Birliyindostluğun təcəssümü

 

İlham Əliyev: “Bütün məsələlərdə biz hər zaman bir-birimizin yanındayıq”

 

Miqyasına və məzmununa görə dünyada analoqu olmayan Azərbaycan-Türkiyə münasibətləri ötən ilin 44 günlük Vətən müharibəsi zamanı özünün tarixi sınağından layiqincə çıxaraq daha da möhkəmləndi. Xalqımızın möhtəşəm Qələbəsi ilə başa çatan bu savaş  Azərbaycan və Türkiyəni bir-birinə daha da yaxınlaşdırdı, əlaqələri daha da sarsılmaz etdi.

Vətən müharibəsinin gedişatında Türkiyə dövləti, onun siyasi-hərbi rəhbərliyi birmənalı şəkildə Azərbaycanın yanında oldu, ölkəmizin haqlı mövqeyini, ərazi bütövlüyünü qətiyyətlə müdafiə etdilər. Bu ölkənin siyasi və hərbi rəhbərliyi birmənalı və qəti şəkildə Azərbaycanı dəstəkləyən bəyanatlar verdilər.

Bu ilin  iyun ayından isə Azərbaycan-Türkiyə münasibətlərinin tarixində məzmun və keyfiyyətcə yeni mərhələnin təməli qoyuldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı Şuşa şəhərində imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki dövlət arasındakı qardaşlığın və strateji tərəfdaşlığın siyasi və mənəvi təcəssümü oldu.

Bütövlükdə, Vətən müharibəsi Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının möhkəm təməllərə söykəndiyini təsdiq etdi. “Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir və bütün məsələlərdə biz hər zaman bir-birimizin yanındayıq. İkinci Qarabağ müharibəsi bunu bütün dünyaya bir daha göstərdi ki, Türkiyə-Azərbaycan bir yerdədirlər və əziz qardaşımın, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilk saatlardan bizi ruhlandırdı. Çünki müharibənin ilk saatlarından başlayaraq Türkiyə və onun Cümhurbaşqanı bizə mənəvi və siyasi dəstək vermişdir. Bu mənəvi və siyasi dəstək müharibənin son gününə qədər göstərildi. İkinci Qarabağ müharibəsində qələbəmiz, əlbəttə ki, bölgədə yeni bir reallıq yaratdı. Türkiyə və Azərbaycan bölgədə öz imkanlarını genişləndirdilər, bizim rolumuz, təsir imkanlarımız artdı və artacaq. Birgə həyata keçirdiyimiz bütün layihələr, təşəbbüslər bölgədə sabitliyin, sülhün təmin edilməsi üçün önəmli rol oynayır”, - deyə Prezident İlham Əliyev bildirib.

 

Yanğınsöndürənlərimizin səyi ilə Türkiyədə yanğınların genişlənməsinin qarşısı alınıb

 

Son günlərdə Türkiyədə baş verən meşə yanğınları zamanı bütün dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığına şahidlik etdi. Belə ki, Azərbaycan dövləti Türkiyənin bir sıra vilayətlərində baş qaldıran meşə yanğınlarına dərhal reaksiya verdi. Prezident İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından ibarət birinci qrup iyulun 30-dan Türkiyədədir. FHN-in ikinci qrupu da artıq Türkiyədə təyinat məntəqəsinə çatıb. Bu qrupa 1 helikopter, 53 yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 220 yanğınsöndürən və xilasedici daxildir. Qrupun üzvlərinin hamısı təcrübəli yanğınsöndürənlərdir. Onların hər biri fərdi yanğınsöndürmə vasitələri ilə tam təmin olunub.

Hazırda FHN-in yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını peşəkarlıqla davam etdirirlər. Marmaris ərazisində yanğınsöndürənlərimizin səyi ilə bir çox istiqamətlərdə meşə yanğınlarının genişlənməsinin qarşısı alınıb.  Bütün bunlar bir daha Azərbaycanın Türkiyə ilə əsl qardaş, etibarlı dost olduğunu əyani şəkildə nümayiş etdirir.

 

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə təşəkkür etdi

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində baş verən meşə yanğınları ilə mübarizədə onlara dəstək verən bütün ölkələrə və təşkilatlara təşəkkürünü bildirib.

Bu çətin dövrü ən qısa zamanda geridə qoyacaqlarını deyən Rəcəb Tayyib Ərdoğan söyləyib: “İlk andan etibarən göstərdikləri dəstəyə görə xüsusilə Azərbaycan Prezidentinə, əziz dostum İlham Əliyevə, Rusiya Prezidenti Vladimir Putinə və İspaniyanın Baş naziri Pedro Sançesə ölkəm adından təşəkkürümü bildirirəm. Güclü həmrəyliyinə görə qonşumuz İran Prezidenti İbrahim Rəisiyə, Qətər Əmiri Şeyx Təmimə, Xorvatiya Prezidenti Zoran Milanoviçə və Ukrayna Prezidenti Vladimir Zelenskiyə təşəkkürümü bildirirəm”.

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində qardaş Türkiyədə baş verən yanğınlar nəticəsində həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib. Paylaşımda deyilir: “Türkiyə regionlarında baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”

 

Bu qardaşlıq səmimi, sarsılmaz və əbədidir

 

Azərbaycan həmişə, ən çətin anlarda Türkiyənin yanında olmuş, ona öz səmimi və əməli dəstəyini ifadə etmişdir. Bu yerdə 2016-cı ildə Türkiyədə baş vermiş terror aktları zamanı Azərbaycanın qardaş dövlətə dəstəyini qeyd etmək yerinə düşər. Məlum olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etməsi üçün ölkəmizə səfəri 2016-cı ilin həm fevral, həm də mart aylarında alınmamışdı. Fevral ayında təxirə salınan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası martın 15-də Bakıda keçirilməliydi. Lakin Türkiyə Prezidenti törədilmiş terror səbəbindən gələ bilmədiyindən Azərbaycan Prezidenti İlham Əliyev əsl qardaşlıq və dostluq nümunəsini ortaya qoyaraq özü Ankaraya səfər etdi. Prezident İlham Əliyev bu qərarı ilə Azərbaycan dövlətinin yaxşı günlərdə də, ağır günlərdə də Türkiyə dövləti ilə birlikdə olduğunu nümayiş etdirdi.

Prezident Rəcəb Tayyib Ərdoğan  Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasındakı nitqinə Türkiyənin yanında olmasına və göstərdiyi həmrəyliyə görə Prezident İlham Əliyevə  dərin təşəkkürünü ifadə etməklə başlamışdı.

Azərbaycanlı yanğınsöndürənlərin Türkiyənin çətin günlərində köməyə gəlməsi bütün qardaş ölkə ictimaiyyətinin qəlbini fəth edib. Türkiyədə böyükdən kiçiyə hər kəs yanğınsöndürənlərimizin qəhrəmanlığından danışır, Prezident İlham Əliyev başda olmaqla xalqımıza təşəkkür edirlər. Beləliklə, Azərbaycan-Türkiyə qardaşlığı Türkiyədə baş verən meşə yanğınları zamanı növbəti dəfə də özünü yaxından göstərdi. Bir daha təsdiq olundu ki, bu qardaşlıq səmimi, sarsılmaz və əbədidir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2021.-5 avqust.- S.1; 3.