Keçmişdən qopan gələcək

 

On yeddi yaşında Ağdamdan ayrılan Əli Əmirli əlli altı ildən sonra doğma yurda xatirələrin ağuşunda qayıtdı

 

Dağıntılar arasında dayandığı yer onun yurd yeridir. Bütün həyatı, əsli-kökü, qohum-əqrabası, keçmişi bu yerlə bağlıdır. Bu yer 30 ilə yaxın onu maqnit kimi özünə çəkib, amma getmək mümkünsüz olub. İşğaldan azad edilən yurd yerindən qalan indi yalnız daş parçalarıdır...

Dizləri taqətdən düşdüyündən hiss basmış daş parçalarından birinin üstündə oturur. Görmək üçün gəlib bu dağıntılar arasına çıxdığı yerdə onu uzaq uşaqlığına, əvvəlki Ağdama yalnız xatirələri apara bilər.

Yazıçı, Əməkdar incəsənət xadimi, professor Əli Əmirlinin “Qarabağ söhbətləri”ndəyik. Gözlərini uzaq məchulluğa dikib, öz-özüylə danışırmış kimi həmin xatirələrə baş vurur...

 

Ömrümün on yeddi ili

 

 - Adam xatirələrini danışmağa başlayırsa, deməli, qocalır. Bəlkə buna görədir ki, altmışa qədər keçmişə boylanmağı sevməmişəm, gələcəyə də heç vaxt möhtəşəm planlar qurub arzular sorağında olmamışam, düşünmüşəm ki, hər şey bu gündə, indidə həll olunur.

Hər gələn sabah da elə indiyə, bu günə çevrilir. Peyğəmbərə aid edilən hədislərin birində havayı yerə deyilməyib ki, sabahın dərdini bu gün çəkmə. Personajlarımdan birinin dili ilə desəm, keçmiş yuxu, gələcək (əgər gələcəksə) naməlum, nağd olan bu gündür, indidir, onun qədrini bilmək gərək. Bəlkə elə buna görə idi ki, cavanlıqda ağdamlı olsam da, Qarabağı o qədər də tez-tez xatırlamırdım. Xatırlayanda isə, Qarabağ mənim üçün iki məkana bölünürdü: doğulduğum Novruzlu kəndi, böyüdüyüm 1 nömrəli məktəbini bitirdiyim Ağdam şəhəri...

Kənddən yeddi, Ağdamdan on yeddi yaşımda çıxıb dünyanın ən gözəl, ən doğma şəhərinə - Bakıya gəlmişəm. O Bakıya ki, yaxşı nəyim varsa, onunla bağlıdır. Bakısız özümü xoşbəxt hiss edə bilmirəm. Bununla belə, zaman keçir, yaş artır və xatirələr yaddaşımın hansı küncündəsə dirilir, ilkin mənbədən daha canlı, daha təsirli olur, aydın şəkildə keçmişimi görürəm. Görürəm ki, ömrümün ilk on yeddi ili Novruzlu ilə, Ağdamla bağlıdır. Həqiqətən, keçmiş yuxu olsa da, o adamın içində həmişə canlıdır, diridir. Xatirələrin uyuduğu o keçmiş insanın bütün gələcək həyatını müəyyənləşdirir, yönəldir, istiqamət verir. Mən bunu yetmiş yaşı tamam eləyəndən sonra daha dərindən, daha aydın duyuram, görürəm.

Hərdən bu yaşımda düşünürəm, bütün həyatım, yaradıcılığım, xoşbəxtliyim, varlığım Bakı ilə bağlı olduğu halda nədir məni Qarabağa, konkret desəm, Ağdama, kiçik vətənim Novruzluya bağlayan? Az qala otuz ildən sonra azadlıq qazanmış Ağdama getmək istəyimin bu qədər güclü olmasının səbəbi nədir? Niyə mən murdar düşmənin xaraba qoyduğu şəhəri görmək istəyirəm, bu yanğı nə ilə bağlıdır? On il yaşadığım, dünyanı az-çox qanmağa başladığım Ağdamın kol-kos başmış Dəyirman həyətinin xarabalığında məni saran həyəcan, boğazımı göynədən qəhərin səbəbi nədir? Suallar çoxdur, cavablar konkret deyil.

