Avrasiyada yeni güc mərkəzi yaranır

 

Azərbaycan, Türkiyə və Pakistanın yeni əməkdaşlıq platforması regionda təhlükəsizliyin təminatıdır

 

Zaman yeni əməkdaşlıqları, güclərin birləşməsini zərurətə çevirir. Azərbaycan diplomatiyasının təşəbbüsləri, qərarları yalnız bir dövlət kimi özünün inkişafına xidmət etmir, həm də regionun siyasiiqtisadi yaşam tərzinə yaxşı mənada təsir göstərir.

44 günlük Vətən müharibəsindəki şanlı qələbə isə Azərbaycanın siyasi nüfuzunun, iqtisadi-hərbi qüdrətinin təsdiqi olmaqla bərabər, regionda tamamilə yeni geosiyasi reallıqlar yaratdı. Azərbaycan dünyada öz sözü, mövqeyi, müstəqil xarici siyasəti olan ölkə imicini daha da möhkəmləndirdi.

Ötən həftə ölkəmizin siyasi tarixində mühüm hadisə yaşandı. Üç dost, qardaş ölkə olan Azərbaycan, Türkiyə və Pakistan arasında parlament səviyyəsində yeni əməkdaşlıq formatı yaradıldı. Bu təşəbbüsün müəllifi isə Azərbaycan oldu. Təşəbbüsün məhz Azərbaycandan başlayıb inkişaf etməsi ölkəmizin uğurlu xarici diplomatiyasının və siyasətinin real nəticəsi idi.

 

Müharibə dönəmi və ondan sonrakı reallıqlar

 

İyulun 27-də təməli qoyulan üçtərəfli Azərbaycan-Türkiyə-Pakistan parlamentlərarası əməkdaşlıq platforması dost ölkələr arasında münasibətlərin daha da inkişaf etdirilməsini hədəfləyir. Ölkəmizin regionda və beynəlxalq münasibətlərdə nüfuzu günbəgün artır. Azərbaycanın təşəbbüsü ilə dövlət başçıları, xarici işlər nazirləri səviyyəsində əməkdaşlıq formatları sırasına parlamentlərarası platformanın da daxil edilməsi və ilk görüşün Azərbaycanda keçirilməsi sonda Bakı Bəyannaməsi ilə nəticələndi. Əlbəttə ki, Azərbaycanın artan nüfuzunda 44 günlük İkinci Qarabağ müharibəsinin qələbəmizlə başa çatmasının böyük xidməti var.

Tarixi köklərə və münasibətlərə əsaslanan Azərbaycan-Türkiyə-Pakistan münasibətləri indi yeni mərhələyə qədəm qoyub. Bunu hələ Vətən müharibəsinə qədərki hadisələr, müharibə dönəmi və ondan sonrakı reallıqlar da təsdiqləyir.

Vətən müharibəsində Azərbaycana ilk mənəvi dəstək verən məhz bu iki dost ölkə idi. Müstəqilliyimizi ilk tanıyanlar da Türkiyə və Pakistan olmuşdu.

Pakistan və Türkiyə həmişə Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın mövqeyindən çıxış edib, münaqişənin ölkəmizin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı çərçivəsində həllinin tərəfdarı olublar. Ölkəmizə birmənalı dəstəklərini nümayiş etdiriblər. Pakistan bu günə qədər də Ermənistanla diplomatik münasibətlər qurmayıb və işğalçını bir dövlət kimi tanımayıb.

Dostqardaş ölkələr nə qədər ki təcavüzkar Ermənistan ordusu işğal olunmuş Azərbaycan ərazilərindən çıxmayıb, Ermənistanla diplomatik münasibətlərin mümkünsüz olduğunu dəfələrlə bəyan etmişdilər.

Pakistan ali qanunverici orqan - parlament səviyyəsində Xocalı qətliamını soyqırımı aktı kimi tanıyan ölkələrdən biridir. Azərbaycan da öz növbəsində hər zaman Türkiyə və Pakistanla əməkdaşlığa önəm verib, istənilən məsələdə bu ölkələrə dəstək olub.

