Qarabağda ilk zəfər Ramazanı keçiriləcək
Tarixi-dini abidələr
erməni vəhşiliyinin qurbanı olub
Azərbaycan ərazilərini işğal altında saxladığı dövrdə Ermənistanın həyata keçirdiyi vandalizm aktları tarixi-dini abidələrimizdən də yan keçməyib. Elə bunun nəticəsidir ki, belə abidələrə münasibətdə erməni vəhşiliyi azad edilmiş ərazilərin hər yerində özünü qabarıq surətdə büruzə verir. Ermənilər faktiki olaraq işğal dönəmində Azərbaycana məxsus yüzlərlə tarixi-dini abidələri məhv ediblər.
Bununla onlar həmin yerlərdə Azərbaycan xalqının mədəni, dini irsinin izlərini itirməyə çalışıblar. Qeyd edilən məqam ölkədəki dini konfessiyaların rəhbərlərinin Ağdama səfəri fonunda bir daha özünü büruzə verdi.
“Qələbəmiz islam dünyası üçün də böyük qalibiyyətdir”
Azərbaycan xalqına qarşı həyata keçirilmiş erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar və məbədlərdir. Maddi-mədəniyyət nümunələrini, o cümlədən tarixi-dini abidələri məhv etmək Ermənistanın təcavüzkar siyasətinin tərkib hissələrindən biri olub. Müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət nümunələri dağıdılmaqla yanaşı, həm də təhqir olunub.
Qafqaz
Müsəlmanları İdarəsinin sədri,
Şeyxülislam Allahşükür Paşazadə bu məsələ
ilə bağlı artıq dünyanın daha konkret mövqe
sərgiləməli olduğunu Ağdam səfərində
bir daha diqqət mərkəzinə gətirdi.
Allahşükür Paşazadə dedi ki, Ağdam hər zaman öz gözəlliyi, binaları, insanları ilə seçilib: “Bu səfərə gələndə, buranı görəndə mənim ürəyim ağrıdı. Yəhudi icmasının rəhbəri Milix həzrətləri dedi ki, bura daha çox Xirosimaya oxşayır. Mən gələ-gələ gördüm ki, insanlar burda öz həyatını təhlükəyə ataraq mina axtarırlar. Bu torpaqları minalardan azad etmək istəyirlər. Bu o deməkdir ki, bu torpaqların sahibi bizik. Onlar sahibi olmayıblar. Ermənilərin məqsədi vandalizm, bütün torpaqlarımızı dağıtmaq olub. Biz Qarabağ uğrunda həlak olan şəhidlərimizi də ziyarət etdik. Qəbiristanlıqda 150-dən çox şəhid qəbri vardı. Onların çoxu dağıdılıb. Bu, insani münasibət deyil. Bütün dünyada olan ermənipərəstlər həmişə bunları dəstəkləyiblər. Bizim qələbəmiz islam dünyası üçün də böyük qalibiyyətdir. Bu qələbəni əldə saxlamaq və bu qələbəni dirçəltmək hər birimizin borcudur”.
Roma Papasına müraciət olunacaq
Allahşükür Paşazadə həmçinin qeyd edib ki, Azərbaycandakı xristian, katolik, yəhudi icmalarının rəhbərləri də onunla birlikdə Ağdama səfər ediblər: “Bu, bir daha göstərir ki, Azərbaycanda tolerantlıq, dinlərarası dialoq, yaxşı münasibətlər var. Biz birlikdə məsciddə namaz qıldıq. Hər kəs öz ibadətini elədi. Bu, dünyanın heç bir yerində yoxdur. Bu, Azərbaycan xalqının dəyəridir. Ermənilərin azərbaycanlılarla birlikdə yaşaya bilməmələrini deməsi isə anlaşılan deyil. Bizim xalqımız həmişə başqa xalqlara hörmətlə yanaşıb. Onların məbədlərinə, inamlarına hörmətlə yanaşmışıq. Bu gün də hörmətlə yanaşırıq. Bakıda yerləşən erməni kilsəsinə də hörmətlə yanaşırıq”.
Şeyxülislam səfərdən qayıtdıqdan sonra bir sıra dini liderlərə, o cümlədən Roma Papasına müraciət olunmasını təklif edib: “Çox istəyərdim ki, səfərdən qayıtdıqdan sonra bir sıra dini liderə, o cümlədən Roma Papasına müraciət edək ki, işğaldan azad olunmuş ərazilərin minalanması ilə bağlı fikirlərini, münasibətlərini bildirsinlər”.
