1.
Suya qənaət həyatın qarşımıza qoyduğu
vacib tələbdir
Bu
bir həqiqətdir ki, uzun illər Qarabağ münaqişəsi hökm sürməsəydi, ölkəmiz
bundan qat-qat çox inkişaf edərdi. Torpaqlarımızın
20 faizinin işğal altında
qalması ölkəmiz üçün bir çox siyasi,
iqtisadi və sosial maneələr yaratmışdı. Onlardan
biri də düşmənin Azərbaycanın böyük həcmdə
su ehtiyatlarına nəzarət etməsi idi.
Vətən
müharibəsində qazandığımız zəfər
isə bu gün su mənbələrimizdən və
torpaqlarımızdan səmərəli
istifadə etməyə imkan yaradır. Prezident İlham
Əliyev bu barədə Zaur Mikayılovu Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinin sədri vəzifəsinə təyin edərkən
demişdir: “Ermənistan Azərbaycana qarşı
işğalçılıq siyasətini o cümlədən
bu sahədə də aparırdı və bizə
qarşı ekoloji terror təşkil etmişdir... Bununla
paralel olaraq, azad edilmiş torpaqlarımızda bizim
böyük çay resurslarımız var. Biz bundan da məhrum
idik”.
Bildiyimiz
kimi, hazırda dünyada su təhlükəsizliyi problemi
mövcuddur və bu, bütün ölkələri narahat
edir. Elə bu səbəbdən ölkəmizdə də su təhlükəsizliyinin
təminatına xüsusi diqqət yetirilir və vaxtında
lazımi tədbirlər görülür. Məsələn,
dövlət başçısının qərarı ilə Taxtakörpü su anbarı tikilməsəydi,
indi Bakı şəhəri su
çatışmazlığından əziyyət çəkərdi.
Çünki iqlim dəyişikliyi, xüsusilə son
dövrlər baş verən quraqlıqlar nəticəsində
paytaxtı su ilə təmin edən əsas mənbədə
- Ceyranbatan su anbarında suyun səviyyəsi ildən-ilə
aşağı düşürdü. Vaxtında görülən tədbir sayəsində indi Bakını bu
sarıdan heç bir təhlükə
gözləmir.
Ümumiyyətlə,
Prezident İlham Əliyevin təşəbbüsü ilə
Azərbaycanda su təhlükəsizliyinin təmin edilməsinə
daim diqqətlə yanaşılır. Məhz
dövlət başçısının təşəbbüsü
ilə Taxtakörpü, Şəmkirçay, Tovuzçay və
Göytəpə su anbarları tikilib, bir neçə orta və
kiçik su anbarları istismara verilib, həmin anbarlarda
yığılan suyun əkin sahələrinə
çatdırılması üçün min kilometrlərlə
su kanalları və kollektor-drenaj şəbəkəsi
istifadəyə verilib. Bunların sayəsində 25 rayonda 100
min hektar sahənin suvarılması təmin edilib.
Onu
da qeyd edək ki, ölkədə həyata keçirilən
meliorasiya tədbirləri nəticəsində
hazırda 1 milyon 376 min hektar sahədə suvarma suyundan istifadə
olunur. Bu da 136 min hektar pambıq, 518 min hektar taxıl, 3 min
hektara yaxın tütün, 410 min hektar yem bitkiləri, 65 min
hektar bostan-tərəvəz və digər bitkilərin orta
hesabla 2,5 dəfə suvarılması deməkdir.
Bununla
belə, ölkəmizdə sudan səmərəli istifadənin
vəziyyəti hələ də qənaətbəxş
deyil. Dövlət başçısı bu barədə
demişdir: “Bizdə mövcud problemlərdən biri də
itkilərin böyük həcmdə olmasıdır. Bu itkilər
bəzi hallarda təbii xarakter alır, amma bəzi hallarda səhlənkarlıq
ucbatından baş verir”. Bu fikirdən də aydın görünür
ki, bizdə insan faktorundan qaynaqlanan su itkilərinin həcmi hələ
də yüksəkdir.
Başqa
bir neqativ hal isə suyun bölüşdürülməsindəki
ədalətsizlikdir. Bu işdə mərkəzi
və yerli icra orqanları məsuliyyətsizliyə yol verir, bəzi
sahibkarlar bundan istifadə edərək digərlərinin sudan
istifadəsinə imkan yaratmır. Üstəlik, su xətlərinin
üzərində çoxsaylı qanunsuz birləşmələr
quraşdırılır ki, bu da fermerlərin sudan səmərəli
istifadəsini məhdudlaşdırır.
Dövlət
başçısının ölkəmizin su təhlükəsizliyinə
xüsusi əhəmiyyət verməsi səbəbsiz deyil. Azərbaycan
su ehtiyatları məhdud olan ölkələrdəndir.
