“Neft və milyonlar
səltənətində”
İlk Azərbaycan bədii filminin çəkilişindən 105 il ötür
Azərbaycan Şərqlə Qərb mədəniyyətlərinin qovuşduğu məkan kimi daim diqqət mərkəzində olub. Böyük İpək yolu üzərində yerləşməsi, burada “qara qızıl”ın üzə çıxması uzaq məmləkətlərdən ölkəmizə insan axını yaradıb. Ən diqqətçəkən məqam isə Fransada ixtira edilən sinematoqrafiyanın çox keçmədən Bakıda peyda olması idi. Neft Bakısında yerli həyat tərzindən bəhs edən müxtəlif mövzulu ilk kinosüjetlərin çəkilməsi bir daha Azərbaycanın mədəniyyət mərkəzinə çevrilməsi anlamını verirdi. Bildiyimiz kimi, kinonun incəsənət inciləri sırasına çıxarılmasında rejissorun dünyaya və hadisəyə fəlsəfi baxışı, duyumu və dünyagörüşü mühüm rol oynayır.
1898-ci ildə Bakıda lentə alınan “Bibiheybətdə neft fontanı” xronikası Azərbaycanda kino sənətinin əsasını qoyub. 1900-cü ildə Parisdə keçirilən Ümumdünya Kino Sərgisində nümayiş etdirilən həmin filmdə, eləcə də sonralar ekranlaşdırılmış əsərlərin ayrı-ayrı epizodlarında böyük sənətkarlıq nümunəsi yaradan səhnə və ekran fədailərinin adları dillər əzbərinə çevrilib. “Neft və milyonlar səltənətində”, “Mavi dənizin sahillərində”, “Kəndlilər”, “Arşın mal alan”, “Babək”, “Dənizi fəth edənlər”, “Xəzər neftçiləri haqqında dastan” və s. kimi filmlər xalqımızın yaddaşında özünə yer tutmaqla yanaşı, dünya kinosevərlərinin unutmadığı ekran əsərləri sırasında da yer tutub.
Belə filmlərin
sırasına daxil olanlardan
biri də İbrahim
Musabəyovun “Neft və milyonlar
səltənətində” romanı əsasında çəkilmiş
eyniadlı ilk Azərbaycan bədii filmidir. Filmi çəkmək
üçün Peterburqdan
rejissor Boris Svetlov və operator Qriqori Lemberq dəvət edilib.
Ərəblinskinin ilk və son filmi
Azərbaycanda ilk səssiz
film kimi yadda qalan “Neft və
milyonlar səltənətində”ki
yazılı fikirlər
Azərbaycan və rus dillərində olub. Film neft Bakısının XX əsrin
əvvəllərindəki həyatını, Bakı
müsəlman milyonçularının
məişətini, mədənlərdə
ən çətin şəraitdə işləyib
yaşayan fəhlələrin
ağır güzəranını
ekranda canlandırır.
Filmdə baş verən bütün əhvalatlar əsərin qəhrəmanı Cəlilin
taleyi fonunda cərəyan edir. Yoxsul və kimsəsiz olan Cəlil təsadüf nəticəsində varlı
bir neft sahibkarına çevrilir.
Təəssüf ki, qəddar, əyyaş neft milyonçusu Lütfəli ilə dostluğu onu müflisləşdirir və
məhv edir. Filmdə varlı neft sahibkarlarının xoş və firavan, yoxsul fəhlələrin isə
acınacaqlı həyatı,
gecə-gündüz neft
mədənlərində işləyib
bir parça çörək pulu qazanmaları, bu kimi digər səhnələr tamaşaçıda
dövrün ab-havası
barədə müəyyən
təsəvvürlər yaradır.
Təbiət mənzərələri
Bakı və ətrafında -
Balaxanı, Binəqədi,
Zığ və sahil kənarında, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilib.
O vaxtı Balaxanıda
neft mədənlərində
baş vermiş yanğın da filmə daxil edilib.
Bədii filmin birinci seriyası
1916-cı il may ayının
14-də, ikincisi isə
may ayının 27-də ekranlara
buraxılıb. Film ilk dəfə
Hacı Zeynalabdin Tağıyevin pasajında
“Fransız elektrobioqrafı”nda
göstərilib. Əsas
rolları Hüseyn Ərəblinski, Vladimir Lenin, K.M.Piontkovskaya,
Regina Lazareva, Yevgeni Muromski, Y.S.Orlitskaya, Y.V.İvanovski, Vladimir Vyazemski
və N.M.Dobrınin ifa ediblər.
