Xəzər təlatümü
Altı milyon il
yaşı olan dənizin şimal
hissəsi tamamilə quruya, böyük ekoloji, iqtisadi, hətta siyasi
problemlər yarada bilər
Dünyanın ən qədim su hövzələrindən olan Xəzər dənizinin səviyyəsinin tərəddüdləri son illərdə alimlər tərəfindən ən çox müzakirə edilən məsələlərdəndir. Xəzəryanı ölkələrin iqtisadiyyatının formalaşmasında xüsusi rolu olan bu dənizin səviyyəsinin əsrin sonunadək xeyli enəcəyi bildirilir. Sözsüz ki, bütün bunların sonda dənizin ekosisteminə, Xəzəryanı ölkələrin isə ətraf mühitinə və iqtisadi həyatına təsir göstərəcəyi də istisna edilmir.
Qara dənizə gah birləşib, gah ayrılan qoca Xəzər
Xəzər dənizinin yaranması 5-6 milyon il əvvəl - qədim Tetis dənizinin tektonik proseslər nəticəsində Sakit və Atlantik okeanları ilə əlaqəsinin kəsilməsi və nisbətən kiçik su hövzələrinə parçalanması dövrünə təsadüf edir. Bundan sonra müxtəlif dövrlərdə o, Qara dənizlə gah birləşib, gah da ayrılıb. Xəzər dənizinin müasir sahil konturları isə yalnız 1,8 milyon il əvvəl, daha doğrusu, onun dünya okeanı və digər dənizlərlə əlaqəsinin tam kəsilməsi nəticəsində formalaşıb.
Avropa ilə Asiya qitələri arasında yerləşən Xəzər dünya okeanı ilə birbaşa əlaqəsi olmasa da, böyük ölçülərinə və dib qabığının quruluşunun okean tipinə görə dəniz adlandırılan göldür. Dünyadakı göl sularının 40 faizdən böyük hissəsi Xəzərdə cəmləşib.
Xəzərin dərinliyi onun müxtəlf hissələrində fərqlidir. Şimali Xəzərdə orta dərinlik 5 metr olduğu halda, cənuba doğru getdikcə dərinlik artır və 1025 metrə çatır.
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bildirir ki, dünya okeanı ilə birbaşa əlaqəsi olmadığından Xəzərin səviyyəsi daim tərəddüdlərə məruz qalıb. Son minillikdə Xəzərin ən aşağı səviyyəsi X əsrdə olub ki, həmin zaman onun səviyyəsi okean səviyyəsindən 35 m aşağı imiş. Ən yuxarı səviyyə (okean səviyyəsindən 22 m aşağı) isə XIV və XVIII əsrlərdə qeydə alınıb. Sonrakı yüzilliklərdə dənizin səviyyəsi ümumən artmağa doğru getsə də, əsrlik səviyyə tərəddüdlərinin amplitudu 2-4 m diapazonunda dəyişib. Beləliklə, bütün əsrlərdə Xəzər dənizinin səviyyəsinin enmə və qalxma dövrləri olub. Daha doğrusu, Xəzərin səviyyəsi özünəməxsus uzunmüddətli dəyişmə perioduna malikdir.
Xəzərin səviyyəsi daim kəskin
dəyişir
Alim əlavə edir ki, XX əsrdə dənizin səviyyə dəyişmələri 2 dəfə kəskin xarakter alıb. 1930-cu ildən 1977-ci illərə qədər müddətdə Xəzərin səviyyəsi 3 metr aşağı düşərək son 400 ilin mütləq minimumuna (-29 m) çatıb. Lakin 1977-ci ildən səviyyə kəskin şəkildə qalxmağa başlayıb. 1995-ci ilə qədər bu artım 2,5 metr təşkil edib. Sonrakı dövrdə dənizin səviyyəsi kəskin tərəddüdlərə məruz qalmasa da, səviyyə hər halda nəzərəçarpacaq dərəcədə azalmağa doğru gedir. Hazırda dənizin səviyyəsi -28 metrə yaxındır.
