Müdafiə naziri xidməti
müşavirə keçirib
Avqustun 2-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmələrin komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb olunub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdıran Müdafiə naziri bu tapşırıqların icrası ilə bağlı komandir-rəis heyətinə müvafiq əmr və göstərişlər verib.
Son zamanlar Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində baş verən hadisələri təhlil edən Müdafiə naziri Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribata hazır olmağı və onların qarşısının dərhal alınmasını əmr edib.
Nazir döyüş planlarının dəqiqləşdirilməsi, intensiv təlim və məşqlər zamanı qoşunların yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi və yenidən qruplaşması üzrə tədbirlərin keçirilməsi, həmçinin döyüş və maddi-texniki təminat məsələlərinə diqqətin artırılmasını tələb edib.
Tədris ilinin ikinci yarısında
Azərbaycan Ordusunda
planlaşdırılan tədbirlərə toxunan
general-polkovnik Z.Həsənov işlərin
qısa zamanda
yekunlaşdırılması, qoşunların mühəndis
təminatı tədbirlərinin sürətləndirilməsi,
hərbi hissələrin, xüsusilə də yüksək
dağlıq ərazilərdə yerləşən
bölmələrin və mövqelərin qışa
hazırlığının təmin edilməsi, həmçinin
hərbi qulluqçuların tibbi təminatının
daha da
yaxşılaşdırılması barədə komandir-rəis
heyətinə göstərişlər verib.
Azərbaycan.- 2021.- 3 avqust.- S.2.