Ermənistanda növbəti Paşinyan
dövrü başlayır
Ölkədə siyasi
qarşıdurmaların daha da güclənəcəyi
qaçılmazdır
Uzun müddətdən sonra Ermənistan parlamenti nəhayət yeni tərkibdə toplaşa bildi. Qanunverici orqan yeni rəhbərliyini, komissiyalarının tərkibini və sədrlərini, müavinlərini seçməlidir. Amma prosesin gözlənildiyindən gec olacağı artıq məlumdur.
İlk olaraq iclasda baş nazir postu ilə bağlı məsələ müzakirə olunub. Parlamentdə çoxluğa malik “Vətəndaş razılaşması” partiyası baş nazir postuna Nikol Paşinyanın namizədliyini irəli sürüb. Ermənistan prezidenti Armen Sarkisyan isə Nikol Paşinyanın baş nazir postuna təyin edilməsi ilə bağlı fərman imzalayıb.
Beləliklə, 20 iyun növbədənkənar parlament seçkilərində “Vətəndaş razılaşması” partiyasının lideri olaraq qalib gələn N.Paşinyan növbəti dönəm üçün hökumətə rəhbərlik edəcək. Ermənistan Konstitusiyasına əsasən, ölkə prezidenti yeni parlament səlahiyyətlərinin icrasına başlayandan dərhal sonra baş nazir postuna çoxluğun nümayəndəsini təyin edir. Nazirlər Kabineti isə baş nazirin təyinatından sonra 15 gün ərzində formalaşır. Hökumət başçısı da öz növbəsində 20 gün ərzində parlamentə Nazirlər Kabinetinin proqramını təqdim etməlidir.
Xatırladaq ki, Ermənistan Konstitusiyasına görə, növbədənkənar seçkidə formalaşan parlamentin ilk sessiyası rəsmi nəticələr təsdiqlənən gündən sonrakı ikinci bazar ertəsi çağırılmalıdır. Bildiyimiz kimi, növbədənkənar parlament seçkisi iyunun 20-də keçirilib, Mərkəzi Seçki Komissiyası rəsmi nəticələri iyunun 27-də təsdiqləyib. İyunun 27-dən sonrakı ikinci bazar ertəsi isə iyulun 5-nə düşüb. Ancaq yeni seçilmiş parlament həmin gün toplaşa bilməmişdir.
Sessiyanın ləngiməsi Konstitusiya Məhkəməsinə seçkidən şikayətlər verilməsi ilə bağlı idi. Məlum olduğu kimi, müxalifətin 20 iyun parlament seçkilərinin yekun nəticələrindən Konstitusiya Məhkəməsinə şikayət etməsi Ermənistanda vəziyyəti daha da gərginləşdirib. Belə ki, qazandıqları mandatdan imtina etməsələr də, parlamentdə təmsil olunmaq hüququ qazanan müxalifət bloklarının məhkəməyə müraciəti yeni hökumətin vaxtında formalaşmasına imkan verməyib.
Dünən keçirilən parlamentin
ilk iclasında da deputatlar arasında gərginlik yaranıb. Belə ki,
müxalif “Ermənistan”
bloku həbsdə olan deputatları Mxitar Zakaryan və Artur Sarkisyanla
bağlı məsələ
qaldırıb. Blokun nümayəndələri
bildiriblər ki, iki parlamentarinin həbs olunduğu şəraitdə hər hansı bir səsvermə keçirilə
bilməz. Bundan əlavə,
qanunverici orqanın qərarı olmadan deputatların həbs edilməsi qəbuledilməzdir.
Həbsdə olan deputatların iştirakının
təmin edilməsi məsələsində “Şərəfim
var” bloku da “Ermənistan” blokunu dəstəkləyib.
