Müdafiə
Nazirliyi Azərbaycan Ordusuna aid məlumatların təhrif
olunmuş şəkildə yayılmasına münasibət
bildirib
Bəzi kütləvi informasiya
vasitələrində və sosial şəbəkələrdə
Azərbaycan Ordusunda ştat dəyişikliyi, şəxsi heyətin
rotasiyası, kadr islahatları və Orduya aid digər məlumatların
təhrif olunmuş şəkildə və Müdafiə
Nazirliyinin rəsmi məlumatına istinad edilmədən
yayılması ciddi təəssüf və narahatlıq
doğurur.
AZƏRTAC xəbər verir ki, bu
barədə Müdafiə Nazirliyinin feysbukdakı rəsmi səhifəsində
yerləşdirilmiş məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, ümumiyyətlə,
şəxsi heyətin, xüsusilə yuxarı çinli zabit
heyətinin vəzifə yerdəyişməsi kimi məlumatlar
xidməti xarakter daşıyır və hərbi-dövlət
sirri sayıla bilər.
Müzəffər Ali Baş
Komandanın rəhbərliyi ilə Vətən müharibəsində
zəfər qazanmış qalib Ordu haqqında Müdafiə
Nazirliyinin rəsmi məlumatlarına istinad olunmadan bu cür məlumatların
yayılması və ya sosial şəbəkələrdə
əsassız müzakirə obyektinə çevrilməsi
Ordumuzun gündəlik fəaliyyətinin təşkilinə mənfi
təsir göstərir və əməliyyat şəraitində
olan hərbi qulluqçularımızın həyatını
təhlükə altına qoya bilər. Bu kimi hallar, eyni
zamanda, Ermənistan xüsusi xidmət orqanlarının məlumatlandırılmasına,
onların Ordumuza qarşı apardığı dezinformasiya və
“fakenews” əməliyyatlarının
asanlaşdırılmasına xidmət edir.
“Peşəkar, məsuliyyətli və
vətənpərvər Azərbaycan mediasının daim və
Vətən müharibəsi dövründə xüsusilə
Ordumuza göstərdiyi dəstəyi yüksək qiymətləndiririk.
Bununla belə, bəzi media nümayəndələrini və
sosial şəbəkə istifadəçilərini Müzəffər
Ali Baş Komandanın rəhbərliyi ilə xalq-ordu birliyinə
xələl gətirə biləcək informasiya təxribatlarının
və məlumatlarının tirajlanmasının
qarşısının alınmasında fəal olmağa və
vətəndaş məsuliyyəti prinsipindən
çıxış edərək Orduya dəstək
olmağa çağırırıq”, - deyə Müdafiə
Nazirliyinin məlumatında qeyd olunub.
Azərbaycan.- 2021.-5 avqust.- S.2.