Bəlkə, xarabalıq içərisində dayanıb xatirələrdə də olsa keçmişi bərpa etmək, yaşanmışları yenidən yaşamaq istəyidir bu? Bəlkə, məhz bu xatirələr hesabına ömrün çox az qalmış müddətini uzatmaq istəyi var burda? Bəlkə, ona görə qoca adam daima keçmişi yada salır, yorulmadn xatirələr söyləyir.

Personajlarımdan birinin parlaq keçmişini yada salmaq, bəzək-düzək vuraraq xatirələr danışmaq zəifliyi var, özü də bunu bilir, ona görə də rəfiqəsinə deyir ki, görsən bir şeyi iki dəfə danışıram, ətəyimi çək və de ki, bunu danışmısan. İndi mən də hiss edirəm ki, bu söhbətləri artıq “Ağdamda nəyim qaldı?” avtobioqrafik romanımda demişəm, indi onları təkrarlayıram.

 

Müəllimdən şikayət yazmışdıq

 

- Ağdamla bağlı xatirələrimin məkanı şəhərin məşhur məhəllələrindən biri ilə - Dəyirman həyəti ilə bağlıdır. Oxuduğum 1 nömrəli məktəbə aid xatirələrim çoxdur. Dəyirman həyəti ilə bağlı ən parlaq hadisələri “Ağdamda nəyim qaldı?” romanımda qələmə almışam. Məktəb xatirələrim isə məni heç vaxt dilləndirməyib. Baxmayaraq ki, ilk səhnə əsərimin mövzusu məhz məktəbimizlə, 11-ci sinifdə oxuduğumuz zamanla bağlıdır.

Məktəbi bitirməyə ikicə ay qalmışdı. Ədəbiyyatdan bizə dərs deyən müəllimdən narazı idik, indiki ağlımla baxanda müəllimdə neqativ keyfiyyətlər elə də dərin deyildi, insafən müəllim dərsə can yandırır, ədəbiyyatı bizə sevdirməyə çalışırdı, amma sevmirdik onu. Müəllimin dedikləri ilə əməlləri üst-üstə düşmürdü, əksinə, ədəbiyyatın təbliğ etdiyi mənəvi dəyərləri gözdən salırdı. İlk gənclik dövründə hamı həqiqətpərəst olur. Nəhayət, müəllimi sinfimizdən uzaqlaşdırmaq üçün ərizə yazmaq qərarına gəldik. Yazdıq da!

Təsəvvür edin, 1965-ci il, sovet hökümətinin gur-gur guruldayan vaxtı, partiya, komsomol, pioner təşkilatları və şagirdlərin kollektiv etiraz ərizəsi! Əlbəttə, biz istəyimizə nail ola bilmədik, müəllim valideynlərimizin köməyi ilə faktik olaraq qalib gəldi, amma mənəvi qələbə bizim idi, müəllimin “markası” xeyli aşağı düşdü. Baxt bu əhvalat mənim “Ərizə” adlı ilk səhnə əsərimin yazılmasına səbəb oldu.

 

Qızın atası deyib ki, bu oğlan yazıçı olacaq

 

- Xatirələr çox idi, ilk sevgilər, ilk davalar, uğurlar və uğursuzluqlar, ilk qələm təcrübəsi. Onuncu sinifdə yazdığım “indiyski” hekayələrimdən birini gizlicə sevdiyim qıza verdim, diqqətini üstümə yönəltmək üçün. Hekayə qızın necə xoşuna gəlibsə, aparıb evdə bütün ailəyə oxuyub. İlk dinləyicilərim yazıya heyran qalıblar, qızın bazarda alverlə məşğul olan atası deyib ki, bunu yazan oğlan böyük yazıçı olacaq. Alverçi də olsa, kişinin proqnozu “böyük” sözünü çıxmaq şərti ilə doğru olub. Məqamı gələndə deyirəm, mənim ilk tənqidçim bazarda alverçi olub.

