İndi isə memar qazimizi böyük quruculuq işləri gözləyir
...O, dayısını
heç görməmişdi.
Amma anasının hər dəfə “can qardaşım” deyib ağlaması balaca Abdullanın körpə qəlbinə
bir nisgil toxumu səpmişdi. Dayısını
tanımaq, onun kim olduğunu bilmək istəyirdi. “Nə üçün anam hər dəfə ondan söz düşəndə bu qədər kədərlənir?”
deyə düşünürdü.
Bu suallara cavab axtara-axtara böyüdü
Abdulla. Özünü dərk edəndə bildi ki, dayısı Ayaz Musayev I Qarabağ müharibəsinin
qəhrəmanlarından, şəhidlərindən
biri imiş. Onu da öyrəndi ki, Ayaz dayısı Qarabağa ilk gedən könüllülərdən olub.
Bir çox döyüşlərdə
igidliklə vuruşub.
1993-cü ilin mart ayında Ağdam istiqamətində gedən
döyüşlərin birində
isə şəhid olub. Dayısının
oxuduğu Qax rayonu Əmircan
kənd tam orta məktəbi indi şəhid Ayaz Musayevin adını daşıyır. Hər dəfə kəndə, nənəsigilə gedəndə
yolunu buradan salan Abdullanın qəlbində özünün
də anlamadığı
bir təlatüm
baş verirdi: “Kaş mən də dayım kimi bu torpaq uğrunda
döyüşə, şəhidlərimizin,
qaçqın-köçkünlərimizin
qisasını ala biləydim”.
...Abdulla Tağıyev Qax şəhər 4 saylı
tam orta məktəbində təhsilini
başa vurub Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinə
daxil oldu. Ali təhsilini fərqlənmə
diplomu ilə bitirib 2017-ci ilin iyun ayında hərbi xidmətə yollandı. Xidmətini də ləyaqətlə
yerinə yetirdi.
Gənc memarın ilk iş yeri isə
Qax Rayon İcra Hakimiyyətinin Memarlıq
və tikinti şöbəsi oldu.
...Ermənilərin tez-tez sərhədlərimizdə törətdikləri
təxribatlar, xalqımızı
aşağılayan təhdidləri
Azərbaycan gənclərinin
hiddətinə səbəb
olur və onlar Ali Baş Komandanın əmrini gözləyirdilər. Doğru
vaxtı və zamanı gözləyən
Prezidentimiz ölkədə
qismən səfərbərlik
elan edən kimi minlərlə gəncimiz könüllü
olaraq cəbhəyə
getmək üçün
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin ( SHXÇDX) yerli şöbələrinə
üz tutdu. Abdulla da heç fikirləşmədən
bu çağırışa
qoşuldu və
SHXÇDX-nin Qax rayon
şöbəsindən cəbhəyə
yola düşdü.
Sağollaşıb evdən çıxanda dönüb
anasına baxdı. Gözlərinə inanmadı. Anası ağlamırdı. Fəxrlə, qürurla oğlunu uğurlayırdı. Yadına
anasının həmişə
söylədiyi bu
sözlər düşdü:
“Sən də dayın kimi igid olacaqsan!”
Beləliklə, gənc memarın manqa komandiri kimi cəbhə həyatı başlanır. Sentyabrın 27-də Murov dağında, 3500 metr yüksəklikdə
yerləşən postlarımızdan
birində baş atıcı kimi döyüşdə iştirak
edir. Müharibənin ilk günündə ermənilər postlarımızdan
birini vururlar. Həmin postdakı əsgərlərimiz
ərzaqsız qalır.
Arxa cəbhə ilə əlaqə isə kəsilir. Abdullanın olduğu postun
əsgərləri öz
ərzaq payını
döyüş dostları
ilə bölüşürlər.
Tərslikdən içməli
su da qurtarır.
Düşmən snayperi aşağı
enməyə imkan vermir. Həmin gün Murova ilin ilk qarının yağması Allahın
möcüzəsi olur.
Əsgərlərimiz qarı əridib
su kimi içirlər.
Kəlbəcərin Lev kəndi ermənilərin əlində
idi. Düşmən bütün
təminatlarını (ərzaq
və silahı) bu kənddə yerləşdirmişdi. Müharibənin
elə ilk günündə
artilleriyamız orada ermənilərə
məxsus arxa cəbhəni darmadağın
etdi. Daha sonra canavar dişinə bənzəyən
qayanın arxasındakı
iki erməni postu da məhv edildi.
Abdullagilin postu “Ömər aşırımı” adlanan postla üzbəüz dayanmışdı.
Ermənilər burada güclü
istehkam qurmuşdu.
