Planeti “yaşıl enerji” xilas edə bilər

 

 

Dünya alimlərini, dövlət və hökumət başçılarını son dövrlərdə planetdə baş verən və gələcəkdə də gözlənilən problemlərlə yanaşı, ekoloji məsələlər də narahat edir.

Əksər təhlükələrin, o cümlədən bəşəriyyəti məhv edə biləcək nüvə müharibələrinin, kosmik fəlakətlərin - Yer kürəsinin kometalar, meteoritlərlə toqquşması, Ozon qatının deşilməsi, havada karbon qazının çoxalması hesabına planetin temperaturunun artması (“parnik effekti”), su qıtlığı, ərzaq çatışmazlığı və digər təbiət hadisələrinin qarşısı alınmağa calışılsa da, ekoloji problemlərin dünya miqyasında baş vermə təhlükəsi getdikcə artır. Bütün bunları əvvəlcədən görən Ulu Öndər Heydər Əliyev hələ neçə illər öncə demişdir: “...Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir...”

Bir siqaret kötüyü 500 kubmetr suyu, bir kiçik batareya 20 kvadratmetr torpağı zəhərləyir. Əgər polietilen torbalardan istifadənin qarşısı alınmazsa, dünyanı antropogen - özümüzün yaratdığı təbii fəlakət gözləyir. Polimer tullantılar yanmır, çürümür, torpağa qarışmır, ətrafı zəhərləyir və s. Deməli, ətraf mühit, ekologiya antropogen olaraq əhali tərəfindən pozulur.

Bu gün insanlara hava və su qədər əhəmiyyətli olan elektrik enerjisi də lazımdır. Əhalinin sayının artması, yaşayış səviyyəsinin yüksəlməsi, enerji istifadəçilərinin çoxalması, sənayenin və kənd təsərrüfatının sürətli inkişafı məişətdə istifadə edilən yanacağa tələbatı artırır. Təbii enerji ehtiyatlarının azalması, onların əldə olunması prosesində ətraf mühitə dəyən zərər və s. kimi amillər alternativ enerji mənbələrinin axtarılması zərurətini meydana çıxarmışdır.

Respublikamızın təbii-coğrafi mövqeyi, relyefi, iqlim şəraiti, günəş, torpaq, külək, su, biokütlə təbii enerjiyaratma potensialı baxımından zəngindir və bu, ölkəmizdə ekoloji cəhətdən təmiz alternativ və bərpaolunan enerji mənbələrindən düzgün və səmərəli istifadə edilməsinə geniş imkanlar yaradır.

Alternativ energetikanın Azərbaycanda inkişaf perspektivlərini yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə deyirdi ki, Azərbaycanda günəş, külək və su energetikasının ehtiyatları böyükdür, amma bunların əsl inkişafı 30-40 ildən sonra baş verəcək və həmin dövrdən sonra alternativ energetika respublikanın yanacaq-enerji balansında mühüm rol oynayacaq. Azərbaycan Respublikasının bu istiqamətdə inkişaf edən ekoloji siyasəti, sonra da ekoloji konsepsiyasının yaranması, yeni ekoloji təfəkkürün formalaşması və onun həyata tətbiqi Ulu Öndərin rəhbərliyi dövründə həyata keçirilib və bu gün də dövlət başçısı İlham Əliyevin yürütdüyü siyasətin mühüm tərkib hissəsi kimi uğurla davam etdirilməkdədir.

Prezidentin 2004-cü il 21 oktyabr tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. 2009-cu il 16 iyul tarixli fərmanla Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır. Bu sahədə dövlət siyasətini  uğurla həyata keçirmək üçün Prezident tərəfindən 1 iyun 2012-ci il tarixli fərman imzalanmışdır. Həmin fərmanla Alternativ və Bərpa Olunan Enerji Mənbələri (ABOEM) üzrə Dövlət Şirkəti yaradılmışdır. 29 dekabr 2011-ci il tarixli sərəncamla isə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinə “2012-2020-ci illəri əhatə edən ABOEM-dən istifadənin inkişafı üçün Dövlət Strategiyasının layihəsi”nin hazırlanması tapşırılmışdır.