Çoxluq təşkil edən “Vətəndaş razılaşması”
partiyasının nümayəndəsi
Vladimir Vardanyan isə
sözügedən qərarın
deputatların mandat əldə etmədən əvvəl verildiyini qeyd edib. Bu zaman erməni deputatlar bir-birinə qarşılıqlı irad
tutublar. İclasa rəhbərlik
edən Knyaz Həsənovun müzakirələri
davam etdirmək cəhdi də uğursuz olub. Buna cavab kimi
müxalifət nümayəndələri
əlləri ilə masalara vurmaqla etirazlarını bildiriblər.
Nəhayət, “Ermənistan” blokunun
təmsilçiləri spiker
olmadığı üçün
iclası idarə edən ən yaşlı deputat kürd əsilli Knyaz Həsənovdan 20 dəqiqəlik fasilə istəyiblər və sonuncu onların istəyini yerinə yetirməyə məcbur olub.
İclasda daha bir qalmaqal
da yaşanıb. Belə ki,
Knyaz Həsənov deputatların adlarını
oxuyarkən səssiz qalan “Ermənistan” blokunun üzvləri yalnız həbs olunan Mxitar Zakaryan
və Artur Sarkisyanın adları çəkilərkən ayağa
qalxıb və əl çalmaqla etirazlarını bildiriblər.
Xatırladaq ki, həbs edilən
deputatlar dövlət
vəsaitini mənimsəməkdə
və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurlar.
Yeni parlamentin spikeri və onun iki
müavini də parlament çoxluğunu təmsil edəcək. Amma Seçki
Məcəlləsinə görə,
3 vitse-spikerdən biri
müxalifəti təmsil
etməlidir. Gözlənilir ki, hazırkı vitse-spiker Alen Simonyan parlamentin sədri seçiləcək.
Parlamentin vitse-spikeri postuna
isə “Ermənistan” blokunun üzvü, Ermənistan İnqilabi Federasiyası-Daşnaksutyunun nümayəndəsi
İşxan Saqatelyanın
namizədliyinin irəli
sürüləcəyi ehtimal
olunur.
Xatırladaq ki, proporsional sistemin tətbiq olunduğu 20 iyun seçkisinə 21 siyasi partiya, 4 blok qatılmışdı.
107 nəfərlik yeni parlamentdə hökumət başçısı
Nikol Paşinyanın
“Vətəndaş razılaşması”
partiyası 71 mandatla təmsil olunur. Robert
Koçaryanın, “Daşnaksütyun”
və “Dirçələn
Ermənistan” partiyalarının
birləşdiyi “Ermənistan”
blokunun 29, Serj Sarkisyanın sədrlik etdiyi “Ermənistan Respublikaçılar” partiyasını
Milli Təhlükəsizlik
Xidmətinin sabiq direktoru Artur Vanetsyanın “Vətən”
partiyası ilə birləşdirən “Şərəfim
var” blokunun isə 7 mandatı var.
Ermənistan mediası yazır ki, seçkilərin keçirilməsi məğlub
ölkədə siyasi
sabitliyin təmin olunmasına gətirib çıxarmayıb, vəziyyətin
müsbət istiqamətdə
dəyişməsinə təsir
etməyib. Mövcud olan vəziyyəti
dəyərləndirən Respublika
partiyasının sədr
müavini Armen Aşotyan deyib ki, bundan sonra
Ermənistan üçün
daha çətin olacaq. Aşotyanın
sözlərinə görə,
parlament seçkiləri
ölkə üçün
vəziyyətdən çıxış
yolu deyil, əksinə, Ermənistanda
daha bir ağır dövrün başlanğıcıdır: “Məqsədlər fərqli
idi və bunlardan biri yenilənmiş legitim mandata malik hakimiyyətin
formalaşmasına sahib olmaq
idi. Bu seçkilər
Ermənistan Respublikasının
siyasi gələcəyi
ilə əlaqəli olan heç bir məsələni həll etmədi”.
Elçin CƏFƏROV
Azərbaycan.-
2021.- 3 avqust.- S.2.