Tarixi Azərbaycan
ərazisi olan Zəngəzurdan keçəcək
kommunikasiyalar bölgənin
tranzit xəritəsinə
mühüm yeniliklər
gətirəcək. Bütün bunların
fonunda görünən
həm də odur ki, Ermənistanın
başına gələnlərin,
bütün dünyada
milli ləyaqətinin
sınmasının səbəbi
bu ölkənin başında duranların
yürütdüyü işğal
siyasətidir. Belarus
Prezidentinin ölkəmizə
işgüzar səfəri
zamanı mətbuata bəyanatında bu barədə danışan
İlham Əliyev deyib: “Ermənistanın
başına gələnlərin
təqsirkarı məhz
20 il ərzində ölkəni uçuruma aparan Ermənistan rəhbərliyidir. İkinci
Qarabağ müharibəsi
Ermənistan ordusunun alçaldıcı məğlubiyyəti
və tamamilə darmadağın edilməsi
ilə başa çatıb. Bunun əsas təqsirkarları
Ermənistanda bundan əvvəl hakimiyyətdə
olanlardır. Biz tarixin
bu səhifəsini çevirmək istəyirik,
biz etimad tədbirlərinin möhkəmlənməsinə
və bu gün həm Azərbaycan-Ermənistan-Rusiya baş
nazirlərinin müavinləri
səviyyəsində üçtərəfli
işçi qrupu çərçivəsində, həm də qonşu ölkələr
- Türkiyə və
İran ilə bizim məsləhətləşmələrimiz
çərçivəsində müzakirə edilən nəqliyyat-logistika layihələrinə
istiqamətlənmişik. Beləliklə,
Zəngəzur dəhlizi
reallığa çevrilir.
Biz çoxtərəfli
əməkdaşlığa ümid bəsləyirik”.
Azərbaycan Qarabağ problemini güc yolu ilə
həll etməklə
tarixi ədaləti, beynəlxalq hüququ yoluna qoydu, BMT Təhlükəsizlik Şurasının
qətnamələrini yerinə
yetirdi. Beynəlxalq birlik rəsmi Bakının Qarabağı
tam nəzarətə
götürməsini ədalətin
zəfəri kimi qarşılayır. Ermənistanın
isə Azərbaycanın
regionda yaratdığı
yeni reallıqlarla barışmaqdan başqa yolu yoxdur.
Rəşad CƏFƏRLİ,
Azərbaycan. - 2021.- 16 aprel.- S.1; 4.