Çingiz Hüseynzadədən
idmançılarımıza dəstək
“Azərbaycan
hər zaman olimpiadaların son 2-3 günündə
medallar qazanıb”
“Əlbəttə,
30 iyul bizim üçün əhəmiyyətli
gün idi. İlk medalımızı
qazandığımız üçün
xoşbəxtik. Bu münasibətlə Azərbaycanın
bütün idmansevərlərini
təbrik edirəm”.
Bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti
Çingiz Hüseynzadə
Azərbaycan cüdoçusu
İrina Kindzerskanın
(+78 kq) “Tokio-2020” Yay Olimpiya Oyunlarında bürünc medal qazanması
barədə danışarkən
deyib. Onun sözlərinə görə,
olimpiada Yaponiyada keçirildiyindən cüdoda
medalların əksəriyyətini
yerli idmançılar
qazanıblar: “Çox
təəssüf ki, Azərbaycan cüdoçuları
“Tokio-2020”də Yaponiya cüdoçuları
ilə görüşməli
oldular.
Təmsilçilərimizin qarşısını alanlar
əsasən yerli tatami ustaları oldu. Burada təəccüblü heç nə yoxdur. Yaponiyada cüdo növündə
medal qazanmaq elə də asan deyil.
Bu baxımdan, Kindzerskanın bürünc
medal qazanmasının özü
də çox böyük uğurdur.
Elə onun çəkisində də olimpiya çempionu adını yaponiyalı Akira Sone qazandı. Kindzerska isə yarımfinalda
ona uduzdu. Ümumiyyətlə, cüdoçularımızın
çoxu çempionlara
uduzub”.
Azərbaycan cüdoçularının
çıxışını çox da uğursuz
saymadıqlarını söyləyən
MOK rəsmisinin fikrincə,
Yaponiyada medal qazanma şansı çox az idi:
“Bunu biz öncədən
də bilirdik. Əsas idman növlərimiz hələ qabaqdadır.
İnanıram ki, bu olimpiadada da yüksək nəticələr
göstərə biləcəyik”.
MOK-un vitse-prezidenti
bildirib ki, olimpiadada 7 güləşçimiz
var və onların hər biri medal qazanmağa namizəddir: “Bundan başqa, 3 karateçimiz də medal götürməyə
layiqdir. Ümid edirəm ki,
həm güləşdə,
həm də karatedə kifayət qədər medal qazanacağıq”.
Çingiz Hüseynzadə
gimnastlardan da uğur gözlədiyini bildirib: “Onların çıxışı hələ
qabaqdadır. Gimnastlarımız da güclüdür.
Qrup yarışlarında müəyyən
uğurlar qazana bilərlər. Başqa idman
növlərində də
yarışlar davam edir. Atletlər hələ başlamayıblar.
Atıcılıq üzrə yarışımız
var. Olimpiadanın birinci
yarısı başa çatır. Bizim uğurlarımız
adətən Oyunların
ikinci yarısında olub. Azarkeşlərimiz, tamaşaçılarımız
bilirlər ki, yarışın son 2-3 günündə
Azərbaycan hər zaman medallar qazanıb. Bu, Pekində də, Londonda da, Rioda
da belə olub. İnanırıq ki, bu olimpiadanı da müsbət nəticələrlə
yola salacağıq”.
Ç.Hüseynzadənin sözlərinə görə, pandemiya şəraitində idmançıların hazırlıq keçməsi çətin olub: “Pandemiya həyatımızın hər sahəsinə olduğu kimi, idmana, idmançıların hazırlığına da çox böyük təsir göstərib. Bir tərəfdən, idmançıların da narazılıq etməyə haqqı çatır. Lakin bu narazılıq Gənclər və İdman Nazirliyinə və ya Milli Olimpiya Komitəsinə deyil, pandemiyaya qarşıdır. Ola bilər, hazırlıq üçün vaxt, yaxud da yarışlar çox az olub. Təkcə bizdə yox, dünyanın hər yerində yarışların bir qismi keçirilmədi. Ona görə də lisenziya şansı az oldu. Məsələn, cüdoçularımız təlim-məşq toplanışı üçün Tokioya gəlmək istəyirdilər, amma mümkün olmadı, icazə vermədilər. Digər idmançılarımızın fərqli yerlərdə hazırlıq keçməsi də alınmadı. Obyektiv səbəblər çoxdur. İdmançıları da, dövlət strukturlarını da qınamaq istəmirəm. Şərait belə gətirib. Hər birimiz üçün ağır dövr olub”.
MOK-un vitse-prezidenti deyib ki, tamaşaçıların
idmançılara azarkeşlik etməsi onlara dəstəkdir: “Azərbaycandan Yaponiyaya birbaşa dəstək
bir az real
görünmür. Amma
onların yarışları izləməsi,
idmançılarımıza azarkeşlik
etməsinin özü də bir dəstəkdir. O ki
qaldı idmançılara xoş sözlər
deyilməsinə, bu, hər kəsin öz xarakterindən asılıdır. Elə
idmançı var ki,
ona xoş söz lazımdır. Eləsi var
ki, onu danlamaq
lazımdır. Hər birinə fərdi münasibət bəsləmək
lazımdır. Yenə də inanıram ki,
idmançılarımız yarışdan üzüağ
və alnıaçıq qayıdacaqlar”.
Azərbaycan.-
2021.- 1 avqust.- S.1; 5.