Vaksin olunmaqla koronavirusa
qalib gələ bilərik
ÜST pandemiya
ilə mübarizənin yollarının yalnız peyvəndlənmədən
keçdiyini bir daha təsdiqlədi
Bir ildən artıqdır ki, dünyanı bürüyən pandemiya (COVID-19) ölkələri hər gün yeni rəqəmlərlə qarşılaşdırır. 2020-ci ilin martından bu günə qədər, yəni ÜST-ün (Ümumdünya Səhiyyə Təşkilatı) koronavirusun yayılmasını pandemiya elan etməsindən ötən vaxt ərzində dünyada virusa yoluxanların sayı 200 milyona çatıb, 4 milyon 200 min nəfər isə vəfat edib.
Yoluxmanın çoxluğuna görə hələ də ABŞ lider ölkədir. Dünənki məlumata görə, bu ölkədə koronavirusa yoluxanların sayı 34 milyon 264 min nəfəri keçib, 613 min 494 nəfər infeksiyadan dünyasını dəyişib. 28 milyon 254 mindən çox insan isə sağalıb.
Bu xoşagəlməz siyahıda ikinci yeri Hindistan tutur. Hindistanda indiyə qədər 29 milyon 183 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 359 min 695 nəfər vəfat edib. Yoluxma sayına görə üçüncü yerdə Braziliyadır. Pandemiya müddətində Braziliyada 17 milyon 125 min nəfər virusa yoluxub, onlardan 479 min 791 nəfər ölüb, 15 milyon 596 min nəfər isə sağalıb.
Azərbaycanda ölüm sayı qonşu ölkələrdən və Avropadan
aşağıdır
Azərbaycanda vəziyyət sadalanan ölkələrlə müqayisədə daha yaxşıdır. Bununla belə, koronavirusa yoluxanların sayının artması təlaş doğurmaya bilməz. Yoluxma sayında artım müşahidə edilsə də, ölkədə hər gün peyvənd olunanların sayının artması gələcək üçün nikbin proqnoz verir. Peyvənd olunanların sayı nə qədər artarsa, bir o qədər tez bu virus bəlasından ellikcə qurtula bilərik.
Ölüm sayına görə Azərbaycan qonşu ölkələrdən, hətta Avropadan geri qalır. ÜST pandemiya ilə mübarizənin yollarının yalnız peyvəndlənmədən keçdiyini bir daha təsdiqləyib. Avropa İttifaqı ölkələrinin təxminən 100 milyon sakini koronavirus əleyhinə tam vaksinasiya olunub.
Ölkəmizdə bu sahədə görülən tədbirlər sayəsində yoluxma və ölüm sayı dünya statistikasına görə aşağı rəqəmlərlə ölçülür. Amma arxayınlaşmaq da düzgün olmazdı. Virus hələ də var və dünyanı sarımaqda davam edir. Pandemiyanın ilk vaxtlarında düşdüyümüz sarsıntıdan və qorxudan artıq çıxmışıq. İnsanlar indi virusla mübarizədə və ondan müdafiədə daha ayıqdılar. Artıq vətəndaşlarımız vəziyyəti daha düzgün dəyərləndirib qərar vermək bacarığına yiyələnmişdilər. Bununla belə vaksinasiyadan keçənlərin sayının yoluxanların və itkilərin sayını ötməsi üçün peyvənd olunmağı təxirə salmadan davam etmək lazımdır.
Virusdan ölənlərin 99 faizi peyvənd
olunmayan insanlardı
Azərbaycanda vaksinasiya
prosesesinə yanvar ayından start verilib. Bugünə
qədər ciddi əks göstəriş faktı qeydə alınmayıb. Vaksinasiya
olunanlar normal, adi həyatlarına, iş prosesinə davam edirlər.
Yenidən qapanmalara və sərt tədbirlərə
ehtiyac olmaması üçün ölkədə
peyvənd olunanların
sayı əhalinin heç olmasa 80 faizini təşkil etməlidir. Bu göstərici
kollektiv immunitetin formalaşmasına gətirib
çıxararaq və nəticədə
pandemiya bəlasından
xilas ola bilərik.
Virusdan ölənlərin 99 faizi
peyvənd olunmamış
insanlardır. Bu rəqəm
peyvənd olunmağın
üstünlüyünü bir daha təsdiqləyir.
Demək,
insanlar vaksin vurdurmağa tələsməlidirlər.
Ramilə QURBANLI,
Azərbaycan.- 2021.-5 avqust.- S.1; 6.