Azərbaycan
Prezidentinin son bəyanatı Ermənistanda böyük şok
və xof yaradıb: “Bir də görəcəyik ki, İlham
Əliyev Yerevanda hərbi parad keçirir”
Prezident
İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi
Qafqaza yeni baxış: münaqişədən sonra
inkişaf və əməkdaşlıq” adlı beynəlxalq
konfransda suallara verdiyi cavablar Ermənistanda narahatlıq və
həyəcanı daha da artırıb. Söhbət Prezident
İlham Əliyevin azərbaycanlıların Ermənistandakı
tarixi torpaqlarına qayıdacaqları haqda fikirlərindən
gedir: “...Əgər biz Zəngəzur dəhlizinə
qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə,
niyə də biz İrəvana qayıtmayaq. Zaman gələcək,
biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm”.
“Ermənistan
rəhbərliyi düz danışmağı Əliyevdən
öyrənməlidir”
Prezident
İlham Əliyevin bu fikirləri Ermənistanda yeni ajiotaja səbəb
olub, böyük şok və xof yaradıb. Ermənilər
qeyd edirlər ki, Prezident İlham Əliyev daim verdiyi vədləri
yerinə yetirib və bu dəfə də istisna olmayacaq.
Erməni
siyasi icmalçı Qalust Qriqoryan bu fonda olduqca maraqlı
mövqe sərgiləyib.
Onun sözlərinə
görə, Ermənistan cəmiyyəti üçün Azərbaycan
Prezidenti İlham Əliyev həmişə həqiqəti
deyib. Yerevandan isə daim yanlış məlumat
yayılır.
Qalust
Qriqoryan bildirir ki, söhbət əvvəllər və
hazırda ölkə rəhbərləri arasında baş
tutan pərdəarxası danışıqlardan gedir:
“İlham Əliyevin 2016-cı ildə Rusiyada pərdəarxası
görüşdən sonra Serj Sarkisyan haqda sözlərini
xatırlayaq. O zaman İlham Əliyev bildirmişdi ki, Sarkisyan
ona Azərbaycan ərazilərini azad etməyi vəd edib və
bunun üçün ona cəmi iki həftə vaxt lazım
olduğunu da bildirib. O zaman hamı Azərbaycan liderinin bu
sözlərini təkzib edən Sarkisyana inanmışdı,
lakin bir neçə ildən sonra cəmiyyət Sarkisyanın
Əliyevə verdiyi vəd barədə həqiqəti öyrəndi.
Belə misallar çoxdur. Ermənistanın başında
duran bütün insanlar, rəhbərliyi düz
danışmağı Əliyevdən öyrənməlidirlər”.
Qriqoryan
onu da bildirib ki, Koçaryan, Sarkisyan və Paşinyan dəfələrlə
yalan danışıblar, İlham Əliyev isə erməni tərəfi
boynuna almasa da, həmişə həqiqəti deməyi
xoşlayıb. Bu mənada o, hesab edir ki, Prezident İlham
Əliyevin Zəngəzur və Yerevana qayıtmaq barədə
dediklərinin də reallaşmasını gözləmək
lazımdır.
Digər
erməni ekspert Tatul Manukyan da eyni mövqeni
bölüşür. O bildirir ki, Azərbaycan Yerevan daxil
olmaqla, Ermənistanda öz tarixi torpaqları hesab etdiyi ərazilərə
qayıdacaq: “Buna əmin ola bilərsiniz. 44 günlük
müharibə bunu bir daha təsdiq etdi ki, Azərbaycan rəhbərliyi
dediklərinə sadiqdir. Ermənistanda buna müqavimət
göstərə biləcək hansısa qüvvə yoxdur.
Azərbaycanlılar Ermənistan ərazisində yerləşən
torpaqlarına qayıdacaqlar. Bu, Azərbaycanın strateji hədəfidir
və bu hədəfə çatmaq üçün
çalışırlar”.