Üstəlik, ərazi coğrafi cəhətdən
də çox çətin idi. Kəşfiyyat qrupu heç cür oraya çata bilmirdi. Döyüşlər davam etsə
də, komandanlığın
əmri ilə döyüş piyada hərəkəti məhdudlaşdırılmışdı.
Əks təqdirdə
daha çox itki verilə bilərdi. Ona görə də
postlardakı əsgərlərimiz
mövqelərini möhkəmləndirirdilər.
Abdullagilin postu ən
son nöqtədə yerləşirdi. Oktyabrın 19-da onlar ermənilərin
postunu vururlar. Yarım saatdan sonra isə
ermənilər buna çavab verirlər.
Düz
30-a qədər minamyot
atırlar. Qəlpələrdən biri Abdullanın əlindəki avtomatın
qundağını qoparır.
Hərbi
hissə ilə rabitə əlaqəsi kəsilir. Mərkəzə xəbər verilir
ki, post vurulub, əsgərlərimiz şəhid
olublar. Xoşbəxtlikdən manqa üzvlərinin
hamısı sağ-salamat
idi. Onlar qayalıqları özlərinə sipər
etmişdilər. Kəlbəcər azad olunduqdan sonra postun şəxsi
heyəti aşağıda
yerləşən hərbi
hissəyə qayıdır.
Hamı sevinir.
Dekabrın 31-də, Yeni il axşamı
tərxis olunan Abdulla Tağıyevin cəbhə xatirələrini
həyəcansız dinləmək mümkün deyil:
-
Müharibə ölüm
kabusudur. Doğrusu, əvvəllər içimdə
nə isə bir ağırlıq vardı. Amma elə ilk gündən
bu hiss yox
oldu. Hər şey, ölümün özü də adiləşdi gözümdə.
Qələbə hər
birimizin qanı-canı
bahasına qazanıldı.
Şəhid olan döyüş dostlarımı
unuda bilmərəm. Biz birlikdə ölümə meydan oxuduq. Tabur komandirimiz
mayor Rahib Babayevi, leytenant Göyüşovu (o, iki gün idi bizim
posta gəlmişdi, adını öyrənməyə
belə imkanımız
olmamışdı) ömrüm
boyu xatırlayacam. Onlar biz şəhid
olmayaq deyə özlərini düşmən
gülləsinə sipər
etdilər. Allah rəhmət eləsin! 44 günlük
müharibədə çox
şeyi öyrəndim:
hər cür çətinliyə dözməyi,
ölümün gözünə
dik baxmağı, bu torpaq üçün
ölməyi bacarmağı,
dostun, yoldaşın üçün sinəni
sipər etməyi. Həyatımın ən qiymətli anlarını bu 44 gündə yaşadım. Yəqin etdim ki, Vətən
uğrunda ölmək,
şəhid olmaq ən uca, ən
şərəfli məqamdır.
Bu istək, bu arzu Milli
Ordumuzun generalından
əsgərinədək hər
kəsdə bütövləşmişdi.
Qələbə asan qazanılmayıb. Şəhidlərimiz,
yaralılarımız da
var. Sağ-salamat qayıtmağım isə
Allahın möcüzəsidir.
Ən azı 7-8 dəfə ölümlə
burun-buruna gəlmişəm.
Günlərlə yuxusuz,
əlimizdə silah dayanırdıq. Lakin heç birimiz şikayətlənmirdik. Hətta
zarafatımızdan da
qalmırdıq. Bu çətin günlərdə
qazandığımız dostluğu
ömrümüz boyu
davam etdirməyə and içmişik. Döyüş dostlarımın
çoxu rayonumuzdan olub: Şamil, Cahid, Murad, Ruslan
və başqaları.
Hərəsi
bir igiddir. Bizim dostluğumuz qanlı-qadalı günlərin
sınağından çıxdı. Vətənimiz
uğrunda, Böyük
Qələbəmiz yolunda
vuruşduğumuz günlərin...
Dövlətimiz Qələbədə payı
olan hər kəsi dəyərləndirdi.
Həmyerlimiz, Vətən
müharibəsinin qazisi
Abdulla Tağıyev də Prezident, Ali Baş Komandan
İlham Əliyevin sərəncamı ilə
“Kəlbəcər uğrunda”
və “Döyüş
iştirakçısı” medalları ilə təltif olunub.
İndi gənc memarı Azərbaycanda başlanan yeni dövrün böyük quruculuq işləri gözləyir.
Qəhrəman qazimiz,
bu yolda uğurların bol olsun!
Xavər ƏFƏNDİYEVA,
Qax rayonunda çıxan “Şəlalə”
qəzetinin redaktoru
Azərbaycan. - 2021.- 16 aprel.- S. 6.