Azərbaycanda ildə 270 küləkli və 300 günəşli günün olmasını nəzərə alsaq, demək olar bu regionda Günəş və külək energetikasının inkişafı daha perspektivlidir. Alternativ və bərpaolunan enerji mənbələrindən biri hesab olunan külək enerjisi - küləyi meydana gətirən hava axınının sahib olduğu hərəkət (kinetik) enerjisidir. Bu enerjinin bir hissəsi faydalı olan mexaniki və ya elektrik enerjisinə çevrilə bilər. 60 faizi dağlıq ərazilərdən ibarət olan Azərbaycan üçün külək enerjisi digər alternativ enerji mənbələri olan günəş, hidroenergetika, geotermal və biokütlə enerjisindən özünün maya dəyərinə, ekoloji təmizliyinə və tükənməzliyinə görə ən sərfəlisidir. Azərbaycanda əsasən Bakı, Sumqayıt, Abşeron, Binə ərazilərində külək enerjisindən istifadə etmək daha məqsədəuyğun sayılır. Ölkəmizdə fəaliyyət göstərən Hökməli KES (8 MVt), Yeni Yaşma KES (50 MVt), Şurabad KES (1,7 MVt) və Qobustan KES (2,7 MVt) hesabına enerji istehsalı 80 milyon kilovat-saata çatdırılıb ki, bu da ildə 13-14 milyon kubmetr qaza qənaət etməyə bərabərdir.

Ölkəmizin ərazisində günəşli günlərin sayının çox olması günəş-istilik enerjisindən istifadə üçün əlverişli imkanlar yaradır. Yerdən 150 milyon km məsafədə yerləşən Günəşin Yer səthinə düşən enerjisinin miqdarı dünyada olan bütün neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından qat-qat çoxdur. Bu gün Günəş enerjisinin 0,0125 faizini səmərəli istifadə etməklə dünyaya lazım olan enerjinin bütün ehtiyaclarını tam ödəmək mümkündür.

Günəş enerjisinin istifadəsinin üstünlüyü bir də ondadır ki, günəş qurğuları işləyən zaman “parnik effekti” yaranmır, havanın çirklənməsi baş vermir, istilik aşağı atmosfer qatlarına yayılmır. Hazırda dünyanın 70-ə yaxın ölkəsində Günəş Elektrik Stansiyaları (GES) fəaliyyət göstərir və yaxın gələcəkdə onların istehsal gücünün artırılması üçün daha perspektiv layihələr hazırlanır. Bu gün Günəşdən ABŞ-da 600 MVt, Fransada - 100 MVt, İsraildə - 100 MVt, Türkiyədə - 50 MVt və s. elektrik enerjisi alınır.

Azərbaycanda 20 MVt gücünə malik Naxçıvan GES və 1,2 MVt gücünə malik Suraxanı GES fəaliyyət göstərir. Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edildiyi kimi, Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad edilmiş 6 rayonda günəş və külək elektrik stansiyalarının tikintisi üçün potensialı müvafiq olaraq 7214 MVt və 2120 MVt qiymətləndirilən ərazilər müəyyən olunub. Səmərəliliyi nəzərə alınaraq ölkəmizdə GES-lərin sayının artırılması istiqamətində sistemli tədbirlər davam etdirilir.

Elektrik enerjisi dünyada ilk dəfə XIX əsrin sonunda istehsal olunmağa başlanmışdır. Azərbaycanda isə elektrik enerjisinin istifadə olunması neftin çıxarılması ilə bağlı olmuşdu. 1898-ci ildə Bakıda çıxan neft dünyada istehsal olunan neftin yarısından çoxunu təşkil edirdi. Neft mədənlərini elektriklə təmin etmək üçün 1897-ci ildə Nobel qardaşları tərəfindən ilk dəfə olaraq 550 kVt-lıq elektrik stansiyaları quraşdırılmışdır. Neft sənayesinin intensiv inkişafi elektrik enerjisinin istehsalını zəruri edirdi. Buna görə də Xəzər dənizinin ətrafinda Bakının neft çıxarılan ərazilərində kiçik elektrik stansiyalarının tikilməsi davam etdirilirdi. Artıq 1940-cı ildə Azərbaycanda energetika sisteminin gücü 1920-ci il sistemindən 5 dəfə çox idi. Həmin vaxt elektrik stansiyalarının tikintisi ilə yanaşı, elektrik şəbəkələri də sistematik şəkildə inkişaf etmiş və ölkənin davamlı enerji sistemi yaradılmışdı. Azərbaycanda alternativ enerji mənbələrinin daha geniş istifadəsi məhz Mingəçevir Su Elektrik Stansiyasının (SES) tikintisi ilə başlamışdır. İnşası Kür çayı üzərində nəzərdə tutulan bu elektrik stansiyaları silsiləsinin aşağı pilləsi olan Mingəçevir SES 1954-cü ildə istifadəyə verilmişdir. Üç il sonra isə həmin su qovşağı qurğuları kompleksinə daxil olan Varvara SES istismara buraxılmışdır. 1970-ci ildə Araz, 1976-cı ildə Tərtər, 1982-ci ildə isə Şəmkir SES tikilərək istifadəyə verilmişdir.

