Azərbaycan Dillər Universitetində Pakistan
mədəniyyət mərkəzi açılıb
İyulun 31-də Azərbaycan Dillər Universitetində (ADU) Pakistan mədəniyyət mərkəzinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən ADU-nun rektoru akademik Kamal Abdulla Pakistanın Azərbaycanda ilk mədəni məkanı olan mərkəzin açılmasının pakistanlı və azərbaycanlı gənclər, eyni zamanda, hər iki ölkənin alimləri üçün çox səmərəli fəaliyyətin başlanğıcı olacağını vurğulayıb. Rektor diqqətə çatdırıb ki, 2020-ci il Azərbaycan xalqı üçün sınaq ili oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız bu sınaqdan uğurla çıxdı. 44 günlük Vətən müharibəsini zəfərlə başa vurduq. Torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu çətin sınaq dövründə bir çox qardaş ölkələr bizim yanımızda oldu. Bu dövlətlər arasında Pakistan ön sıralarda idi. Azərbaycan xalqı Pakistanın bu qardaşlığını heç vaxt unutmayacaq.
Akademik Kamal Abdulla diqqətə çatdırıb ki, Azərbaycan gəncləri mərkəzdə Pakistanın mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olacaqlar. Pakistan xalqını daha yaxşı tanıyacaqlar, Pakistana olan sevgiləri daha da artacaq: “ADU və Pakistanın Xarici Dillər Universiteti arasında əməkdaşlıq əlaqələri qurulmasına başlanılıb. Arzu edirik ki, yaxın zamanlarda Pakistanın Xarici Dillər Universitetində də Azərbaycan mədəniyyət mərkəzi yaradılsın. İnanıram ki, bu işdə Pakistan tərəfi bizə öz dəstəyini göstərəcək”.
Rektor ADU-da Pakistan mədəniyyət mərkəzinin yaradılmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Pakistanın Azərbaycandakı səfiri Bilal Haye qeyd edib ki, mərkəz azərbaycanlıların Pakistanın mədəniyyəti, adət-ənənələri haqqında məlumatlandırılmasında mühüm rol oynayacaq. İstərdik ki, mərkəzin fəaliyyəti daha da inkişaf etdirilsin və gələcəkdə fakültə kimi fəaliyyət göstərsin.
Səfir vurğulayıb ki, Pakistan gəncləri Azərbaycan gəncləri kimi Qarabağı öz ürəklərində hiss edirlər. Biz sevinirik ki, Qarabağ işğaldan azad edilib. Arzu edirəm ki, Azərbaycan gəncləri də Kəşmiri öz ürəklərində hiss etsinlər və tezliklə Kəşmirin azadlığını Azərbaycanla birlikdə qeyd edək.
Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysəri Pakistan mədəniyyət mərkəzinin açılmasının əhəmiyyətindən bəhs edib. O bildirib ki, mərkəzin fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində lazım olan kömək göstəriləcək. İnanıram ki, mərkəz Azərbaycan-Pakistan mədəni əlaqələrinin qurulmasında mühüm rol oynayacaq: “Azərbaycan Respublikasının təhsil naziri ilə görüşdük. Görüş zamanı Azərbaycan və Pakistan arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi apardıq. Pakistan və Azərbaycan universitetləri arasında əməkdaşlıq əlaqələri, tələbə mübadiləsi genişləndiriləcək. Diplomların qarşılıqlı tanınması istiqamətində mühüm addımlar atılacaq”.
Tədbirdə Azərbaycanın Pakistana yeni təyin olunmuş səfiri Xəzər Fərhadov, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva, Bakı Slavyan Universitetinin rektor əvəzi, Təhsil Nazirliyinin nümayəndəsi Anar Nağıyev, Milli Məclisin deputatları iştirak ediblər.
Tədbir
iştirakçıları Pakistan mədəniyyət
mərkəzi ilə tanış olublar. Pakistan haqqında videoçarx
təqdim edilib.
Azərbaycan.-
2021.- 1 avqust.- S.4.