Uşaqlıq illərim xeyli dramatik, mürəkkəb keçib. O gündən ki, ata dediyim dayım məni övladlığa götürüb Ağdama gətirdi. Onda mənim yeddi yaşım vardı, hər şeyi də çox gözəl başa düşürdüm. Bir neçə qızdan sonra doğulan birinci oğlanın ailədəki yeri məlumdur. Yeddi il çox ərköyün, sevilən, canına and içilən uşaq olmuşam, Ağdama gələnə qədər. Sonrası isə avtobioqrafik romanımda bütün təfərrüatları ilə yazılıb.

Ağdamlı olasan, həyatında, xatirələrində musiqinin yeri olmaya? Mümkünsüzdü!

Mən də musiqini sevirdim, özü də ciddi şəkildə, amma bu məsələdə mən muğam xridarı olan ağdamlılardan yüz səksən dərəcə seçilirdim. Deməyə də qorxuram, mən muğamatı sevmirdim. Məni Azərbaycan bəstəkarlarının romansları, operalardan ariyalar, estrada mahnıları cəlb edirdi. Dinlədiyim əsərlərin hamısını əzbər bilir, hətta tam otruşmamış dramatik tenora yaxın səsimlə oxumağa cəsarət edirdim. Hər bazar günü saat ikidə muğamat konsertini ağdamlılar həsrətlə gözləyirdilər, mənsə dərd çəkirdim, bu muğam nə vaxt bitəcək? Mən Bülbülə, Rəşid Behbudova, Şövkət Ələkbərovaya qulaq asırdım. Bütöv Ağdamda bəlkə məndən başqa heç kəs Zəhra Rəhimovanı, Firəngiz Əhmədovanı, Sona Aslanovanı, Ədilə Hüseynzadəni, Rauf Atakişiyevi, Ağababa Bünyadzadəni tanımırdı. Bu, o vaxtlar idi ki, atamın xalası oğlu, nağaraçalan Yelmar dayı deyirdi ki, “sən öl, camaat Bülbülün əlindən radiosunu satır”. Şövkət Ələkbərova fortepianonun müşayiəti ilə oxuyanda arvadlar qışqırırdı ki, “o radyonu keçir, Şokət yenə urusca oxuyur”.

Deyim ki, mən özüm də zövqümün bu istiqamətinə təəccüb edirdim. Çünki onlara xüsusi ləzzətlə qulaq asırdım. Zəhra Rəhimovanın ifasında Üzeyir bəyin “Firuzə” operasından Firuzənin ariyasını dinləməkdən doymurdum, onu da bilirdim ki, əslində, bu operadan bircə ariya qalıb, bəlkə də Üzeyir bəy operanı elə bu ariyanın xatirinə yazmaq istəyirmiş, o da alınmayıb. Bir də görürdün ariyanın kulminasiya hissəsində nənəm müğənnidən bərk qışqırdı: “Ay üstünə od tökülsün, kəs onun səsini, başım getdi!”

Mən, yəqin ki, müğənni olmaq istəyirdim. Əlbəttə, içimdə aktyor olmaq istəyi də güclü idi. Bir dəfə aktyor kimi səhnəyə çıxdım da. Pioner həyatından duzsuz bir pyes idi. Yaxşı səsimə və aydın diksiyama görə baş rolu mənə vermişdilər. Mədəniyyət evinin səhnəsində məktəblilərin olimpiadasına baxış keçirilirdi. Məktəbimiz baxışa bizim tamaşa ilə qatılmışdı. Tamaşa başladı, mən sözlərimi unutmuşdum, səhnədə dəhşətli dərəcədə sıxılırdım. Tamaşa bitdi, ya bitmədi unutmuşam, xəcalət hissi isə hələ də yadımdadı. Elə ordaca səhnəyə, aktyorluğa həmişəlik əlvida deməyə özümdə güc tapdım.

Ancaq Bakıya gələndən sonra muğamları anlamağa, onlardan zövq almağa başladım, bu, tədrici proses idi. İndi də muğam xridarı deyiləm, amma ustad nəfəsini dərhal hiss edirəm. Ümumiyyətlə, muğamı və aşıq havalarını yaşlı müğənnilərin ifasında dinləməyi xoşlayıram. Uşaqların muğam oxumasını isə qəbul etmirəm. Əlbəttə, istisnalar da olur.