Dünyada hasil edilən elektrik enerjisinin 75 faizi İstilik Elektrik stansiyalarının (İES), 16 faizi isə Atom Elektrik stansiyalarının (AES) payına düşür. Azərbaycanda isə istehsal olunan elektrik enerjisinin 90 faizini İES təmin edir. Respublikamızın hazırda elektrik tələbatını əsasən 13 İES və 6 SES ödəyir.

Bütövlükdə dünya üzrə nüvə təhlükəsizliyi problemilə bağlı koordinator qismində BMT tərkibində fəaliyyət göstərən MAQATE-nin 2005-ci ildə hazırladığı hesabata görə dünyanın 31 ölkəsində hazırda 440 Atom Elektrik Stansiyası (AES) var. 2030-cu ilədək dünyada AES-lərin sayının 60 faiz artaraq 700-ə çatacağı bildirilir.

Elektrik enerjisi istehsalında İES-lərin böyük yer tutması dünyanın ayrı-ayrı yerlərində yanacağın çox olması, onun asanlıqla İES-lərə nəql edilməsi, İES-lərin tələbatçılara yaxın yerdə tikilməsi, onların tələbatçıları həm istilik, həm də elektrik enerjisi ilə təmin etməsi, İES-lərdə böyük güclü turbinlərin qoyulması ilə əlaqədardır. Amma onların ekologiyaya vurduğu zərərlər bu gün insanları düşündürməyə sövq edir. Buna görə də Prezident İlham Əliyev yenə də bütün sahələrdə olduğu kimi, enerji sahəsində də dünyanın “nəbzini” tutaraq 2019-cu ilin 5 dekabrında “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” sərəncam imzalamışdır.

Yalnız 2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycandan 1,743 milyard kilovat-saat elektrik enerjisi ixrac olunub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ixrac olunan elektrik enerjisinin dəyəri 76 milyon dollardan artıq olub. Bu müddət ərzində təkcə Gürcüstana 904 milyon kilovat-saat elektrik enerjisi ixrac edilmişdi.

Beləliklə, Gürcüstanın elektrik enerjisi təchizatı sisteminin kommersiya operatorunun məlumatına əsasən, onun xaricdən aldığı elektrik enerjisinin 64 faizi Azərbaycanın payına düşüb. Bundan əlavə, Gürcüstan Azərbaycandan Türkiyəyə elektrik enerjisi tranzitini həyata keçirib.

Dünyada “yaşıl enerji” kimi tanınan bu təcrübə geniş yayılıb və təbii göstəricilərə əsasən Azərbaycanda Bakı şəhəri və Abşeron yarımadasında, o cümlədən azad olunmuş ərazilərdə külək və günəş enerjisinin böyük potensialı vardır. Bu baxımdan Azərbaycanın dilbər guşəsi Qarabağda “yaşıl enerji” layihələrinin geniş miqyasda tətbiq edilməsi və ərazinin yaşıl zonaya çevrilməsi planlaşdırılır. Dövlət başçısı qeyd edib ki, “yaşıl enerji” konsepsiyası Azərbaycan üçün irəliyə aparan yoldur: “Bu, bütün ölkəyə və xüsusən də azad olunmuş ərazilərə aiddir. Mən artıq bəyan etmişəm ki, azad olunmuş bütün ərazilər “yaşıl enerji zonası” təşkil edəcək. Onlar Azərbaycanın böyük hissəsini təşkil edir. Eyni zamanda biz orada “ağıllı şəhər”, hətta “ağıllı kənd” adlanan müasir texnologiyaları tətbiq edəcəyik. Bu həmçinin Azərbaycanın yenidənqurmaya, müasirləşməyə və texnoloji tərəqqiyə ehtiyac duyduğumuz digər bölgələri üçün yaxşı nümunə olacaq”.