“Yerevanı tərk
edənlərin yerini yəqin ki, tezliklə azərbaycanlılar
tutacaq”
Ermənilərin
sosial şəbəkələrdəki statuslarından, şərhlərindən
görünür ki, onlar ölkələrinin tam məhvə
doğru getdiyi, İlham Əliyevin Ermənistan üzərində
üstünlüyünün artması barədə ortaq rəydədirlər.
“Facebook”
istifadəçilərindən Lilit Aroyan yazır ki,
Bakıda olan yanaşmalara əsasən, Ermənistan Azərbaycanın
tarixi ərazilərində yaradılıb: “Azərbaycanda
açıq bildirilir ki, gənc nəsil Ermənistanın
tarixi Azərbaycan torpaqları üzərində qurulduğunu
heç vaxt unutmamalıdır. Bu istiqamətdə işlər
aparılır. Azərbaycanlıları bu mənada tezliklə
Ermənistanda görməkdən təəccüblənmək
lazım deyil. Qarabağ müharibəsində qazanılan qələbə
azərbaycanlıların bu məsələdə istəklərini
artırıb, mövqelərini gücləndirib. Ermənistanda
miqrasiyanın genişləndiyi bir vaxtda Yerevanı tərk edənlərin
yerini yəqin ki, tezliklə azərbaycanlılar tutacaq”.
Aroyanın
paylaşımına rəy bildirən Xaçatur
Qriqoryanın fikirləri isə həqiqəti göstərir:
“İlham Əliyevin son bəyanatı çox qorxuludur. Nə
vaxta qədər belə davam edəcək? Bizim baş
nazirimiz Paşinyan isə gecələri “Facebook”da oturub axmaq
söhbətlər edir. Bu adamın işi-gücü ancaq
sosial şəbəkədir. Qarabağı itirdik, Yerevanı
da itirsək, sonumuz çatıb deməkdir. Həyatdı
da...”
“İlham
Əliyev bizim təhlükəsizliyimizə təminat verərsə,
bizə Koçaryandan, Sarkisyandan, Paşinyandan da yaxşı
rəhbər olar”
Minas
Xosrovyan adlı digər istifadəçinin də “Facebook”da
paylaşdığı status çoxlu bəyənmə
yığıb: “Xəbəriniz var ki, Azərbaycan vətəndaşı
olmaq istəyən ermənilərin sayı reallıqlarla
tanış olduqdan sonra daha da artmaqda davam edir?! Əvvəllər
onları qınayırdım və bu addımlarını xəyanət
hesab edirdim. Ancaq son aylar baş verən hadisələrdən
sonra bunun düzgün addım olduğunu
düşünürəm. Paşinyan erməniləri Ermənistana
qarşı soyutmaqda davam edir. İlham Əliyev bizim təhlükəsizliyimizə
təminat verərsə, bizə Koçaryandan, Sarkisyandan,
Paşinyandan da yaxşı rəhbər olar. Biz ermənilər
boş yerə ölmək istəmirik”.
Suren Qriqoryan adlı biri
“Facebook”da hakim “Mənim addımım” blokundan olan istifadəçilərin
daha çox rəy bildirdiyi qrupda Azərbaycan Prezidentinin
“Əgər Zəngəzur dəhlizinə
qayıdırıqsa, niyə də Yerevana qayıtmayaq” fikirlərinin
geniş müzakirə olunduğu mövzuya maraqlı bir
şərhlə diqqət çəkib və bununla da onların kəskin
tənqidi ilə üzləşib. O yazıb: “Bayaqdan
statuslarınıza baxıram və bu qədər yalana
heç özünüzün də
inanmadığınızı düşünürəm
(gülüş işarəsi). Gəlin həqiqəti
danmayaq. Paşinyanın apardığı siyasətlə biz
nəinki Yerevanı, hətta bütün Ermənistanı da
itirə bilərik. İlham Əliyev Qarabağın bərpası
üçün milyardlarla dollar vəsait ayırır. Məğlub
olan bizdəki hakimiyyət isə dövləti talamaqla ancaq
cibini doldurur. Gözləri doymaq bilmir. Paşinyan bu gedişlə
Yerevanı hərraca çıxaracaq”.
