Azərbaycanda vaksinasiya
prosesi davam edir
Artıq 5 milyondan
çox doza peyvənd vurulub
Özü gözə
görünməsə də,
fəsadları, fəlakətləri
göz önündə
olan, çoxunun həyatını yarımçıq
qoyan, ya da doğmasını, əzizini əlindən alan yeni
növ koronavirusun axırı hələ də görünmür.
Əksinə, son günlər bu təhlükəli infeksiyaya
yoluxma və ölüm hallarında artım müşahidə
edilməyə başlayıb. Belə görünür
ki, gözəgörünməz
düşmən yenidən
fəallaşıb. Həm də
çox təəssüf
ki, dondan-dona girərək öz meydanını genişləndirir.
Koronavirusun yeni ştamlarının
yayılması barədə
xəbərlər bunu
təsdiq edir.
Bütün dünyanın
diqqətində olan məsələ
Əslində, 2020-ci ilin martında Ümumdünya Səhiyyə
Təşkilatı tərəfindən
bütün dünyada
pandemiya elan edilən yeni növ koronavirusun xislətinə bəşəriyyət
artıq xeyli dərəcədə bələd
olub.
Bir ildən artıqdır ki, bir çox
ölkələrdə mübarizə
aparılan COVID-19-un öhdəsindən
tam gəlməyin, onu
birdəfəlik məhv
etməyin yolu, əlacı hələ mümkün olmasa da, yayılma sürətini azaltmaq üçün üsul və vasitələr tapılıb. Mütəxəssislər hələ də
cidd-cəhdlə araşdırmaları
davam etdirir. İndiyədək əldə olunmuş
nəticələr göstərir
ki, koronavirusa qarşı mübarizənin
ən əhəmiyyətli
vasitələrindən biri
vaksinasiyadır. Dünyanın elm adamlarının fikri belədir ki, koronavirusun getdikcə müxtəlif qorxulu ştamları ortaya çıxsa da, ondan xilas yolu
peyvəndləmədir. COVID-19-un təsirinin məhdudlaşdırılması, daha geniş yayılmasının qarşısının
alınması istiqamətində
aparılan mübarizədə
vaksinasiyanın rolu böyükdür. Mütəxəssislərin
qənaətincə, dünya
əhalisi peyvəndlənmə
ilə bu qlobal bəlaya qarşı kütləvi
immunitet qazana və beləliklə, koronavirusdan xilas ola bilər.
Hazırda bütün dünyanın
diqqəti bu məsələyə yönəlib. Bir sıra
ölkələrdə peyvəndləmə
prosesi gündən-günə
genişlənməkdədir. Ourworldindata.org xəbər verib ki, artıq
dünya miqyasında
4 milyard 70 milyon dozadan çox koronavirus vaksini vurulub. Məlumatda o da bildirilib
ki, Çin bu siyahıda birinci sırada dayanıb. Sonrakı yerləri Hindistan,
ABŞ, Braziliya, Almaniya,
İngiltərə, Yaponiya,
Türkiyə, Fransa, İtaliya, İndoneziya, Meksika, Rusiya və İspaniya tutub.
Qeyd edək ki, koronavirus
infeksiyasına yoluxma səbəbilə həyatını
itirənlərin sayına
görə Azərbaycan
əksər Avropa ölkələrindən və
ümumilikdə dünyadan
geri qalır. Bu istiqamətdə müsbət
tendensiyanın davam etməsi üçün
isə gərəkli addımlar atılır.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına
əsasən, 2021-ci il
1 sentyabr tarixindən etibarən COVID-19 pasportu olmadan idarə, müəssisə, ictimai nəqliyyat, şadlıq və əyləncə mərkəzlərinə getmək
mümkün olmayacaq.
Koronavirusla mübarizə tədbirlərinin
həyata keçirilməsinə
ilk gündən böyük
diqqət və məsuliyyətlə yanaşan
Azərbaycan dövləti
bu istiqamətdə bütün zəruri, əhəmiyyətli işlər
görür. Respublikamız vaksinləri əldə
edən, əhalinin kütləvi vaksinasiyasına
başlayan ilk ölkələr
sırasındadır. Azərbaycanda yanvar ayının 18-dən tibb
işçilərinin peyvəndlənməsi
ilə başlayan bu proses uğurla
davam etdirilir. Artıq 5 milyondan çox doza peyvənd vurulub. Həmin peyvəndlərin tam təhlükəsiz olduğu,
indiyədək ciddi əks göstəriş faktının qeydə alınmadığı məlumdur.