Prezident İlham Əliyev Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri çərçivəsində çıxışlarında düşməndən təmizlənən ərazilərin tezliklə yenidən qurulacağını bildirib. Dövlət başçısı deyib ki, bərpa işləri arasında elektrik enerjisi təchizatı, əlbəttə ki, xüsusi yer tutur. Bu məqsədlə müharibədən dərhal sonra ilk günlərdən biz bu işlərlə məşğul olmağa başlamışıq. İlk növbədə Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlara start verilmişdir və birinci mərhələ başa çatıb. “Azərişıq” artıq Şuşa şəhərinə elektrik xətlərini çəkib. Şuşa şəhərini dayanıqlı elektrik enerjisi ilə təmin etmək və ondan sonra şəhərin inkişafı  üçün “Azərenerji” Səhmdar Cəmiyyəti də Şuşa şəhərinə yüksəkgərginlikli xətləri çəkir və Şuşa şəhərində elektrik yarımstansiyası inşa edir.

Ötən il dekabrın 23-də Prezidentin Zəngilan, Qubadlı və Laçın rayonlarına səfəri zamanı Güləbird SES-in açılışı, eləcə də Ağalı kəndində tətbiq olunacaq ilk “ağıllı kənd” layihəsinin hazırlanması ərazilərin ən yeni dünya standartları səviyyəsində bərpa olunması üçün bütün dövlət qurumlarının tam səfərbər olunduğunu göstərir.

Güləbird SES-in istifadəyə verilməsi tarixi və əlamətdar hadisədir. Bu, işğaldan azad olunan rayonlarda dövlət başçısının iştirakı ilə işə salınan ilk infrastruktur layihəsidir. Bu stansiya təxminən 7 min nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Prezidentin vurğuladığı kimi, Kəlbəcər-Laçın zonasında su elektrik stansiyaları üçün təbii şərait çox əlverişlidir və vaxtilə burada bir çox stansiya fəaliyyət göstərib. Mənfur düşmən işğal dövründə bu stansiyalardan istifadə edib. Ancaq Ermənistan kapitulyasiyadan sonra 20 gün ərzində - dekabrın 1-nə qədər demək olar ki, həmin su elektrik stansiyalarını dağıdıb, avadanlığı aparıb, binalarını xaraba qoyub. O cümlədən Güləbird SES düşmən tərəfindən yararsız hala salınıb.

Yeri gəlmişkən, yaxın gələcəkdə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Ağdam və Kəlbəcər rayonlarında ümumilikdə 308 kilometr elektrik verilişi xəttinin çəkilməsi və yeni yarımstansiyaların tikilməsi ilə 110 kilovoltluq şəbəkənin yaradılacağı nəzərdə tutulub. Bu ərazilərin təbii qazla təminatı ilə bağlı hazırlanan proqramda isə SOCAR tərəfindən müxtəlif diametrlərdə 416 kilometr magistral qaz xəttinin çəkilməsi də proqnozlaşdırılıb.

Prezidentin tapşırığına əsasən ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, Qarabağ regionunda bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək yaşıl zona, yaxud “Yaşıl məkan” konsepsiyasının hazırlanmasına başlanılıb. Bu istiqamətdə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi ilə müzakirələrin aparılması diqqət mərkəzində saxlanılıb. Həmin ərazilərdə 4 min meqavatdan çox günəş, 500 meqavatadək külək enerjisi potensialının mövcudluğu qiymətləndirilib.

Prezident İlham Əliyev 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasını mühüm vəzifə kimi müəyyənləşdirib. Qarşıdakı 10 il ərzində təqribən 1500 meqavat həcmində yeni gücün istifadəyə verilməsi nəzərdə tutulur. Bu vəzifənin məhz özəl investisiyalar hesabına reallaşdırılması planlaşdırılır.

