Türkiyə ilə Azərbaycan
bu fəlakətə də birlikdə son qoyacaq
Sarsılmaz
qardaşlıq və həmrəylik nümunəsi
Türkiyədə iyulun 28-dən başlayan yanğınları hələ də tam nəzarətə götürmək mümkün olmayıb. Əvvəlcə meşədən başlayan yanğınlar sonradan qardaş ölkənin demək olar ki, bütün əsas turizm bölgələrini əhatə edib.
İndiyə qədər 117 yanğın ocağı tamamilə söndürülüb. Lakin hələ yanğın ocaqları var. 17 əyalət yanğının ağuşundadır. Onun yaşayış məntəqələrinə yaxınlaşdığını görən hökumət şəhər və məhəllələrdəki insanların təxliyyə edilməsi ilə bağlı göstəriş verib.
Yanğınsöndürənlər havadan, qurudan Avropanın ən tanınmış turizm məkanlarından olan Türkiyənin Aralıq və Egey dənizi regionlarında yanğınlarla mübarizə aparırlar. Temperaturun yüksək olması və güclü quru küləklər yanğınların söndürülməsində problem yaradır.
Yanğın olan ərazilərdən və onlara yaxın yerlərdən insanlar təxliyə olunsa da, xəsarət alan səkkiz nəfər dünyasını dəyişib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü ən çox yanğının təsirinə məruz qalan əraziləri ziyarət edib. Prezident bölgəni fəlakət zonası elan edib və ziyan dəymiş insanlara kompensasiya ödəniləcəyini vurğulayıb.
Şad gündə də, dar gündə
də həmrəy olan qardaşlar
Türkiyədə baş verən meşə yanğınları ilə bağlı yaşanan fəlakət Azərbaycan xalqını da ciddi narahat edib. Prezident İlham Əliyev qardaş ölkənin rəhbərinə yanğınlar zamanı həyatını itirən vətəndaşlara görə başsağlığı verərək Azərbaycan hökumətinin və xalqının hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu söyləyib.
Birinci vitse-prezident Mehriban Əliyeva da Türkiyəyə dəstək olaraq sosial şəbəkədəki hesabında paylaşım edərək yazıb: “Türkiyə regionlarında baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri hazırda qardaş ölkədə yanğınlarla mübarizə aparır.
Ölkəmizin Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin əməkdaşlarından ibarət birinci qrup iyulun 30-da, ikinci qrup isə iyulun 31-də Türkiyəyə yola salınıb. Yanğınsöndürmə qrupları hazırda Türkiyənin bir neçə bölgəsində yanğınlarla mübarizə aparır. FHN-in qüvvələrinin koordinasiyalı idarə edilməsi məqsədilə dünən səhər fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılıq etdiyi nazirliyin məsul vəzifəli əməkdaşlarından ibarət daha bir nümayəndə heyəti Türkiyəyə gedib.
Yanğın-xilasetmə qrupuna 1 helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir. Nazir müavini jurnalistlərə müsahibəsində Türkiyədə yanğınların söndürülməsinin mürəkkəbliyini qeyd edib. Bildirib ki, azərbaycanlı və türkiyəli mütəxəssislər yanğının lokallaşdırılması və qarşısının alınması üçün birlikdə fədakarlıqla çalışırlar.
Etibar Mirzəyev avqustun 2-də Muğla vilayətinin Marmaris rayonunun Turqut bölgəsində yanğın ərazisində olub. Dəniz səviyyəsindən təxminən 830 metr hündürlükdə yerləşən ərazini ziyarət edən nazir müavini hadisə yerinə baxış keçirib.
AZƏRTAC-ın hadisə yerində olan müxbiri xəbər verir ki, Etibar Mirzəyev azərbaycanlı jurnalistlərə müsahibəsində Türkiyəyə qardaş yardımına gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin ikinci qrupunun yanğın bölgəsi istiqamətində hərəkət etdiyini və qısa vaxtda müvafiq işlərə başlayacağını deyib. Nazir müavini bildirib ki, böhran mərkəzində Türkiyə rəsmiləri ilə mövcud vəziyyət müzakirə ediləcək, Azərbaycan heyətinin fəaliyyəti ilə bağlı qərarlar qəbul olunacaq. O, əminliklə bildirib ki, peşəkar və təcrübəli Azərbaycan yanğınsöndürənləri təyinat məntəqəsində yanğınların qarşısının alınmasına qısa vaxtda nail olacaqlar.
