Ceyhun Mirzəyevin Gülablı “Fəryad”ı

 

 

 

...Bir vardı, biri yoxdu, cənnət məkanda Gülablı adlı bir kənd vardı. Ağdamın suyu da, havası da gül qoxuyan bu yurdundan çox istedadlar çıxıb Azərbaycan adlı məmləkətin ədəbiyyat, mədəniyyət aləminə, ictimai həyatına atılmışdı...

Hamısı da öz sahəsinin sevilən, seçilən adamlarından olmuşdular. Bu kəndin məşhur yetirmələrindən biri də bir ömürdə iki tale yaşayan aktyor Ceyhun Mirzəyev idi...

 

 

 

Həyat ssenarisi

 

 

 

1946-cı il aprelin 9-da dünyaya göz açan Ceyhunun atası Cəmil Mirzəyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində çalışırdı. “Qırmızı Döyüş Bayrağı” ordeninin ilk daşıyıcısı olmuşdu. Həmin orden ilk olduğu üçün indi də Rusiya Tarixi Muzeyində saxlanılır. Bizim kinoçular isə bu ordeni “Qanun naminə” filmində tarixə salıblar. Gənc prokurorun yaxasında...

Ceyhun 3 yaşında olanda Cəmil Mirzəyev ürək çatışmazlığından dünyasını dəyişib. Atasızlıq bütün varlığı ilə ömür boyu içindən keçib, bu hiss onunla birgə yaşayıb. Gecələr yorğanını başına çəkib günün yorğunluğunu yuxudan əvvəl göz yaşları ilə çıxaran anasının hıçqırtısını eşidib...

Özü də yorğanını başına çəkib ona qoşulan Ceyhun uşaqlığını yaşamadan böyüyür... Ana qayğısı çəkir, balaca çiyinlərinə ailənin məsuliyyətini götürür. Atasızlığı unutmağa, anasına arxasız olmadığını göstərməyə çalışır. Yalnız təklikdə öz aləmində atalı Ceyhunun həyatının ssenarisini yazır.

Pozur, dəyişir, hər gün daha bir xoşbəxt Ceyhun ssenarisi yazılır... Belə ssenari yazmaq bacarığı onu “Azərbaycanfilm”ə sınaq çəkilişlərinə gətirib çıxarır.

 

 

 

“Doğrudan İsmayıldır ki...”

 

 

 

Uşaq rolu üçün balaca oğlan uşağı gəzən rejissor köməkçiləri onun “şeytan siması”na heyran qalıb kinostudiyaya dəvət edirlər. Tanımadığı rejissorun - “Bu filmə çəkilməsə belə onun gözəl ekran siması var, əsil kinoluqdur” rəyi Ceyhunda kinoya olan marağı birə beş artırır...

İlk dəfə 11 yaşında “Görüş” filmində Şıxəlinin uşaqlarından birini oynayır. Filmdə heç gözə çarpmamağı onu yaman təsirləndirir. Amma xəbəri olmur ki, peşəkarın gözündən yayınmayıb. Həbib İsmayılov onu çəkəcəyi “Ögey ana” filmində İsmayıl rolu üçün artıq gözaltı edibmiş. Ona Ceyhunu tanıtdıran isə Nəcibə Məlikova idi.

Sınaq çəkilişindən sonra kinostudiyanın dəhlizində əmisinin gəlib onu evə aparacağını gözləyən Ceyhun dəhlizin o başından bu başına keçən Nəcibə xanımı görür. Aktrisanı ilk dəfə canlı görməsi, onun gözəlliyi balaca kişini necə heyran edirsə özü də bilmədən ağzı açıq qalır. Nəcibə xanım ona - “balası, ağzını yum” - deyə, eyham edib keçib gedir. Birdən nə düşünürsə duruxub geri dönür. Aktrisa Ceyhunu xeyli sorğu-suala çəkdikdən sonra yan otağa keçib “Ögey ana” filminin çəkilişlərinə aktyor yığan rejissora “İsmayılı tapdım, öz ayaqları ilə gəlib, dəhlizdədir” deyir. Rejissor çıxıb Ceyhuna baxıb “Doğrudan İsmayıldır ki” deyir.

Bu filmə çəkiləndə onun 12 yaşı vardı...

 

 

 

47 illik ömrün kinoda keçən 35 ili

 

 

 

Ceyhunun üçüncü filmi də əsas rol olur. 14 yaşında P.Meremenin əsəri əsasında Tofiq Tağızadənin çəkdiyi “Matteo Falkone” filmində baş - Fortunato rolu ona həvalə olunur. Bu iki uğurlu obraz onun kinoda vizit kartına çevrilir. Sonra isə ümumən 25-ə qədər filmdə müxtəlif obrazlar yaradır: “Əsl dost” (1959), “Qara qağayı” (1962-ci ildə Rusiyada çəkilib), “Yenilməz batalyon” (1965), “Qanun naminə” (1968), “Dəli Kür” (1969), “Bakıda küləklər əsir” (1974), “Yol əhvalatı” (1980), “Qanlı zəmi” (1985), “Lətifə” (1989)...