Doğrudur, ölkədə Xəzər dənizi hövzəsinə
daxil olan 8350 çay var. Lakin onların çoxunun uzunluğu
10 kilometrdən azdır. Cənubi Qafqazın, o cümlədən
Azərbaycanın əsas su arteriyası Kür
çayıdır. Böyüklüyünə və
sululuğuna görə ölkənin ikinci çayı isə
Arazdır. Daxili
çaylarımıza gəldikdə ayrı-ayrı bölgələr
üzrə qeyri-bərabər paylanan həmin çayların
axınının əsas hissəsi yaz dövründə
yağışlardan və qarın əriməsindən
qaynaqlanır. Belə çayların əksəriyyəti
daşqın və sel sularından əmələ gəldiyi
üçün onlardan səmərəli istifadə etmək
mümkün olmur və bu sular dənizə axır. İlin
isti aylarında isə kiçik çayların bir
çoxunun suyu quruyur.
Bunlardan
əlavə, arid zonada yerləşdiyi üçün Azərbaycanın
su ehtiyatları olduqca məhduddur. Konkretləşdirsək,
yerüstü su ehtiyatlarımız 32,2 milyard kubmetrdir ki,
quraqlıq illərində bu, 22,6 milyard kubmetrə qədər
azalır. Yeraltı su ehtiyatları isə 5,2 milyard kubmetrdir.
Onu da qeyd edək ki, Azərbaycanın yerüstü su
ehtiyatlarının 70 faizi ölkə hüdudlarından kənarda
formalaşır.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin açıqladığı son məlumata görə,
Azərbaycanın yerli səth su ehtiyatları 1960-1990-cı
illərdə 10 kubkilometrə yaxın idisə, bu rəqəm
son illər azalaraq 9 kubkilometrə
düşüb. İçməli su tələbatını,
eyni zamanda suvarma və digər sahələrdə sudan istifadəni təmin etmək üçün
Azərbaycan yerli çaylarla yanaşı, transsərhəd
çaylar olan Kür, Araz, Qanıx, Samur, Astara və s.
çayların su ehtiyatlarından istifadə edir. İl ərzində
orta hesabla götürülən suyun miqdarı 12,5
kubkilometrdir və gələcəkdə əhalinin
sayının və suvarılan ərazinin artması ilə
bağlı bu rəqəm daha
yüksək ola bilər. Son illər iqlim dəyişmələrinin
təsiri və qonşu dövlətlər tərəfindən
istifadə nəticəsində transsərhəd
çaylarının su ehtiyatları da azalıb.
1960-1990-cı illərlə müqayisədə son zamanlar
Kür, Qanıx və Araz çaylarının su
ehtiyatları azalır və nəticədə ölkəmizin
ərazisinə bu çaylarla ildə cəmi 12-15 kubkilometr su
daxil olur.
Məlumdur
ki, XX əsr elm və texnikanın inkişafına görə
dünyanın qızıl dövrü adlandırılır.
Təəssüf ki, həmin inkişafdan istifadə edən
insanlar təbiəti həddindən çox istismara məruz
qoyublar. Ümumiyyətlə, təbiətə vurulan zərbə
indi müxtəlif formalarda qayıdıb insanların özlərinə
dəyir. Alimlər sübut ediblər ki, iqlim dəyişikliyi,
daha doğrusu, qlobal istiləşmə insan fəaliyyətinin
nəticəsidir və bu gün biz onun bədəlini
yaşayırıq.
Və
belə bədəllərdən biri yox, bəlkə də
birincisi su çatışmazlığıdır. İndinin
özündə bu, bəşəriyyət üçün
böyük bəlaya çevrilib. Qarşıdakı illərdə
isə su qıtlığı
daha böyük faciələrə səbəb olacaq.
BMT-nin son araşdırmalarına görə, 30 ildən sonra
dünya əhalisinin yarısı susuz qalacaq. Yəni 2050-ci ilədək dünyada 3,5-4,4
milyard insan içməli su
çatışmazlığı problemindən əziyyət
çəkəcək. Həmin hesabatda o da qeyd edilir ki, içməli su
çatışmazlığından əziyyət çəkəcək
insanların 1 milyardı böyük şəhərlərdə
yaşayanlar olacaq. Bu günün özündə dünyada 2
milyarddan çox adam içməli su
çatışmazlığından əziyyət çəkir
və ya ümumiyyətlə, içməli su
ehtiyatlarından məhrumdur. Məsələn, Efiopiyada bu
cür insanların sayı 61 milyondur. Hindistanda isə 163
milyondan çox adam içməli su nədir, bilmir. Hesabatda həmçinin
bildirilir ki, yaxın onilliklər ərzində enerji sektoru tərəfindən
su ehtiyatlarından istifadə də xeyli artacaq.