 

Novruzluda ondan gözəl qadın yoxuydu

 

Doğulduğum Novruzlu kəndində cəmi yeddi il yaşasam da, kəndin toylarını şirin, əsrarəngiz nağıl kimi xatırlayıram, ata-anam qardaş-bacılarım arasından ancaq məni aparırdılar toylara. “Ağdamda nəyim qaldı?” romanında Novruzlu toylarına xüsusi fəsil ayırmışam.

Yaşa dolduqca, elə birbaşa deyək, qocaldıqca köhnə xatirələrin təsir gücü azalır, bir vaxtlar səni üzən nostalji zəifləyir, heydən düşür, amma yenə də! Bu xatirələr içərisində Novruzlu toylarının dəyişməz “paçcah”ı gər səsli arıq, hikkəli Tağı Yarovu, bir də çox gözəl rəqs eləyən, ağappaq üzü işıq saçan, kənd qadınlarından kəskin seçilən, şəhərlilər kimi yaraşıqlı geyinən Aysabah müəllimi elə bil indi də görürəm. O, adi kənd qadınları kimi başını aşağı salıb utana-utana oynamırdı. Onun rəqsi qadının bütün gözəlliyini aşkar edir, onu olduğundan da yaraşıqlı, gözəl göstərirdi. İndinin özündə də Aysabah müəllimin geyim-kecimi, başındakı , uzun saçaqlı ipək örpəyi, örpəyi rəngində dikdaban lak çəkmələri gözümün qabağındadı. Çox-çox uzun illərdən sonra Bakıda xalam oğlunun hüzr yerində az qala əyilib ikiqat olmuş bir qarını mənə göstərib dedilər: “Aysabah müəllimdir, sənin yadına gəlməz. Bir vaxtlar Novruzluda ondan gözəl qadın yoxuydu”.

Novruzlu toylarının birində “Qarabağın maralı” mahnısının müəllifi İsgəndər Novruzlunu görmüşdüm. Bir suyu Səməd Vurğunun ağsaçlı vaxtlarına çəkirdi.

Xatirələr çoxdur, çətini o ümmana baş vurmaqdır, üzüb sahilə çıxmaq çətin, ona görə qocaların çoxu haqq dünyasına qovuşana qədər elə xatirələr dənizində çapalayır.

Daha bir məqam doğulduğum Novruzlu kəndi ilə bağlıdır. 1985-ci ilin yanvarı idi. Bakıda iş yerimdə oturub “Axirətdən qabaq gəzinti” adlı romanımın hansısa fəslini yazırdım. O illərdə bir elmi-tədqiqat institutunda nəşriyyat-istehsalat şöbəsinə rəhbərlik edirdim. Saat beşdə hamı işini bitirib evə gedəndə, mənim iş otağımda yaradıcılıq saatım başlayırdı. Demək olar, hər gün saat səkkizə kimi yazırdım. Bu, bir adətə çevrilmişdi. Uzun illər bu rejimdə işləmişəm. Bütün əsərlərim eyni rejimlə yazılırdı. Həmin gün də işimi bitirib çıxmaq istəyirdim ki, telefon zəng vurdu və tanımadığım bir adam anamın ölüm xəbərini mənə dedi. Bu çox gözlənilməz acı xəbər, o vaxta qədər həyatımda almadığım ən böyük zərbə idi. Gecə qatara minib Ağdama yola düşdüm. Ertəsi gün səhər tezdən artıq Novruzluda idim. Babam Məşədi Əlinin qardaşı Kəlbəabbasla inqilabdan əvvəl şərikli tikdirdiyi nəhəng ikimərtəbəli binanın həyəti kənd camaatı ilə dolu idi. Mən Ağdama gedənəcən bu evdə yaşamışdım, dayım məni övladlığa götürənəcən. Kəndin girəcəyində olsa da, elə bizim bu evə görə Boccalı adlanan məhəlləmiz bir vaxtlar Novruzlunun mərkəzinə çevrilmişdi. Səbəb də kolxoz idarəsinin, kənd sovetinin, sonralar kənd xəstəxanasının da inqilabçı hökumət tərəfindən qismən müsadirə edilmiş bu imarətə, yəni bizim evə yerləşdirilməsiydi. Mülkümüzün hökumət tərəfindən işğalı altmışıncı illərə qədər davam etmişdi. Sonralar elə bir vaxt gəlib çatmışdı ki, o möhtəşəm imarətdə mənim yönlü bir gün görməmiş yazıq anamdan və bir-iki qohumdan başqa heç kəs qalmamışdı, ölən ölmüş, qalanlar da dərbədər olmuşdular.