“Din xadimləri də hərbçilərlə çiyin-çiyinə vuruşublar”
Şeyx həmçinin Vətən müharibəsində din xadimlərinin fəaliyyətinə də münasibət bildirib. Qeyd edib ki, 44 gün ərzində din xadimləri də hərbçilərlə çiyin-çiyinə vuruşublar. Onların içində şəhid olanlarımız, yaralananlar da var: “Bu torpaqlar bizim üçün əzizdir, bu qələbə bizə elə-belə qismət olmayıb. Buna görə də bizim borcumuz bu torpaqları həm daxildən, həm də xaricdən olan təsirlərdən qorumaqdır. Bu, çox geniş nüansdır. Bununla bağlı bir kitab hazırlamağı düşünürük. Vətən müharibəsi dövründə din xadimlərinin işləri ilə bağlı bizdə xaricdən göndərilən çoxlu məktublar var. Bu məktubların içərisində bizi dəstəkləyən, istəyən insanların da məktubu çoxdur. Dünyada tanınmış din xadimlərinin məktublarını almışıq. Onlar hamısı kitablarda çap olunacaq”.
“63 məscidimiz bərpa olunacaq, oradan azan səsi gələcək”
Allahşükür Paşazadə xüsusilə vurğulayıb ki, Prezident İlham Əliyevin fədakarlığı, onun Şuşaya səfər etməsi, Cıdır düzünə getməsi - bütün bunlar Azərbaycan xalqında fərəh, qürur doğurur. Şeyx işğaldan azad edilmiş torpaqların çiçəklənəcəyinə inandığını bildirib: “Bu məsələdə Mehriban xanımın da böyük zəhməti var. Ona da öz minnətdarlığımızı bildiririk. İşğal zamanı dağıdılmış 63 məscidimiz bərpa olunacaq, oradan azan səsi gələcək. O cümlədən bu ərazilərdə kilsələrimiz, sinaqoqlarımız var. Azərbaycan xalqının bütün mədəni abidələri bərpa ediləcək. Bu torpaqların azad olması bizim şəhidlərimizin qanı bahasına olub. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şəhidlərin ailələrinə də başsağlığı verirəm. Azərbaycan xalqı heç vaxt onları unutmayacaq. Bu, ilk zəfər Ramazanı, ibadəti olacaq. Biz həm şəhidlərimizi yad edəcəyik, həm qazilərimizə dua edəcəyik”.
“Erməni
vandalizmini Xudavəngdə, Ağoğlanda, hər yerdə
gördük”
Alban-Udi Xristian İcmasının sədri Robert Mobili isə bildirib ki, bu, işğaldan azad edilmiş torpaqlara ilk səfəri deyil, buna kimi dörd səfəri olub. Əlavə edib ki, Qarabağda olan dini abidələrin ermənilər tərəfindən saxtalaşdırılması, islamla bağlı tarixi abidələrin məhv edilməsi dəhşətlidir.
R.Mobilinin fikrincə, özlərini erməni kilsəsinin nümayəndəsi kimi dünyaya göstərən bir xalq hətta alban xristian irsini məhv edib: “Kilsələri, məbədləri saxtalaşdırıblar. Erməni vandalizmini Xudavəngdə, Ağoğlanda, hər yerdə gördük. Bu gün Ağdamda gördüklərimiz buna bariz nümunə idi. Hər dəfə gələndə biz şəhidlərimizi yad edirik, bu gün də bütün dualar ondan ibarətdir. Allah burada etdiyimiz duaları, namazı qəbul eləsin. Qarabağ bizim üçün doğmadır. Ermənilər müharibəni uduzublar. Azərbaycan Ordusu torpaqları işğaldan azad edib. Amma soyuq müharibə gedir, bunu da bilməliyik. Bu gün də soyuq müharibədə erməni qarşısında yenə də mübarizədəyik. Ermənilərə bir mesaj vermək istəyirəm, guya xristianlar ermənilərlə bir yerdə yaşaya bilməzlər, biz xristianlar azərbaycanlılarla bir yerdə yaşayırıq. Bu gün yəhudilər, xristianlar və başqa dini konfessiyalar bir yerdədir. Azərbaycan gözəl məkandır. Torpaqlar 44 gün ərzində işğaldan azad olundu. Buraları minadan təmizləməyə nə qədər vaxt lazımdır. Ümid edirəm dualarımız eşidiləcək. Bu torpaqlarda bayramlar, tədbirlər keçirək, dini ibadətlər edək. Azərbaycan xalqı tolerant xalqdır, burada multikultural şərait var, bugünkü səfər də bunun bariz nümunəsidir”.
“Heç kəsin qisası heç kəsdə qalmır”
Ağdamda səfərdə olanlardan biri Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev isə bildirir: “Gördüyümüz bu mənzərə insanlıqdan kənar olan elə bir vandalizmin canlı təzahürüdür ki, bu, bəşər dünyasında görünməyən bir şeydir”.
M.Yevdayev bildirib ki, buna ərşə qalxan zülm deyərlər: “Ona görə də istər “Qurani-kərim”də, istər müqəddəs “Tövrat”da, istər “İncil”də deyilir ki, heç kəsin qisası heç kəsdə qalmır və bütün səmavi dinlər təcavüzə təcavüz deyirlər. Ona görə də Azərbaycan xalqının bugünkü qələbəsi həm də güclü ədalətin qələbəsidir. Ədalət güclü olmasa, qalib gələ bilməz. Güclü ədalətimiz də ordunun, xalqın möhtərəm Ali Baş Komandanla birliyi və dəmir yumruq sayəsində mümkün oldu”.