Bununla belə, Azərbaycanda son günlər koronavirusa yoluxma sayında artımın olması narahatlığa səbəb
olmaqla yanaşı, bəzi suallar da ortaya çıxarır. Yenidən qapanmalara
və sərt tədbirlərə ehtiyac
yarana bilərmi?
Vəziyyətin pisləşməyə doğru getməməsi, yoluxma sayında artımın olmaması üçün nə etmək lazımdır?
Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 26-da təşkil etdiyi brifinqdə qapanmaların deyil, bağlı müəssisələrin
də açılması
üçün müzakirələrin
getdiyi açıqlanıb. Amma artıq
bütün dünyada
olduğu kimi, Azərbacanda da koronavirusun acı təcrübəsi var. Ölkə
əhalisi bilir ki, COVID-19-un meydanını
genişləndirməməsi üçün ehtiyatı
əldən verməmək
lazımdır. Mütəxəssislər bunun üçün Azərbaycanda peyvənd olunanların sayının
əhalinin heç olmasa 80 faizini təşkil etməsinin vacibliyini bildirirlər.
Bu göstəriciyə nail olsaq, ölkədə kollektiv immunitet formalaşacaq və qlobal koronavirus bəlasından qurtulacağıq.
Bunları nəzərə alaraq, əhali qoyulan qaydalara riayət etməli, virusun hələ öz hökmranlığını
qoruduğunu unutmamalı,
sağlamlığının qayğısına qalmaq naminə peyvənd olunmalıdır.
Nəzərə almaq lazımdır ki, həyata keçirilən tədbirlərə
ciddi yanaşmadan, əməl etmədən
normal həyata dönmək
mümkün deyil. Əks halda
qadağaların davam
etdirilməsindən başqa
yol qalmayacaq.
Qlobal bəladan
qurtulmaq istəyiriksə...
İsraildə koronavirusa qarşı üçüncü doza
vaksinasiyaya başlanılıb. Bu barədə ölkənin
Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, bu mərhələdə
60 yaşdan yuxarı şəxslərə vaksin
vurulacaq. Üçüncü
doza vaksinin vurulması üçün
şəxslərin ikinci
doza peyvəndlənməsindən
beş ay ötməlidir.
“Nature Scientific Reports” elmi jurnalında dərc olunan məqalədə qeyd edilib ki, koronavirus
pandemiyasını dayandırmaq
üçün təkcə
vaksinasiya kifayət deyil. Məqalədə eyni zamanda maska taxmaq və
sosial məsafəni qorumağın davam etdirilməsinin əhəmiyyəti
diqqətə çatdırılıb.
Alimlər belə nəticəyə
gəliblər ki, yalnız bu tədbirlərin toplusu infeksiyanın yayılmasını
dayandırmağa, eləcə
də yeni ştamların yaranmasının
qarşısını almağa
imkan verəcək.
Həmçinin virusun mutasiyaya uğramasına imkan verməmək üçün
demək olar ki, bütün insanlar mümkün qədər qısa müddətdə mütləq
vaksinlənməlidirlər.
Sürətli vaksinasiya templərinin koronavirusun dayanıqlı
ştammının peyda
olunması ehtimallarını
azaltdığı da
məqalədə nəzərə
çatdırılıb.
Ekspertlərin fikrincə,
əhalinin əksəriyyəti
artıq peyvəndlənmiş
olsa belə, maskadan istifadə etmədikdə və sosial məsafəni qorumadıqda koronavirusun ştamlarının
yayılması ehtimalı
əhəmiyyətli dərəcədə
güclüdür. Bu səbəbdən
də alimlər insanları maskadan istifadə etməyə, sosial məsafəni qorumağa və kütləvi toplanmamağa
çağırır.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.- 2021.- 3 avqust.- S.1, 4.