Nazir müavini əminliklə bildirib ki, Fövqəladə Hallar Nazirliyinin peşəkar və təcrübəli əməkdaşları təhkim olunduqları bölgələrdə yanğınların söndürülməsi işində qısa vaxtda əhəmiyyətli dönüş yaradacaqlar.
General-leytenant Etibar Mirzəyev Marmarisdə yanğınla mübarizə üzrə böhran məntəqəsində olub. Türkiyə Meşəçilik İdarəsinin bölgə müdiri Yalçın Yarpaq ilə keçirilən görüşdə yanğına qarşı mübarizə və bərpa işləri barədə müzakirələr aparılıb. Sonra birlikdə əraziyə baxış keçirilib.
Xatırladaq ki, FHN-in yanğın-xilasetmə qrupunu sərhəddə Türkiyə rəsmiləri ilə yanaşı, yerli sakinlər də qarşılayıblar. Onlar azərbaycanlı xilasedicilərə güvəndiklərini deyiblər. Azərbaycanlı xilasedicilər isə öz qardaşlarının yanında olduqlarını bildirib, yanğının söndürülməsi, insanların və təbiətin xilası üçün əllərindən gələni edəcəklərinə söz veriblər.
Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdəmirli sosial media hesabı vasitəsilə verdiyi növbəti açıqlamasında hazırda davam edən yanğınlarla mübarizədə 13 təyyarə, doqquz insansız hava vasitəsi (İHA), 45 helikopter, bir insansız helikopter, 708 yanğınsöndürən maşın və su tankerinin, 120 iş maşını və təxminən 4800 canlı qüvvənin iştirak etdiyini bildirib.
Nazir indiyədək ölkənin müxtəlif bölgələrində 111 yanğının nəzarət altına alındığını, üç vilayətin altı bölgəsində davam edən yanğınların söndürülməsi istiqamətində gücləndirilmiş işlərin aparıldığını qeyd edib.
Mənəvi birlik sənədlər
üzərində də rəsmiləşib
Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir. Azərbaycanla Türkiyə arasında əlaqələr uzun illərdir strateji xarakter alıb və sürətlə inkişaf edir. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur. İstər Çanaqqala savaşında Azərbaycan könüllülərinin iştirakı, istərsə də Qafqaz İslam Ordusunun Nuru paşanın komandanlığı ilə Azərbaycana qardaşlıq dəstəyi, daşnak ünsürlərini məğlub etməsi tarixi zərurətdən yaranan həqiqət idi.
İstər dövlət səviyyəsində, istər ayrı-ayrı şəxslərin timsalında Azərbaycan, həmişə olduğu kimi, yenə ağır dönəmində Türkiyəyə dəstək nümayiş etdirib, kədəri kədərimiz, sevinci sevincimiz olduğunu bir daha bəyan edir. Bu tarixən də belə olub, belə də davam edir. Türkiyə taleyüklü məqamlarda hər zaman Azərbaycanın yanında olduğu kimi. 44 günlük Vətən müharibəsi zamanı yaşananlar da bunun əyani təzahürüdür.
Müharibədən sonra Bakıda keçirilən Zəfər paradında hər iki qardaş ölkənin bayraqları birgə dalğalandı. Kədərimiz, ağır günlərimiz kimi sevincli Zəfər günümüzü də birlikdə yaşadıq. Müharibədən sonra birlikdə Şuşa Bəyannaməsi, daha sonra üçtərəfli Bakı Bəyannaməsi qəbul edildi. Türkiyə ilə Azərbaycanın tarixən özülü qoyulmuş mənəvi birliyi sənədlər üzərində təsdiqləndi, rəsmi birliyə imza atıldı.
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksəksəviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə biri digərinin yanında olub.
Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Bu birlik Türkiyəyə və Azərbaycana bütün fəlakətlərdən birlikdə qələbə ilə çıxmağa zəmin yaradacaq.
Ramilə QURBANLI
Azərbaycan.-
2021.-3 avqust.- S.1; 3.