Bu il fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında Böyük Britaniyanın “Reuters” İnformasiya Agentliyi müxbirinin verdiyı suala cavab olaraq demişdir: “Mən sizə deməliyəm ki, biz hələ müharibədən əvvəl bərpaolunan enerjiyə investisiyalar cəlb etməyə nail olmuşuq. İki iri beynəlxalq şirkət ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə yatırmaq arzusunda olduqlarını bildirib. Dünyanın aparıcı enerji şirkətləri arasında tender keçirilib və iki şirkət ən yaxşı təkliflər irəli sürüb. Lakin mən o vaxt dedim, bu, o demək deyil ki, uğur qazana bilməyən digər şirkətlər kənarda qalacaq. Buna görə də biz indi bu sahəyə sərmayə yatırmaq istəyən şirkətləri cəlb edirik. Məhz azad edilmiş ərazilərdə bunun üçün yaxşı imkanlar mövcuddur. Kəlbəcər-Laçın zonasında külək stansiyaları, çünki orada çox güclü küləklər olur, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları, çünki orada günəş şüalarının il ərzində miqdarı da çox böyükdür və əgər belə demək olarsa, günəş şüalarının keyfiyyəti də buna imkan verir. Beləliklə, bu gün Azərbaycanın müvafiq strukturlarına əcnəbi tərəfdaşlarla bu məsələlər üzərində işləmək tapşırığı verilib. Yəni bu, çox böyük perspektivə malikdir. Üstəlik, dediyim kimi, biz artıq Qarabağı “yaşıl enerji” zonası elan etmişik və bunun üçün, ilk növbədə, investorları gözləyirik.

..Bizdə Laçın-Kəlbəcər zonasında hidroenergetika üçün böyük potensial mövcuddur. Niyə də Azərbaycan şirkətləri layihələrdə iştirak etmək üçün təkliflər verməsinlər? Oraya o qədər də böyük vəsait tələb olunmur. Bu hidroelektrik stansiyaları kifayət qədər kiçik həcmdədir. Bu, yaxşı addım olacaq, biz bunun necə işləməsini, bizim ümumi enerji təminatı sisteminə necə inteqrasiya edəcəyini testdən keçirəcəyik ki, bu şirkətlər fəaliyyət göstərsin, hələlik bu mərhələdə dövlətin üzərinə az yük düşsün”.

İranın Mehr agentliyinin sualına cavabda isə Prezident İlham Əliyev demişdir: “...Xudafərin su anbarının birgə istifadəsi də müzakirə edilib. Biz artıq elektrik stansiyalarının inşasına dair İran tərəfi ilə razılığa gəlmişik. Artıq Xudafərin və Qız qalası elektrik stansiyalarının tikintisi ilə bağlı büdcə ayrılıb. Ümumi istehsal gücü 280 meqavat olacaq və bu həcm iki ölkə arasında bölüşdürüləcək”.

Hazırda “yaşıl enerji” texnologiyası dünyada çox sürətlə inkişaf edir və güman ki, gələcəkdə onlar asanlıqla atom elektrik stansiyalarını əvəz edəcəkdir.

AES-lərdən gələn təhlükənin kifayət qədər böyük olmasına baxmayaraq, onların sayı ildən-ilə artmaqda davam edir. Bunun da səbəbləri aydındır. Belə ki, məhz AES-lərin işə düşməsindən sonra elmi-texniki tərəqqiyə nail olundu. Xüsusilə kosmosun fəthi üçün geniş perspektivlər açıldı. Buraya dünya ağalığı uğrunda mübarizə aparan ölkələrin məhz AES-lərin hesabına atom bombasının hazırlanması üçün müvafiq material əldə etməsini də əlavə etmək lazımdır. Artıq sivil dünyamızı AES-siz təsəvvür etmək mümkün deyil. Belə ki, enerji alınmasında istifadə edilən təbii qaynaqlar get-gedə azalmaqdadır və bu da özlüyündə enerji qıtlığına gətirib çıxarır. Bu baxımdan da insanların elektrik enerjisinə olan ehtiyaclarının ödənilməsində AES-lər xüsusi rol oynayır. Digər tərəfdən də AES-lərdə elektrik enerjisinin alınması daha rahat və problemsiz həyata keçirilir.