Belə
olan halda içməli suyun dünyada bahalı əmtəəyə
çevrilməsi təbiidir. Hazırda Avropanın inkişaf
etmiş Almaniya, Niderland, Danimarka kimi ölkələri
İsveçdən içməli suyu satın alır. Uzaq
Şərqdə də vəziyyət ürəkaçan
deyil. Belə ki, Yaponiyanın mağazalarında Norveçdən
gətirilən su satılır. 4 milyon nəfər əhalisi
olan Honkonq isə əhalini su ilə Çindən çəkilən
kəmər vasitəsilə təmin edir. Səudiyyə
Ərəbistanı da Filippindən, Sinqapur Malayziyadan tankerlərlə
içməli su daşıyır.
Ən
acınacaqlısı isə odur ki, şirin su ehtiyatları
ümumi su ehtiyatlarının 2,5 faizini təşkil edir və
bunun da istifadəyə yararlılıq dərəcəsi 0,3
faizdir. BMT-nin su resurslarının qiymətləndirilməsi
üzrə ümumdünya proqramının məlumatına
görə, 2010-cu ildə dünyada şirin su
qıtlığı artaraq 225-230 milyard kubmetr olub, 2025-ci ildə
isə bu rəqəmin 6-9 dəfə artaraq 1,3-2 trilyon kubmetrə
çatmaq ehtimalı var.
Bunlar da hələ hamısı deyil. Ümumdünya Səhiyyə Təşkilatının
məlumatına görə, hər gün dünyada diareya xəstəliyindən
5 min uşaq ölür, yəni
hər 17 saniyədə bir uşaq həyatını
itirir. Belə hal təkcə inkişafdan geri
qalan ölkələrə aid deyil. İnkişaf
etmiş ölkələrdə də xəstəliklərin
80 faizi içməli suyun keyfiyyəti ilə
bağlıdır. Bu ölkələrdə hər il 3 milyon insan suyun keyfiyyətsizliyi ilə
bağlı yaranan xəstəliklərdən
dünyasını dəyişir. Dünyada
ümumilikdə 500 milyondan artıq insan içməli su ehtiyacından
müxtəlif xəstəliklərə düçar olur.
Məlumdur ki, bəşəriyyətin
içindən keçən iki dünya müharibəsinin
başlanmasının əsas səbəbi ərazi
iddiaları olub. İndi dünya alimləri
belə qənaətə gəliblər ki,
üçüncü dünya müharibəsi içməli
su ehtiyatlarının əldə edilməsi uğrunda
başlaya bilər. Bu isə təsadüfi
deyil. Tarixdən duz, mis, kömür,
qızıl, almaz, uran, neft, qaz və digər sərvətlər
uğrunda müharibələrin baş verdiyi məlumdur.
İndinin özündə Suriya, İraq, Liviya
və Yaxın Şərqdə neftlə zəngin digər
ölkələrdə tökülən qanların səbəbi
“qara qızıl”dır.
Bu gün isə dünyanın ən qlobal problemi su ilə,
xüsusilə içməli su mənbələri ilə
bağlıdır. Artıq Orta Asiyada, Yaxın Şərqdə su
ehtiyatları üzündən bir sıra dövlətlər
arasında açıq və ya gizli “müharibə”lər
gedir. Su çatışmazlığı
daha kəskin xarakter aldıqda belə müharibələrin
açıq və şiddətli olması şübhə
doğurmur. Çünki susuz həyat
yoxdur. Həyat uğrunda müharibə və
ya mübarizə aparmaq isə təbiidir.
Yeri gəlmişkən, məlumdur ki, dünyada ən
çox şirin su ehtiyatı Rusiya ərazisindəki Baykal
gölündədir. Bir çox Amerika siyasətçiləri
Rusiyanın bu sərvətə təkbaşına sahib
olmağını düzgün hesab etmirlər və bu səbəbdən
Baykalın su ehtiyatından bəşəriyyətin bərabər
istifadə etməsi fikrini irəli sürürlər. Sözsüz ki, belə təkliflər Rusiya tərəfindən
birmənalı qarşılanmır. Bu ölkə nəyə
sahib olduğunu çox yaxşı bilir: gələcəkdə
dünya demək olar ki, Baykalın ümidinə qalacaq. Elə buna görə də amerikalı siyasətçilər
indidən Rusiyaya qısqanclıqla yanaşırlar.
Hər damlasında həyat olan suyun qədrini bilməliyik,
ondan maksimum qənaətlə istifadə etməliyik. Bu səbəbdən ölkəmizdə
su təhlükəsizliyinin təminatı sayəsində
görülən mühüm işlərə vətəndaş
dəstəyi verməliyik. Vətəndaş dəstəyi
isə ilk növbədə sudan qənaətlə
istifadə etməkdir. Bu, həyatın bəlkə
də qarşımıza qoyduğu ən vacib tələbdir.
Rüstəm
KAMAL,
Azərbaycan. - 2021.- 16 aprel.- S. 6.