Mütəxəssis hesab edir ki, kəskin səviyyə dəyişmələri Xəzəryanı ölkələrin iqtisadiyyatına və ekologiyasına ciddi təsir göstərdiyindən onların uzun müddət üçün qabaqcadan proqnozlaşdırılması böyük əhəmiyyət kəsb edir. Lakin təəssüf ki, indiyə kimi dəniz səviyyəsi tərəddüdlərini əvvəlcədən uzunmüddət üçün proqnozlaşdırmağa imkan verən etibarlı metodlar mövcud deyil. Əksər hallarda bu haqda verilən proqnozlar dəyişir. Məsələn, 1930-1977-ci illərdə dənizin səviyyəsi azalarkən əksər alim və mütəxəssislər səviyyənin düşməsinin gələcəkdə də davam edəcəyini proqnozlaşdırırdılar. Keçən əsrin 70-ci illərində alimlərin Xəzər dənizi səviyyəsinin kəskin aşağı düşməkdə davam edəcəyi ilə bağlı bədbin proqnozlar səbəbindən hətta keçmiş Sovetlər İttifaqında şimala axan Şimali Dvina və Peçora çaylarının istiqamətinin dəyişdirilərək Volqa çayına, oradan isə Xəzərə axıdılması üçün layihələr işlənilirdi. Lakin 1977-ci ildən dəniz səviyyəsinin kəskin qalxmağa başlaması ilə bu layihələr öz aktuallığını itirdi.
Qorxunc proqnozlar
Səid Səfərov
deyir ki, 1977-ci ildən
sonra dəniz səviyyəsinin 1995-ci ilə
qədər kəskin artdığı müddətdə əksər
alimlər tərəfindən səviyyənin gələcəkdə
də yüksəlməkdə davam edəcəyi
proqnozlaşdırılırdı. 1995-ci ildə səviyyə
artımı dayansa da,
son 10-15 ildə yenidən nəzərəçarpacaq azalma müşahidə edildi.
Bu da müxtəlif
alimlər tərəfindən əsrin sonunadək Xəzərin
səviyyəsinin fəlakətli dərəcədə
aşağı düşəcəyi haqda
bədbin proqnozların verilməsi ilə müşayiət olundu. Bu baxımdan alman və holland
alimlərinin “Nature Communications Earth &
Environment” jurnalında dərc
olunmuş məqalədə
verdikləri proqnoz daha qorxuludur.
Belə ki, onlar
müxtəlif ssenarilərə
əsasən, XXI əsrin
sonunadək Xəzərin
səviyyəsinin 9-18 metr
aşağı düşəcəyini proqnozlaşdırırlar.
Bundan əvvəlki proqnozlardan fərqli olaraq, burada məqalə müəllifləri
problemə gözlənilən
qlobal istiləşmə
ssenariləri kontekstindən
yanaşıblar. Birinci
ssenariyə əsasən,
dünya dövlətlərinin
atmosferə parnik qazlarının atılmasının
məhdudlaşdırılması haqda Paris Razılaşmasına
riayət etdikləri halda Xəzərin səviyyəsinin əsrin
sonunadək 9 metr, ikinci ssenariyə əsasən (razılaşmaya
əməl edilmədiyi
halda) 18 metr aşağı düşəcəyini
proqnozlaşdırıblar. Məqalə müəlliflərinin
qənaətinə görə,
belə aqibət yalnız Xəzər dənizini deyil, digər qapalı su hövzələrini də gözləyir: “Səviyyənin aşağı
düşməsində əsas
səbəb kimi əsrin sonunadək havanın temperaturunun kəskin yüksəlməsi
nəticəsində dəniz
səthindən buxarlanan
suyun miqdarının artması göstərilir.
Xəzər dənizinin səviyyəsi
onun su balansı
ilə müəyyən
olunur. Su balansının mədaxil
hissəsini dənizə
tökülən çayların
gətirdiyi suyun miqdarı və onun səthinə düşən yağıntıların
miqdarı, məxaric hissəsini isə səthdən buxarlanan suyun miqdarı təşkil edir. Balansın məxaric hissəsi
(buxarlanma) mədaxil hissəsindən (atmosfer yağıntıları və
çayların gətirdiyi
su) böyük olduqda səviyyə aşağı düşür,
əksinə olduqda isə yüksəlir”.
Xəzər təhlükəli
sürprizlər vəd
edir
Tədqiqatçılar hesab edirlər ki, alman və holland
alimlərinin Xəzər
dənizi haqqında verdiyi proqnoz hətta “yumşaq” ssenari üzrə özünü doğruldarsa
(səviyyənin 9 m aşağı
düşməsi), Xəzər
regionunun ekoloji, iqtisadi, hətta siyasi stabilliyində böyük problemlər yaşana bilər.
