Heyvandarlığın inkişafı
elmi əsaslara söykənir
Alimlərlə fermerlərin əməkdaşlığı faydasız qalmır
Etibarlı ərzaq təminatı hər bir ölkənin
iqtisadi sabitliyinin və sosial dayanıqlığının başlıca
şərtidir. Azərbaycanda da əhalinin ərzaqla etibarlı təminatı məqsədilə
bir çox tədbirlər həyata keçirilir. Ölkədə
ərzaq təhlükəsizliyinin
birbaşa asılı
olduğu aqrar sahənin inkişafına
yönələn irimiqyaslı
dövlət proqramlarının
icrası ilə iqtisadiyyatın əsas sahəsi olan kənd təsərrüfatının
sürətli inkişafı
təmin edilir.
Qeyd etmək lazımdır ki, aqrar sahənin
sürətli inkişafının
təmin edilməsində
əsas prioritetlərdən
biri də onun elmə əsaslandırılmasıdır. Bu baxımdan Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun üzərinə böyük
vəzifələr düşür.
Lakin uzun illər institutda durğunluq hökm sürmüş, bu elmi müəssisə ölkənin aqrar sektorunda gedən proseslərdən geridə
qalmışdı. Bununla
bağlı 2018-ci ildə
Azərbaycan qəzetində
geniş məqalə
də dərc olunmuşdu. Qəzetin tənqidi çıxışından
sonra institutda kadr dəyişikliyi aparılmış, onun maddi-texniki bazasının
möhkəmləndirilməsi üçün bir sıra məqsədyönlü
işlər həyata
keçirimişdir.
Mövcud
vəziyyətlə maraqlanmaq
üçün bu günlərdə yenidən
institutda olduq. İnstitutun direktoru Mahir Hacıyev bildirdi ki, qəzetin
tənqidi çıxışından
sonra Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun 2018-2020-ci illər
üçün strateji
inkişaf planı təsdiq edilmiş, həmin plana uyğun işlər tamamilə yenidən qurulmuşdur.
Hazırda institutda 4 şöbə və 6 laboratoriya fəaliyyət göstərir. Bütün laboratoriyalar müasir
avadanlıqlarla təchiz
olunmuşdur. M.Hacıyev
dedi ki, qarşıda duran vacib məsələlərdən
biri institutun genetik mərkəzə çevrilməsinə nail olmaqdır.
Bunun üçün
hazırda seleksiya-damazlıq
işlərində elmi
tədqiqatların səviyyəsinin
yüksəldilməsinə və səmərəliliyinin
artırılmasına nail olmaq,
eləcə də elmi tədqiqatların aparılmasında müasir
biotexnoloji üsullardan
(süni mayalanma, gen mühəndisliyi və embrion köçürmə)
istifadə etməklə
yüksək məhsuldar
damazlıq heyvanların
yaradılması istiqamətində
işlər aparılır.
Həmçinin öyrəndik ki, institutun nəzdində qaramal, qoyun və quş
cinslərinin saxlanması
üçün genetik
kolleksiya fermalarının
yaradılması davam
edir. Bu isə elmi
tədqiqat işlərinin
aparılması üçün
geniş imkanlar açır. Artıq
Kənd Təsərrüfatı
Nazirliyi tərəfindən
ölkəyə gətirilən
yüksək məhsuldar
qoyun cinsləri ilə yanaşı, yerli cinslərdən olan Qaradolaq, Qala, Bozax və Avasi Bozağın mələzlərindən ibarət
seleksiya ferması yaradılmışdır. Bundan
əlavə, qaramalın
cins tərkibinin yaxşılaşdırılması üçün
institutun yardımçı
təsərrüfatında olan Holşten Friz, Şvis Braun, Aberdin Anqus, Vagyu və Simmental cinslərinin kompleks bioloji xüsusiyyətləri öyrənilmişdir.
İnstitutun qarşısında duran əsas vəzifələrdən biri
də yeni ətlik və ətlik-südlük qaramal
hibridlərinin yaradılmasıdır. Artıq bu istiqamətdə
də işlərə
başlanılmışdır. Yüksək
nəticələr də
var. Belə ki, Süni Mayalanma Mərkəzinin əldə
etdiyi toxumlar institutun yardımçı
təcrübə təsərrüfatında
yüksək məhsuldar
cinslərin yetişdirilməsinə
imkan vermişdir.
Ümumiyyətlə, aparılan elmi
araşdırmalar nəticəsində
son 3 ildə ətlik və südlük istiqamətli iribuynuzlu mal-qara mələzləri alınmışdır. Bütün
bu işlərin daha səmərəli həyata keçirilməsi
üçün Kənd
Təsərrüfatı Nazirliyinin
təşəbbüsü ilə institutun yardımçı təcrübə
təsərrüfatının ərazisində 100 başlıq
müasir maldarlıq kompleksi tikilir.