44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstək bizi qələbəyə ruhlandırdı. Müharibə getdiyi günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tez-tez “Azərbaycan yalnız deyil, Türkiyə hər zaman Azərbaycanın yanındadır”, - deyə açıqlamalar verirdi.

Türkiyə və Pakistan ölkəmizin mənafeyini bütün beynəlxalq təşkilatlarda ardıcıl şəkildə müdafiə edib. Pakistan 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Azərbaycana dair 822 nömrəli qətnaməsinin qəbul olunduğu iclasa sədrlik edib.

 

Öz regionlarında söz sahibi olan ölkələr

 

Prezident İlham Əliyev iyulun 27-də Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Pakistan, Türkiyə və Azərbaycan parlamentlərinin sədrlərinin üçtərəfli görüşünün əhəmiyyətini önə çəkərək bu mühüm addımın qardaş ölkələr arasında üçtərəfli tərəfdaşlığın inkişafı işinə xidmət edəcəyini xüsusi vurğulamışdır.

Türkiyə, Pakistan və Azərbaycan hər üç ölkənin taleyüklü dönəmlərində həmişə bir-birilərini dəstəkləyən dost ölkələrdir. Bu ölkələr daim dostluq prinsiplərinə söykənərək qərarlar qəbul edib, bir- birilərinə bağlı olublar. Bu dostluq prinsiplərinə söykənərək yaradılan parlamentlərarası birlik də illər keçdikcə daha da möhkəmlənərək təkmil qanunların qəbuluna və daha sıx münasibətlərə rəvac verəcək.

Bu formatın yaradılması və möhkəmləndirilməsi dünya siyasi arenasında hər üç dövlətin nüfuzunun artmasını və həqiqətlərini birlikdə dünyaya çatdırmağı, inandırmağı təmin edəcək.

Pakistan Milli Assambleyasının Sədri Əsəd Qeysər ölkəsində Azərbaycan və Türkiyə mədəniyyət mərkəzlərinin yaradılması təşəbbüsü ilə də çıxış edib. İmzalanan Bakı Bəyannaməsi üç ölkənin gələcək əlaqələrinin inkişafında böyük rol oyanyacaq. Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrlərinin ikinci üçtərəfli görüşünün 2022-ci ildə İslamabad şəhərində keçirilməsinin planlanlaşdırılması gələcək münasibətlərin uğurlu olacağından xəbər verir. Azərbaycan, Türkiyə və Pakistan bu gün regionun aparıcı, söz sahibi olan ölkələrindəndir. Dünya siyasətinin müəyyənləşdirilməsində bu ölkələrin xüsusi yerirolu var.

Azərbaycanla Türkiyə və Pakistan arasında münasibətlər özünün yeni inkişaf mərhələsinə daxil olur. Bu, Milli Məclis tərəfindən parlamentlərarası üçtərəfli əməkdaşlıq formatının təsis edilməsi, tarixi Bakı Bəyannaməsinin imzalanması ilə bir daha təsdiq edildi. Artıq ortaq maraqları və tarixi dəyərləri birləşdirən Azərbaycan-Türkiyə-Pakistan dünya miqyasında ən yaxın strateji müttəfiqlərdir.

Bakı Bəyannaməsində Azərbaycan, Pakistan və Türkiyənin bölgədəki sülh, sabitlikinkişafa bundan sonra da diqqət ayırmaq, təhlükəsizlik və rifahın təminatına çalışmaq, terrorla mübarizədə birliklərinə önəm vermək, sülh şəraitində yaşamağı reallaşdırmaq, ölkələrin qarşı-qarşıya olduğu saysız çətinliyin aradan qaldırılması yolunda işlər görmək barədə məsələlər öz ifadəsini tapıb.

Görünən odur ki, qarşıdakı illərdə və ümumiyyətlə, gələcəkdə Azərbaycan-Türkiyə-Pakistan dostluğu və mütəffiqliyi regionda təhlükəsizliyin təminatçısı olacaq.

 

Ramilə QURBANLI,

 

Azərbaycan.- 2021.- 4 avqust.- S.1; 3.