Atom Elektrik stansiyalarının inşası ilə bağlı ətraf mühitin radiasiyaya məruz qalması təhlükəsini ekspertlər adətən görünməz düşmən adlandırırlar. Ekspertlərin araşdırmalarına görə, vanna otaqlarında radon qazı mətbəx və evlə müqayisədə 40 dəfə çoxdur. Bütün bunlar insanların müxtəlif xəstəliklərə məruz qalması deməkdir. Ona görə də son 50 ildə radioaktiv şüalanmalar zamanı sağalmaz xəstəliklərə, xüsusən xərçəngə yoluxanların sayı kosmik sürətlə artaraq, bəşəriyyət üçün qarşısıalınmaz bəlaya çevrilib. AES-lərdə baş verə biləcək qəza milyonlarla insanı ölümə sürükləyə bilər.

Dünyada tez-tez müzakirə edilən məsələlərdən biri atom energetikasıdır. Xüsusilə Çernobıl hadisəsindən sonra bu haqda çox söhbətlər dolaşmağa başladı. Yer kürəsinin hər sakini il ərzində 300-500 milliber həcmində radiasiya qəbul edir. Gündəlik üç saat televizora baxdıqda insan 0,5 milliber, dişlərin rentgeni zamanı isə 3000 milliber radiasiya qəbul etmiş olur.

1976-cı ildə Ermənistanda tikilən “Metsamor” AES Qafqazda hər an partlaya biləcək nüvə çəlləyidir. Ermənistanın 40 faiz enerji təminatını həyata keçirən bu stansiya 1988-ci ildə baş vermiş Spitak zəlzələsindən sonra ciddi zədələnib. 1989-cu ildə stansiya bağlanıb. Lakin stansiyanın ikinci reaktoru 6 il sonra yenidən istifadəyə verilib. Bu reaktorun istifadə müddəti 2004-cü ildə bitsə də, Ermənistanın ermənisayağı mövqe nümayiş etdirməsi nəticəsində stansiyanın istifadə müddəti süni şəkildə uzadılıb. Bu gün Ermənistandakı “Metsamor” AES dünyanın ən riskli, ən təhlükəli atom elektrik stansiyası hesab edilir. Xalqımız 30 ilə yaxındır təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin acı nəticələrini yaşayıb. Azərbaycan Milli Ordusunun 2020-ci ilin 27 sentyabr - 8 noyabr tarixlərində 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və cəsarətli sərkərdəliyi nəticəsində işğalçı dövlətin silahlı qüvvələrini, Ermənistan ordusunu darmadağın etməsi, onları işğal etdikləri Azərbaycan ərazilərindən qovub çıxarması kriminal erməni hakimiyyəti üçün ciddi dərs oldu. Əlləri və ümidləri hər yerdən üzülən Ermənistan rəhbərliyi indi nüvə silahı ilə təhdidə əl atıb.

Artıq beynəlxalq təşkilatlara da bəllidir ki, bu gün Azərbaycan nüvə terrorizmi və radiasiya riski ilə üz-üzədir. Mütəxəssislərin fikrincə, “Metsamor” AES-də hər hansı bir partlayış baş verərsə, bütün Cənubi Qafqaz, Türkiyə və İranın şimalı, Rusiyanın cənubu istənilən an radioaktiv buludların dövr vurduğu, nüvə hissəciklərinin yayıldığı və bütün canlıların məhv ola biləcəyi məkana çevrilə bilər. Belə təhlükələri nəzərə alaraq, artıq dünya dövlətləri, xüsusilə də nüvə stansiyalarının daha çox cəmləşdiyi Avropa məkanı ənənəvi enerji istehsalına və karbohidrogen ehtiyatların idxalı prosesinə üstünlük verməyə başlayıb. Külək, günəş, geotermal, eləcə də neft-qaz enerjisi istehsalını artıran dövlətlər nüvə enerjisindən imtina etməyə hazırlaşırlar. İndi dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəlib.

Laçın-Kəlbəcər bölgələrində külək enerjisindən, Zəngilan-Cəbrayıl bölgələrində isə günəş enerjisindən istifadə imkanları genişdir. “Yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağ ərazisi dünyanın ən müasir yaşayış məskənlərindən biri olacaq.

 

 

 

İsmayıl ƏLİYEV,

BDU-nun HFT kafedrasının

müdiri, professor

 

 

Məcid QOCAYEV,

BDU-nun Nəzəri fizika

kafedrasının dosenti

 

Azərbaycan.-2021.- 9 aprel.- S.1;5.