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsini bitirəndən sonra Moskvada da təhsil alır. İşinin peşəkarı olmaq üçün... Onun 47 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Təkcə çəkilməyib, Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent də olub, rejissor köməkçisi də işləyib, aktyorluq da edib, üstəlik, rejissor kimi filmlər də çəkib. “Mozalan” satirik kinojurnalı üçün süjetlər çəkəndə, onun bədii rəhbəri olanda çox gənc idi...

Onun rejissor kimi ilk işi “Bəyin oğurlanması” filmi olub. Ardınca “İşarəni dənizdən gözləyin” filmini çəkib. “Fəryad” isə sonuncu filmidir...

 

 

 

“Mozalan”ı vızıldadan adam

 

 

 

Ceyhun həyatda nə edəcəkdisə, hamısını vaxtından əvvəl başa çatdırıb. Görünür, vaxtından əvvəl o dünyaya getməyə tələsirmiş...

Kino çəkilişlərində, gərgin iş rejimində Ceyhun Mirzəyevin dostlarını, həmkarlarını parodiya etməsi adət halını almışdı. Bunu həm də ondan gözləyirdilər artıq... Hamının dönüb ona baxdığını görəndə birinci bunu ondan istəyən adamı parodiyadan başlayardı.

 “Mozalan”ın şapkasında səslənən vızıltı səsi də ona məxsusdur, arını parodiya edir...

Özündən böyükləri parodiya etməzmiş, bir dəfə necə olursa Rasim Ocaqovu yamsılayır və “cinayət başında” yaxalanır. Arxadan Rasim Ocaqov gəlib eşidir. Ceyhun çevrilib baxanda Rasim Ocaqovun dönüb getdiyini görür. Onun gözünə görünməmək üçün bir aylıq Moskvaya ezamiyyət götürüb aradan çıxır.

Bu bir ay ərzində Ceyhun Mirzəyev indiyə qədər ona tanış olmayan bir hiss yaşayır, sevir. Qarşısına çıxan Lidya adlı gənc qız onu elə ovsunlayır ki, evlənməyə qərar verir. Həm də bu qarşılıqlı sevgi onun yaradıcılıq yoluna da işıq salır. Evlilikdən sonra Ceyhun Mirzəyev sevimli işində daha maraqlı etapa keçir.

İllər keçir Ceyhun Mirzəyevin bir qızı dünyaya gəlir...

 

 

 

“Fəryad”

 

 

 

...Ötən əsrin 90-cı illəri idi. Qarabağla bağlı olaylar Ceyhunun rahatlığını əlindən almağa başlayır. Gördüyü işlər gözündən düşür... Gecə-gündüz Qarabağ mövzusunda bir film ortaya qoymağın vacibliyi fikri onu narahat edir. Beləcə “Fəryad”ın ideyası yaranır.

Onun çəkilişlərinə başlayanda artıq 1993-cü il idi. Ağdam, onun doğma yurdu Gülablı işğal olunmuşdu...

Ceyhun Mirzəyev bu ağrını nisbətən azaltmaq üçün bütün enerjisini “Fəryad”a verirdi.

“Fəryad” Ceyhunun Qarabağ, Ağdam, Gülablı fəryadı idi...

Kinonun çəkiliş məkanını operator Kənan Məmmədovla Ceyhun Mirzəyev seçirlər. Qışın oğlan çağında Murovun ətəyində, Goranboy rayonunda çəkilişlər başlayır.

Ceyhun Mirzəyev çəkiliş arası döyüş yerlərinə gedir. Döyüşçülərlə görüşüb, onların döyüş söhbətlərini dinləyirmiş...

Kərkicahan uğrunda döyüşlərdə yaralanmış, əsir düşmüş Arif İsmayılov sonralar “Fəryad” filminə baxanda heyrətə gəlir. Filmdəki kadrlar bir vaxtlar hospitalda yatarkən ona baş çəkməyə gələn Ceyhun Mirzəyevə danışdığı epizodlar idi...

 

 

 

Tələsirdi...

 

 

 

Çəkilişdən evə qayıdan rejissor rahat dincələ bilmirmiş, hospitalları gəzir, əsirlikdən qaytarılmış, yaralanmış döyüşçülərlə görüşür, gecələr yuxuda belə o epizodları görüb hövlnak oyanarmış. Xanımı Lidya danışırdı ki, bizim də rahatlığımız pozulmuşdu: “Ceyhun əvvəlki kimi ailəsinə, canından çox sevdiyi qızı Cəmiləyə bağlı deyildi, hardasa başqa yerdə idi, bizimlə olan yalnız cismi idi. Onu da bizdən əsirgəyib vaxtından tez çəkiliş meydançasına qayıdırdı”.