“İlham
Əliyevi Yerevanda alqışlarla
qarşılayacağımız gün uzaqda deyil”
Vazgen
Mıxıtaryanın “Instagram”da çoxminlik səhifələrdən
birinin “Paşinyanla iqtisadi yüksəlişə doğru”
paylaşımına yazdığı rəy daha çox bəyənmə
toplayıb: “Paşinyan Ermənistanı məhv edib.
Satılmayan torpaq, zavod, obyekt qalmayıb. Türklər (red. -
azərbaycanlılar) Bakıda həlak olan əsgərlərimizin
boş dəbilqələrini dünyaya göstərir, siz isə
inkişafdan danışırsınız. Əziz ermənilər,
mənə gülməyin. Bir gün bu xəbərlə
sabahımız açıla bilər: Paşinyan Ermənistandan
qaçdı! Azərbaycan əsgəri sərhədi
keçib Yerevana doğru yürüyür. İlham
Əliyevi Yerevanda alqışlarla qarşılayacağımız
gün uzaqda deyil”.
Aşot
Baqramyan adlı birinin “Odnoklassniki”də
paylaşdığı status və ona yazılan rəylər
çoxlu bəyənmələr toplayıb: “Dünən təsadüfən
“Instagram”da bir səhifədə
Azərbaycandakı Hərbi Qənimətlər Parkından
şəkilləri gördüm. Maraqla baxdım və
sözün əsl mənasında, şok yaşadım. Bu
gün isə İlham Əliyev Yerevana qayıtmağı
düşünür. Ermənistan rəhbərliyi son günlərdə
yenidən müharibədən dəm vurur. Hər halda
Bakıda parkda darmadağın olunan texnikalarımıza
yaxşı baxmayıblar. Elə hey deyirik müharibə,
müharibə, müharibə... Bir də görəcəyik
ki, İlham Əliyev Yerevanda hərbi parad keçirir”.
“Paşinyan
Yerevanı da satarsa, heç təəccüblənməyək”
Stepan
Mirzoyan adlı birisi “İlham Əliyev Yerevana gəlməyin
yollarını axtarır. Ermənistanı
parlaq gələcək yox, parlaq ölüm gözləyir”
başlıqlı “tvit” atıb: “İlham Əliyev Bakıda
park açıb, müharibədə
həlak olan hərbçilərimizin boş qalan dəbilqələrini
nümayiş etdirir və bütün dünyanın gündəm
mövzusuna çevrilir. Növbəti gün isə beynəlxalq
ictimaiyyət qarşısında niyə də Yerevana
qayıtmamasını söyləyir, Paşinyan isə
hakimiyyətdə qalmağın yollarını axtarır.
Sarkisyan vətənimizi, zavodlarımızın
yarısını oliqarxlara, yarısını da xaricilərə
satıb. Paşinyan da bütöv Yerevanı satarsa, heç
təəccüblənməyək”.
Henrix
Aşotyan isə “Odnoklassniki”də İlham Əliyevin son bəyanatının
yer aldığı paylaşımın altına belə bir
şərh yazıb: “Açıq reallıq budur. Azərbaycan
Prezidenti 5 il əvvəl apreldə S.Sarkisyana, ötən il isə
Qarabağı geri almaqla
Paşinyana yüksək peşəkarlığın necə
olduğunu göstərdi, əsl dərs verdi. Acı həqiqət
olsa da, bu gün Yerevanı
düşünməsi çox normaldır. Bizim baş
nazirimiz bəs nə cavab verəcək? Seyrçi
mövqeyində qalacaq”.
Bütün bunlar bir daha azərbaycanlıların
Yerevan və digər tarixi torpaqlarına qayıdacaqları ilə
bağlı səslənən fikirlərin Ermənistanda nə
dərəcədə ciddi qəbul edildiyini aydın
nümayiş etdirir. Əslində ermənilərin bu məsələdə
haqsız olduğu da deyilə bilməz.
Axı Azərbaycan lideri İlham Əliyev ermənilərin
etiraf etdiyi kimi, bütün vədlərini yerinə yetirir.
Elçin
CƏFƏROV,
Azərbaycan. - 2021.- 16 aprel.- S.1; 4.