Cənazəsində əbədi yuxuya getmiş anam demiş, qu desən, məhlədə qulaq tutulardı. İndi məni bu kəndə bağlayan heç nə qalmadı. Onda belə düşünürdüm. Sonralar, hər bayramlarda həyat yoldaşım Solmaz xanım valideynlərinin qəbrinə baş çəkəndə işğalda olan kəndim - Novruzlu yada düşürdü. Qarqarın üstündəki Novruzlu qəbiristanlığını xəyalən gəzirdim, doğma atamın, anamın, ata dediyim dayımın, nənəmin, adlarını çəkmədiyim neçə əziz adamımın qəbirlərini ziyarət etmək istəyirdim. Amma mümkün deyildi, kənd də, qəbiristanlıq da, qəbirlər də işğalda idi...

 

Sonuncu dəfə Ağdamda atam rəhmətə gedən gün olmuşdum

 

Mən Ağdamın ən yaxşı vaxtlarında, konkret desəm, 1965-ci ildə çıxıb taleyimin şəhərinə - Bakıya gəlmişdim. Ağdamla əlaqələrim qırılmamışdı. Hər yay Bakıdan vətənə dönür, beş-on gün qalıb qayıdırdım. Axırıncı dəfə isə 1986-cı ildə, atam rəhmətə gedəndə Ağdamda olmuşam. Ondan sonra nə Ağdamı, nə Novruzlunu görmüşəm.

Nəhayət, Ağdamı işğaldan azad etdik. Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, qətiyyətli komandanlığı altında qəhrəman Azərbaycan Ordusu murdar düşməni zəlil etdi. Müstəqil Azərbaycanın igidləri erməni vandallarını torpaqlarımızdan iti qovan kimi qovdular. Bizim hər birimiz bu möhtəşəm qələbəni daddıq, əyilmiş qəddimizi dikəltdik. Anladıq ki, bu həlledici məqamda qalib gəlməsək, ədalətə kar və kor olan, üzünə sivil maskası taxmış qəddar dünya uf demədən bizi əzərdi, ölkəmizi viran qoyardı. Biz bu qələbə ilə dünyaya sübut etdik ki, biz varıq, möhtəşəm xalqıq, bizim yaşamağa haqqımız var. Bu haqqı biz özümüz qazanmışıq!

Bu möhtəşəm qələbə ab-havasında 2021-ci ilin 29 mayında bir də gözümü açdım ki, Dəyirman həyətindəyəm, daha doğrusu, həmin həyətin, yeddidən on yeddiyədək yaşadığım evin xarabalığı qarşısındayam. Bütün danışdığım bu xatirələr həmin gün o həyətin kol-kos basmış xarabalığında üstümə sel kimi axanlardır. Novruzlu ilə, Ağdamla, Qarabağla bağlı xatirələr. Nə qədər ki varam, o xatirələr də olacaq, olmayanda isə kağızlarda, yazdıqlarımda, nəhayət, “Ağdamda nəyim qaldı?” romanımda qalacaq.

Uşaqlığında tərk etdiyi abad, yaşıllığa qərq olmuş, insanları da İmarətin qala divarları kimi möhkəm özüllü, özündə tarixi yaşadan yurduna o xatirələrin ağuşunda qayıtdı. İndi nə o təmtəraqlı Ağdam vardı, nə də uşaqlığı - hər ikisi xatirələrdə və tarixdə qalmışdı. Amma indi daha abad, gözəl, inkişaf etmiş bir yurd olacaq burda, indi dağıntıları arasında durduğu yerdə, gələcək olacaq, keçmişdən qopan gələcək...

 

Söhbəti yazdı:

Ramilə QURBANLI,

 

Azərbaycan.- 2021.- 4 avqust.- S.1; 6.