Tələsirdi Ceyhun... Kaskadyor Əlini iştirak etdiyi Qarabağ döyüşlərindən çağırıb filmin lazım olan hissələrində çəkirdi, amma elə səhnələr vardı ki, Ceyhun özü çəkilirdi... Məsələn, Xocalıda balaca qız uşağını işgəncə ilə qətlə yetirən erməninin başını əzmək üçün dağ çayından keçən Ceyhunun sonradan buzlamış qıçları şişib göyərir. Erməni obrazını oynayan Məlik Dadaşov onun qıçına vuranda Ceyhun həqiqi ağrı hiss etdiyindən təbii inildəyir. Bu ağrıları, əzabları yaşamaqla işğal olunmuş yurdunun ağrı-acısını içindən bu minvalla çıxarmaq istəyirdi.

Kinonun çəkilişləri başa çatır, montaj başlayır. Ceyhun əməyinin bəhrəsini görəcəyi günü həsrətlə gözləyir və hər gün texniki prosesi izləmək üçün kinostudiyaya gedir, tələsir, darıxırdı.

Filmin operatoru Kənan Məmmədov çəkilişlər zamanı baş verən bəzi hadisələri xatırlayır: “Filmdə bir səhnə var - balaca qıza zor tətbiq edildiyini eşidən İsmayıl bunu kimin elədiyini başa düşür. Səngərin arası ilə qaça-qaça gəlib ermənilərin mövqeyinə çatır və bu alçaqlığı edən ermənini öldürür. Bu səhnəni hərəkətlə çəkirdim. Kamera maşında idi. Ceyhun ağacların arasında qaçdığı müddətdə maşın da paralel olaraq gedirdi. Birdən Ceyhun qeyri-adi bir hərəkət etdi və yıxıldı. Demə, qaçdığı yerdə bir ağacdan o biri ağaca çox nazik, amma poladdan bir sim çəkilmişdi. Kim bunu eləmişdi bilmirik. Amma təbii ki, əvvəlcədən hazırlanmışdı. Ceyhun onu son anda görüb əli ilə itələyib yıxılmasaydı, sim boğazını üzərdi. Çox sarsıldıq o anda. Əli kəsilmişdi, həkimə aparıb yardım etdik. Bir də o qaçan zaman çaydan keçir. Qış ayı, dağdan gələn su adamın barmağını da kəsirdi. Mən etiraz edirdim ki, o səhnədə kaskadyor, dubl aktyoru çəkilsin. Amma Ceyhun razı olmadı, özü çəkildi. Ondan sonra da təbii ki, özünü pis hiss etdi. Ümumiyyətlə, bu film Ceyhuna mənən xeyli təsir etdi, ürəyi tap gətirmədi. Filmi tez hazırlayıb qurtarmaq istəyirdi, tələsirdi elə bil. Bəlkə də ürəyinə nəsə dammışdı. Amma çox təəssüf ki, tam olaraq başa çatdıra bilmədi. Nə öz rolunu səsləndirə bildi, nə də filmi gördü”.

 

 

 

Onun “Fəryad”ı heç vaxt bitməyəcək

 

 

 

Rayonlar bir-bir işğal olunurdu, vəziyyət gərgin, film ərsəyə gətirmək zülm... Ceyhun Mirzəyev isə həm vətənini, həm də kinonu çox sevirdi.

1993-cü il martın 5-də (47 yaşının tamamına 1 ay qalmış) Ceyhun Mirzəyev telestudiyaya getmişdi. Onun “Fəryad” filmi haqqında veriliş hazırlanırdı. Elə oradaca vəziyyəti pisləşib. Diktor Hicran Hüseynov onu maşına qoyub evə gətirəndə Ceyhun Mirzəyev özündə olmayıb. Xanımı təcili yardım çağırıb. Ceyhun bir anlıq gözünü açıb qızı Cəmiləni çağırıb. Qızın üzünə baxıb və gözlərini yumub...

Onu köhnə Yasamal məzarlığında atasının, əmisinin yanında dəfn edirlər. Cəmi 47 yaşlı Ceyhun körpə ikən itirdiyi, indi özü yaşında qalan atasına qovuşur.

Ceyhunun özünün görə bilmədiyi film ölümündən sonra təqdim olunur...

Ceyhun Mirzəyevi aramızdan vaxtsız aparan, ömrünün nakamlığına səbəb olan itkilər artıq yoxdur...

Ceyhunun Qarabağı da, Ağdamı da, Gülablısı da indi azaddır...

Ancaq onun “Fəryad”ı heç vaxt bitməyəcək...

 

 

 

Ramilə QURBANLI

Azərbaycan.-2021.- 9 aprel.- S.6.