Marmarisdə Azərbaycan yanğınsöndürənlərinin səhər toplantısı keçirilib

 

Azərbaycan Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələrinin əməkdaşları Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsi üçün əzmlə çalışırlar.

AZƏRTAC-ın xüsusi müxbiri hadisə yerindən xəbər verir ki, azərbaycanlı yanğınsöndürənlər hər gün Türkiyə Yanğın Böhran Mərkəzinin Marmaris məntəqəsində toplanaraq təlimatlandırıldıqdan sonra təyinat mərkəzinə yollanırlar.

Avqustun 3-də Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Azərbaycan yanğınsöndürənlərinin səhər toplanışında iştirak edib, onlara müvafiq tapşırıqlar verib.

Sonra general-leytenant Etibar Mirzəyev Türkiyə Yanğın Böhran Mərkəzinin Marmaris məntəqəsində olub. Burada rəqəmsal sistem vasitəsilə bölgədəki vəziyyət barədə məlumat verilib, görülən tədbirlər, yanğınsöndürənlərimizin fəaliyyət yeri müzakirə edilib.

Marmaris bölgəsi hazırda Türkiyədə yanğınların tüğyan etdiyi qaynar nöqtələrdən biridir. Bölgədə yanğınların söndürülməsi üçün helikopterlər intensiv fəaliyyət göstərirlər.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-da Türkiyəyə çatıb. FHN-in ikinci qrupu da artıq Türkiyədə təyinat məntəqəsindədir. Bu qrupa 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedici daxildir.

 

Azərbaycan.- 2021.- 4 avqust.- S.5.