Bunlardan bir neçəsini açıqlayan
alimin fikrincə, səviyyənin kəskin aşağı düşməsi
Şimali Xəzərin,
demək olar ki, tamamilə qurumasına, sahil landşaftının deqradasiyasına
və ümumiyyətlə,
dənizin sahil xəttinin nəzərəçarpacaq
dəyişməsi ilə
quru sahələrin artmasına və Xəzərətrafı ölkələr
arasında ərazi problemlərinin yaranmasına
səbəb ola
bilər. Bununla yanaşı, dəniz
naviqasiyasında, neft-qaz
hasılatı və daşınmalarında ciddi
problemlər yarana bilər.
Sahil infrastrukturunda və rekreasiya fəaliyyətində
hissolunacaq çətinliklərin
meydana çıxması
və əlavə xərclərə ehtiyacın
yaranması mümkündür. Hazırda çox
da qənaətbəxş
olmayan dəniz ekosistemində baş verə biləcək ciddi neqativ dəyişikliklər
biomüxtəlifliyin nəzərəçarpacaq
dərəcədə azalması,
o cümlədən qiymətli
balıq növlərinin
və digər nadir dəniz canlılarının
kökünün tamamilə
kəsilməsi və
ya populyasiyaların minimuma enməsi ilə nəticələnə
bilər. Dayaz ərazilərin,
o cümlədən Qızılağac
körfəzinin və
ərazidəki bataqlıqların
quruması köçəri
quşların miqrasiyasında
ciddi problemlər yarada bilər. Xəzər dənizində səviyyə
dəyişmələrinin “sərt” ssenari üzrə (səviyyənin
18 m enəcəyi) gedəcəyi
halda isə vəziyyətin daha dramatik olacağı proqnozlaşdırılır.
Vəziyyətdən çıxış
yolu nədir?
Digər uzunmüddətli
proqnozlar kimi alman və holland
alimlərinin də Xəzər dənizində
gözləniən səviyyə
dəyişmələri haqda verdikləri
proqnozun nə dərəcədə özünü
doğruldacağı sual
altındadır. Məsələnin ikinci tərəfi isə ondan ibarətdir ki, dəniz səviyyəsində
proqnozlaşdırılan azalma
bilavasitə müasir
iqlim dəyişmələri,
daha doğrusu, qlobal istiləşmə ilə bağlıdır.
Səid Səfərov nəzərə
çarpdırır ki,
əsrin sonunadək planetimizdə gözlənilən
kəskin temperatur artımı yalnız Xəzər dənizi akvatoriyasına deyil, bütün dünya ekosisteminə ciddi təsir edəcək. Belə ki,
Arktika, Antarktida və Qrenlandiyada buzların əriməsi dünya okeanının səviyyəsini o dərəcədə
qaldıra bilər ki, bir çox
ərazilər su altında qala bilər. Həmin ərazilərə yuxarıda qeyd edilən məqalə müəlliflərinin yaşadığı
Almaniya və Hollandiyanı da aid etmək olar. Bundan başqa, qlobal istiləşmə bir çox ərazilərdə
kəskin içməli
su və ərzaq problemləri yarada bilər. Gözlənilən problemi və
onun nəticələrini
qismən də olsa yumşaltmaq üçün bütün
ölkələrin, xüsusilə
də inkişaf etmiş dövlətlərin
gərgin səyi lazımdır. Belə ki,
yaxın vaxtlarda qlobal istiləşməyə
səbəb olan karbon qazı və digər parnik qazlarının atmosferə atılmasında
ciddi azalma baş verməsə, planetimiz böyük təhlükə qarşısında
qalacaq.
Lakin səviyyənin kəskin azalacağı haqqında
bədbin proqnozların
özünü doğruldub-doğrultmayacağından
asılı olmayaraq, dəniz ekosisteminin və biomüxtəlifliyinin
qorunub saxlanılması
və Xəzər regionunun ekoloji vəziyyətinin yaxşılaşdırılması
üçün Xəzəryanı
ölkələrin üzərinə
böyük məsuliyyət
düşür.
İlhamə İSABALAYEVA
Azərbaycan.-
2021.- 5 avqust.- S.6.