Yusif
bin Əhməd əl-Osaymin: "Sizin müdrikliyiniz və təmkinliyiniz
öz bəhrəsini verdi"
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 8-də
İslam Əməkdaşlıq Təşkilatının
Baş katibi Yusif bin Əhməd əl-Osaymini qəbul edib.
AZƏRTAC
xəbər verir, Baş katibi salamlayan Prezident İlham
Əliyev dedi:
- Gəldiyinizə görə təşəkkür edirəm. Siz bizi müntəzəm olaraq ziyarət edirsiniz. Bu, bizim əməkdaşlığımızın və sizin ölkəmizə münasibətinizin çox yaxşı nümayişidir. Əvvəla, söhbətimizə başlamazdan əvvəl mən İslam Əməkdaşlıq Təşkilatı və Azərbaycan arasında əməkdaşlığın inkişafına verdiyiniz müstəsna töhfəyə görə sizi Azərbaycanın dövlət ordeni - “Dostluq” ordeni ilə mükafatlandırmaq istəyirəm.
Azərbaycan Prezidenti İlham Əliyev “Dostluq” ordenini Yusif bin Əhməd əl-Osayminə təqdim etdi.
Prezident İlham Əliyev: Həmçinin fürsətdən istifadə edərək Azərbaycan və Ermənistan arasında münaqişənin həll olunması ilə bağlı Azərbaycana davamlı dəstəyinizə görə sizə minnətdarlığımı bildirmək istəyirəm.
Bildiyiniz kimi, münaqişə bizim tərəfimizdən birtərəfli qaydada həll olunub. 44 günlük müharibə Azərbaycan
torpaqlarının 30 il davam
edən və bir milyondan
çox azərbaycanlının
iztirabına, şəhər və kəndlərimizin tamamilə
dağıdılmasına gətirib çıxaran
işğalına son qoydu. İndi əcnəbi
jurnalistlər və diplomatlar işğaldan azad olunmuş ərazilərə səfər edəndə
onlar görürlər ki,
ermənilər hər şeyi
dağıdıblar. Bütün şəhərlər,
bütün kəndlər, tarixi və dini məkanlar,
məscidlər, qəbiristanlıqlar dağıdılıb. Bu, islamofobiyanın, Azərbaycanofobiyanın, vandalizmin təzahürüdür. Çünki dəfələrlə dediyim kimi, bizim
şəhərlərimiz Birinci Qarabağ müharibəsi ərzində deyil, sonradan işğal dövründə
dağıdılıb. Bu, bütün Azərbaycan və İslam
irsini Azərbaycanın bu
tarixi torpaqlarından silmək və həmin
torpaqların mənşəyini dəyişdirmək üçün qəsdən yürüdülən
siyasət idi. Mən bilirəm ki, səfirlər, Dağlıq Qarabağ münaqişəsinin həlli
üzrə kontakt qrupun
üzvləri bu yaxınlarda işğaldan azad edilmiş ərazilərə səfər ediblər
və bunu öz
gözləri ilə görüblər. Onlar açıq bəyanatlar
veriblər və biz buna
görə çox minnətdarıq. İndi biz bütün
dünyanın bunu görməyini, başa düşməyini istəyirik ki, bizim
atdığımız addımlar haqq işi idi, beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə,
özünümüdafiə hüququmuza
və ədalətə əsaslanırdı. Biz ədaləti bərpa etdik.
Təcavüzkar bizim torpaqlarımızdan
qovuldu və indi bərpa
vaxtıdır. Lakin bu, vaxt aparacaq. Çünki əlbəttə ki, ən böyük problem minalardır. Müharibə bitəndən sonra bizdə artıq onlarla itki olub,
o cümlədən minalardan
ölənlər olub.
Ermənistan bizə minaların
xəritəsini verməyib.
Bu, daha bir
müharibə cinayətidir.
Çünki bunu etmək
onların borcudur.
Lakin müharibənin artıq aylardır bitməsinə
baxmayaraq, onlar azərbaycanlılara qarşı
bu siyasəti davam etdirirlər. Lakin biz lazım olan hər şeyi edəcəyik. Minatəmizləmə prosesi gedir. Biz artıq yenidənqurma
işlərini planlaşdırırıq.
Şəhərlərin, kəndlərin baş
planları artıq hazırlanma prosesindədir
və əlbəttə
ki, biz İslam dünyasından olan qardaşlarımızın gəlib
onların bizim tarixi irsimizə nə etdiklərini və yenidənqurma prosesini görməsini istəyirik. Sözsüz ki, mən sizi
gələcəkdə, biz yenidənqurma prosesinə başlayandan sonra da görməyə şad olardım.
Baş katib Yusif bin Əhməd əl-Osaymin: Cənab Prezident, əvvəlcə, məni
və Təmas Qrupuna daxil olan
ölkələrdən nümayəndə
heyətini dəvət
etdiyinizə, hadisələrin
necə cərəyan
etdiyini görmək imkanının yaradılması
üçün Sizə
təşəkkür etmək
istəyirəm. Mən Sizinlə
olan şəxsi münasibətimizə böyük
dəyər verirəm,
bu, hər zaman belə olub və belə
də davam edəcək.
Cənab
Prezident, Sizi təbrik etmək istəyirəm, çünki
hər dəfə Bakıya səfərə
gələndə, hər
tərəfdə yenilik
və inkişafın
şahidi oluram, şəhər sonuncu dəfə gördüyümdən
daha fərqli olur. Əminəm ki, bütün
bu inkişafın, tərəqqinin və gərgin işin arxasında Siz dayanmısınız və
bu, hər bir azərbaycanlının
istəyidir.
Cənab
Prezident, bu böyük Qələbə
münasibətilə Sizi
təbrik edirəm. Bu, yalnız Sizin
deyil, bizim də qələbəmizdir
və biz çox xoşbəxtik. Mən Sizin
liderliyinizi və səbir nümayiş etdirməyinizi təqdir edirəm. Siz 30 il ərzində
torpaqların işğalı
məsələsində təmkinlə
davrandınız, bunun
başqa bir ölkədə ola biləcəyinə inanmıram.
Sizin məsələniz
haqq işi idi – torpaqlar sizin idi, beynəlxalq
hüquq tərəfinizdə
idi, İslam
Əməkdaşlıq Təşkilatı
yanınızda idi və onun qətnamələri
sizi dəstəkləyirdi.
Burada söhbət ölkənizin
ərazisinin 20 faizindən,
Azərbaycanın böyük
bir hissəsindən gedir. Allaha şükürlər olsun
ki, Sizin müdrikliyiniz və təmkinliyiniz öz bəhrəsini verdi
və məsələ
müsbət həll olundu.
Azərbaycan.-2021.- 9 aprel.- S.1-2.