“Ağdamı görəndə mənə elə gəldi ki, qiyamət günündəyəm”
Avropa Yəhudilərinin Bakı Dini İcmasinin sədri Aleksandr Şarovski deyib ki, xalqımız 44 gün içində qalib gəldi, ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə bizdə sabahkı günə ümid yaratdı və budur, bu gün biz qalib xalqıq.
Müharibədən əvvəl bir neçə dəfə Ağdamda olduğunu xatırladan Şarovski qeyd edib ki, bu dəfə bura gələndə tamam ayrı mənzərə ilə qarşılaşdım: “Mənə elə gəldi ki, qiyamət günündə, yaxud yuxudayam. Elə bil dejavü görürdüm. Yolboyu hər 10-20 metrdən bir minaaxtaranlar dayanıb və bizim müqəddəs torpaqlarımızı minadan təmizləyirlər. Evlər dağılıb, o güllü-çiçəkli Ağdamdan heç nə qalmayıb. Sözün düzü, səfərimizin əvvəlində əhvalımız çox yüksək idi. Lakin mən bu mənzərəni görəndən sonra üzümdən təbəssüm çəkildi. Bu, sadəcə dəhşətdir! Görün, erməni faşistləri bizim torpaqlarımızı nə kökə salıblar! Bu, nağıl deyil, gerçəklikdir”.
İcma rəhbəri işğaldan azad olunmuş torpaqların yenidən bərpa ediləcəyinə əmin olduğunu vurğulayıb: “Əgər bizim dövlətimiz və Prezidentimiz Vətən müharibəsində zəfər qazana biliblərsə, deməli, evlərimiz də, məktəblər də, xəstəxanalar da yenidən bərpa ediləcək. Yeganə sağalması çətin olan müharibədə öz yaxınlarını itirənlərin qəlbindəki ağrılarıdır. Mən torpaqlarımızı işğal edənləri lənətləmək istəyirəm və bizim torpaqlarımızı məhv edənlərə lənət olsun deyirəm”.
“Dünyaya göstərək ki, bu torpaqlarda necə dağıntılar törədilmişdi”
Ağdama səfər edənlər sırasında Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete də olub. O da erməni vəhşiliyindən narazılıq edir. Bu fonda bildirib ki, torpaqları bərpa etmək, Azərbaycanı gözəl məkana çevirmək böyük işdir. Bizim missiyamız dua etməkdir: “Səfərin əsas məqsədi bu torpaqların azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş gənc insanlara, bütün zərər çəkmiş insanlara dualar oxumaqdır. Bu torpaqları bərpa etmək, Azərbaycanı gözəl məkana çevirmək böyük işdir. Bizim missiyamız dua etməkdir. Dua etməliyik ki, Allah Prezident İlham Əliyevə, dövlətin rəhbərliyinə kömək olsun, bu torpaqlar ildən ilə inkişaf etsin, çiçəklənsin, cənnətə çevrilsin. Bütün dünyaya göstərək ki, bu torpaqlarda necə dağıntılar törədilmişdi və Allahın köməyi ilə bu əraziləri necə bərpa etdik”.
“Allah bizə bu torpaqlarda böyük xeyir-dua verəcək”
Azərbaycan Aşkenazi Yəhudi İcmasının baş ravvini Şneor Seqal deyib ki, bu yerlərə baxmaq adamı çox ağrıdır. Görünür, burada həyat olmayıb. Hər şey dağıdılıb: “Biz birlikdə dua etdik. Düşünürəm ki, Allah yuxarıdan baxır və başa düşür ki, biz bu sınağı uğurla keçdik və yenidən bu yerlərə qayıdırıq. Bu yerlərə başqa missiyalarla, düşüncələrlə qayıdırıq. Biz hər gün yəhudi duasında üç dəfə deyirik ki, “Allah, bizə biz birlikdə olanda xeyir-dua ver!” Biz bu gün bir daha birləşdik, Allah bunu görür və bizə bu torpaqlarda böyük xeyir-dua verəcək. Biz yaxın vaxtlarda yenidən bura qayıdanda bu ərazilərin necə inkişaf edib çiçəkləndiyinin şahidi olacağıq. Qoy Allah bizim Prezidentimizə və bütün bu bərpa işində iştirak edən, bu yerlərə həyatı qaytaran hər kəsə qüvvət və xeyir-dua versin. Mən həlak olmuşların xatirəsi və bütün yaralıların sağalması üçün dua etmək istəyirəm”.
Onu da vurğulayaq ki, Ermənistanın xalqımıza məxsus abidələri dağıtması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və “Dünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESKO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir. Bu gün Ermənistan işğal zamanı insanlıq və mülkiyyət əleyhinə olan cinayətlərlə bərabər, dini, mədəni irsin dağıdılmasına görə də məsuliyyət daşıyır.
Elçin CƏFƏROV
Azərbaycan.-2021.- 9 aprel.- S.1;4.