Vətənpərvərlik azərbaycançılığın
tərkib hissəsidir
Böyük tarixi şəxsiyyət Heydər Əliyev qürurla deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də
fəxr edirəm ki, mən azərbaycanlıyam!”
Bu kəlam
hər bir azərbaycanlının milli
özünüdərkidir. Məhz buna görə də Vətənini sevənlərin
hamısı Ümummilli
Liderimizin ideoloji irsini öyrənə-öyrənə
həmişə Azərbaycan
dövlətçiliyinin əsgəri
olublar.
Əsgər olmaq ifadəsinin məna çalarları çoxdur. Onlardan biri də hər
hansı ideyanı böyük məsuliyyətlə,
sədaqətlə yerinə
yetirməkdir. 1993-cü ilin
iyununda xalq Heydər Əliyevi təkidlə hakimiyyətə
dəvət etdi. Dahi şəxsiyyət Azərbaycanın dövlətçiliyi
naminə bu təkidli təklifi qəbul etdi. Onun hakimiyyətə qayıdışı ilə
milli qarşıdurma aradan qaldırıldı,
uğurlu xarici siyasətin nəticəsi
olaraq Azərbaycan dünya dövlətləri
sırasında öz
layiqli yerini tutdu.
Ulu Öndərin
müəllifi olduğu
azərbaycançılıq ideologiyası bütün
xalqımızı birləşdirir,
həmrəy edir. Prezident İlham Əliyev azərbaycançılıq
ideologiyasını uğurla
davam etdirir. Bu ideologiya cəmiyyətin
bütün sahələrini
əhatə edir. Müstəqil Azərbaycanın
dövlətçiliyinin təməllərindən
biri də azərbaycançılıq məfkurəsidir.
Bu məfkurə minillik dövlətçilik
tarixinə malik olan bir xalqın
yaşama, var olma fəlsəfəsidir.
Bu məfkurənin əsası vətənpərvərlikdir.
Birinci Qarabağ müharibəsində
onlarla gənc Vətən naminə, dövlət naminə qəhrəmanlıqlar göstərmişdi.
Etibar Hüseynov özünü düşmən
tankının altına
atdı. Mayor Rasim İbrahimov əsir düşməmək
üçün özünü
də, onu dörd tərəfdən
əhatəyə almış
düşmənləri də
partladıb məhv edib. Tərtərdə Vəzir Orucov
döyüşlərdən əvvəl erməni silahlılarının arxasına
keçərək geri
çəkilən düşməni
pulemyotla qırdı.
Mübariz İbrahimovun
qəhrəmanlığından sonra təkcə ordumuzda deyil, cəmiyyətimizdə yeni
qəhrəmanlıq mərhələsi
yarandı: mübarizləşmə.
Ötən il ön xətdə
xidmət edən bir əsgərin mətbuata dedikləri könlümə yaman yatmışdı: “Azərbaycanda
milli-azadlıq hərəkatı
genişlənəndə müstəqillik
mübarizlərinin sırasında
atam da olub.
Mən yaşda olanda. Yəni mən və mənim yaşıdlarım
həm də atalarımızın düşüncələriylə
formalaşmışıq. Onların mübarizəsinin
nəticəsi dövlət
müstəqilliyimiz oldu.
Atamgilin mübarizə
apardığı illərdə
səslənən “Ya
qazi ol, ya şəhid” çağırışı bizə də aiddir. Onların əqidəsi bizim əqidəmizdir, o əqidə
azərbaycançılıqdır, Azərbaycan dövlətçiliyidir,
Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunmasıdır
- torpaqlarımızın işğaldan
azad edilməsidir”. Bu fikirləri dövlətə, dövlətçiliyə
sədaqət kimi oxumuşdum, bu vətənpərvərliyi seçicilərimlə
qürurla bölüşmüşdüm.
2020-ci il sentyabrın 27-də Ali Baş Komandanın döyüş əmri ilə əks-hücum əməliyyatı kimi başlayan, Vətən müharibəsi kimi davam edən döyüşlərdə də
oğullarımız əsl
qəhrəmanlıq nümunəsi
göstərdilər. Onlar torpaqlarımızın
işğaldan azad edilməsi üçün
heç nədən çəkinmədən döyüşdülər.
Leytenant Elvin Şükürlü
Mübariz İbrahimovun
qəhrəmanlığını təkrarladı. Kəlbəcər
istiqamətində gedən
döyüşlərdə komandiri leytenant Elvin Şükürlü
olan taqım da qətiyyətlə döyüşdü. Döyüş
ara verəndə komandir nə düşünübsə, əsgərlərinə
baxıb, onların baxışlarının
işığında sonrakı
döyüşü görüb.
“Siz qalib
gələcəksiniz!” deyib,
heç kimə hiss etdirmədən, komandanlığa bildirmədən
Mübariz İbrahimovun
qəhrəmanlığının mahiyyətini təkrarlamağa
- düşmənin ciddi
müqavimət göstərən,
döyüşçülərimizin qələbə yolunda maneə olan mövqeyinə gedib.
Elvinin şəraitə
görə atışmağa
imkanı olmayıb. Qarşısına çıxan
erməniylə əlbəyaxa
olub, onu öldürüb. Sonra başqa ermənini, daha sonra üçüncünü,
dördüncünü... Düşmənin
səngərində şəhid
olub. Düşmənin
mövqeyinə, səngərinə
belə gediş, belə döyüş vətənpərvərliyin təsdiqidir.
Elvinin vətənpərvərliyi
taqımın döyüş
ruhunu, qisas hissini kükrədib.
Döyüşçülərdən birinin “Komandirimizin qisasını almadan Əzrayıla can vermərəm!” kəlmələrini
hamısı döyüş
andı bilib. Əsgərlərimiz döyüşü
taqım komandirlərinin
şəhidliyinin ruhu
ilə davam etdirib. Bunlar hərbi anda sədaqət biçimli vətənpərvərlikdir.
Ulu Öndər
Heydər Əliyev deyirdi ki, azərbaycançılıq
Azərbaycanı qoruyub
saxlamaq, dövlətçiliyi
möhkəmlətmək vasitəsidir.
Azərbaycan gəncliyi
böyük tarixi şəxsiyyətin bu kəlamını öyüd-nəsihət
kimi düşüncələrinə,
düşüncələrindən ömürlərinə köçürüb.
Bu köçürmə
də vətənpərvərlikdir.
Vətən müharibəsinin ilk qələbələrini xalqımız
torpaqlarımızın işğaldan
qurtuluşunun başlanğıcı
bildi. Hamı özünü ruhən döyüşənlərin sırasında
gördü. Nənələr
döyüşənlərə əlcək, corab, jaket toxuyurdu, analar döyüşənlərin
ehtiyacı olmasa da onlara dolmalar,
kotletlər, qutablar bişirib göndərirdi.
Ağsaçlı bir
ananın dediklərini
heç zaman unutmaram: Onların hər biri mənim
şəhid oğlumun
qardaşıdı. Oğlum
şəhid olmasaydı,
indi özü də, oğlu da onların sırasında olardı. Ağsaçlı ananın
dedikləri də vətənpərvərliyin təsdiqidir.
Xalqımız Prezident İlham Əliyevin çağırışına
böyük vətənpərvərliklə
əməl edəcək,
işğaldan azad edilmiş ərazilərimizdə
quruculuq işlərində
əsl vətəndaş
kimi iştirak edəcəklər. Vətənpərvərlik
azərbaycançılığın tərkib hissəsidir.
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Azərbaycan. - 2021.- 16 aprel.- S. 5.