Filmdə Lütfəli
bəy rolunu görkəmli Azərbaycan
teatr və kino xadimi Hüseyn
Ərəblinski ifa edib. Bu, həm də ilk azərbaycanlı
kino artisti hesab olunan Ərəblinskinin
çəkildiyi ilk və
son filmdir. Məşhur
tarzən Qurban Pirimov sənətşünas
N.Sadıxovla söhbətində
bu barədə danışarkən deyib:
“Filmin “Toy” və “Kazinoda şənlik” epizodlarında xanəndə
Cabbar ilə mən də çəkilmişdim. Mən
çalırdım, Cabbar (Cabbar Qaryağdıoğlu-red.) oxuyurdu.
H.Ərəblinskinin oynaması
mənim çox xoşuma gəlirdi. Lütfəli bəyin
par-par parıldayan faytondan
düşməsi indiki
kimi yadımdadır. Onun iti baxışları
elə bil gözümün qabağındadır.
Lütfəli bəyin
obrazı Ərəblinskiyə
çox yaraşırdı”.
Kinorejissor Məmməd
Əlili isə o dövrlə bağlı xatirələrində yazırdı
ki, 1914-cü ilin axır günləri idi. Cəfər Cabbarlının evinə getmişdim. O, mənə
dedi ki, artist Murad Muradov mənə
xəbər yollayıb.
Peterburqdan kino çəkmək üçün
Bakıya bir dəstə gələcək.
Sonra Cəfər mənə başa saldı ki, kinonun mənzərə hissələri Bakı şəhərində, neft
mədənləri isə
Balaxanı kəndində
çəkiləcək: “Sən
Balaxanıda oxumusan, o
yerləri yaxşı
bilirsən. Onlara çox köməyin dəyə bilər. Onlar çəkiliş üçün mollaxanalardan
uşaq seçəcəklər.
Çox güman ki, sizin yanınıza
da gələcəklər.
Zirək tərpən,
fürsəti əldən
vermə. Qoy bizlərdən də bir artist çıxsın
ortaya”.
Bir neçə gündən sonra artist Murad Muradov filmin
rejissoru Boris Svetlovla bizim mollaxanaya gəldilər. Sınaq çəkilişləri üçün
beş nəfər uşaq seçdilər. Artıq yaşım ötdüyü üçün
Cəlilin uşaqlıq
roluna yaramadım. Amma kütləvi səhnədə çəkildim.
Maraqlısı odur ki, filmin çəkilişinin
axırına kimi mən bir növ
qeyri-rəsmi rejissor köməkçisi işlədim.
“Neft
və milyonlar səltənəti”nin taleyi
Murad Muradovun, xüsusilə Cəfərin
filmi çəkən
dəstəyə çox
köməyi olmuşdu.
Filmin inandırıcı
səhnələrindən biri
Bayıl tərəfdə
çəkilmişdi. C.Cabbarlının
məsləhəti ilə
yuxarı məhəllənin
arvad-uşaqlarını xalça-palaz
yumaq üçün
Bayıla gətirtdirirdim.
O vaxtlar hələ Bakıya çəkilən
Şollar suyu gəlmədiyindən əhali
quyulardan istifadə edirdi. Suyu səhənglərdə
evlərə daşıyırdılar.
Bu səhnələr filmdə
çox inandırıcı
çıxmışdı. Filmi çox qısa müddətə
- dörd aya çəkib başa vurdular”.
Filmin bukleti M.F.Axundov adına Milli Kitabxananın nadir nüsxələr şöbəsində
saxlanılır. Bukletdə
Azərbaycan və rus dillərində filmin məzmunu yazılıb, həmçinin
filmdən fotoşəkillər
çap olunub.Təəssüf
ki, bu əvəzsiz
tarixi film yalnız qəzet resenziyalarında və bukletlərdə qalıb, günümüzədək
gəlib çıxmayıb.
“Neft və milyonlar səltənətində” povestinin
motivləri əsasında
çəkilmiş filmin
ikinci variantı
1980-ci ildə “Qızıl
uçurum” adı ilə yenidən ekranlarda nümayiş etdirilib. Quruluşçu rejissoru Fikrət Əliyev olan melodramda Cəlil rolunda Əliabbas Qədirov çəkilib.
Lütfəli bəy rolunu isə Hamlet Xanızadə yaradıb.
1983-cü ildə
rejissor Fikrət Əliyev Sankt-Peterburqda XIV
Ümumittifaq Kinofestivalında
bu filmə görə mükafatlandırılıb.
Azərbaycanda kino sənətinin yaradılmasında
Bakı elmi fotodərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişonun əməyi danılmazdır. O dövrlərdə
Azərbaycanda kino sənəti yenicə ayaq açdığından
həmin süjetləri
məhz 25 il Bakıda yaşayıb-yaratmış
A.Mişon lentə alıb.
Məhəmməd NƏRİMANOĞLU,
Azərbaycan.- 2021.-3 avqust.-
S.7.