Direktor onu da bildirdi
ki, ölkəyə gətirilən yüksək
məhsuldar qoyun və keçi cinslərinin yetişdirilməsi
və onların yerli populyasiyalarla çarpazlaşdırılması nəticəsində alınan
mələzlərin damazlıq
və məhsuldarlıq
keyfiyyətləri öyrənilir. Onu da nəzərə çatdıraq ki, gətirilən yüksək
məhsuldar qoyun cinslərinin yetişdirilməsi,
adaptasiyası, onların
ana qoyunlarının yerli qoyun cinsləri
ilə çarpazlaşdırılması
nəticəsində alınan
mələzlərin damazlıq
və məhsuldarlıq
keyfiyyətlərinin yüksəldilməsi
ilk dəfə bu institutda aparılmışdır.
İnstitutda aparılan elmi-tədqiqat işlərində
xarici alimlərin də təcrübəsindən
geniş istifadə edilir. Əməkdaşlıq çərçivəsində
bağlanmış müqaviləyə
əsasən Türkiyənin
Qars Qafqaz Universitetinin iki əməkdaşı - professor Yavuz Öztürklər və professor Cihan Kaçar, eləcə də Aksaray Universitetinin əməkdaşı,
professor Tahir Karaşahin
ekspert qismində bir il müddətində
Azərbaycana ardıcıl
səfərlər edərək
yerli fermerlər üçün təlim və seminarlar keçirmişlər. Onlar
həmçinin qoyunçuluqda
süni mayalanmanın Azərbaycanda
tətbiqi, süngərləmə
üsulu ilə bala alınması, damazlıq və seleksiya işinin təşkili və s. məsələlər ətrafında
maarifləndirmə işləri
aparmışlar.
İnstitutda quşçuluğun
inkişafı istiqamətində
də elmi-tədqiqat işləri aparılır. Hazırda bu məqsədlə
ətlik-yumurtalıq istiqamətli
damazlıq quşların
yaradılması, onların
baş sayının artırılması və
digər istiqamətlərdə
işlər davam edir.
İnstitutun fəaliyyətində
baramaçılığın inkişaf perspektivləri də diqqət mərkəzindədir. Hazırda laboratoriyada yeni
tut ipəkqurdu cins və hibridlərinin yaradılması istiqamətində
elmi-tədqiqat işləri
görülür. Uzun
müddət üzərində
seleksiya işi aparılan AZŞ-1 və
AZŞ-3 ipəkqurdları artıq
cins kimi formalaşmış və
özünü təsdiq
etmişdir. Bundan başqa, 4 ildə
aparılmış elmi-tədqiqat
işləri nəticəsində
yaradılmış hibridlərin
rayonlaşdırılması da nəzərdə tutulmuşdur.
M.Hacıyevin sözlərinə görə,
institutda dovşançılığın
və arıçılığın
inkişafı istiqamətində
də elmi işlər aparılır:
Son 3 il ərzində
təcrübə təsərrüfatında
çarpazlaşdırma tətbiq
edilməklə yeni cins dovşanlar alınmış və ətlik-xəzlik dovşan
cinsinin yaradılması
üçün
müəyyən işlər
görülmüşdür. İnstitutda həmçinin
genofondun qorunması və Bozdağ Qafqaz arı cinsinin cins tərkibinin
yaxşılaşdırılması üçün müxtəlif
bölgələrə ekspedisiyalar
təşkil edilmiş,
anatomik quruluşuna görə saf cinsin əksər xüsusiyyətlərini özündə
cəmləşdirən Bozdağ
Qafqaz cinsinə aid 15 ana və
300 erkək arı toplanaraq instituta gətirilmiş və laboratoriyada elmi-tədqiqat
işlərinə başlanılmışdır.
Süni mayalandırma yolu ilə əldə edilən arılar ailələrə verilmişdir.
Hazırda Azərbaycana gətirilən
daha məhsuldar Karnika arı cinsi yerli Bozdağ
Qafqaz erkək arıları ilə mayalandırılmaqla onların
inkişaf dinamikasının
öyrənilməsinə başlanılmışdır.
Məlum olduğu kimi, heyvandarlıqda yemləmə əsas məsələlərdəndir. Xüsusilə qış aylarında
yaşıl yemə olan tələbatın ödənilməsi məqsədilə
institutun laboratoriyasında
hidraponika sistemi ilə Yaşıl yem istehsal prosesi
üzərində tədqiqatlar
aparılaraq müxtəlif
bölgələrdə fəaliyyət
göstərən fermerlərə
təqdim edilmişdir.
Hazırda müxtəlif yemlərdən
və alternativ yem əlavələrindən
istifadə etməklə
mövcud qaramalın süd məhsuldarlığının
artırılması və
keyfiyyətinin yaxşılaşdırılması
istiqamətində elmi
tədqiqat işləri
davam etdirilir.
Sonda onu
qeyd edək ki, institutun mütəxəssisləri tərəfindən
son 3 ildə heyvandarlığın
bütün sahələrini
əhatə etməklə fermerlər
üçün 540 təlim
keçirilmişdir. Təlimlər 10 mindən
çox fermer və sahibkarı əhatə etmişdir.
Sabir ƏLİYEV,
Azərbaycan. - 2021.- 16 aprel.- S.
6.