Söz və fikir azadlığı cəmiyyətimizin demokratik
inkişafına xidmət
edir
KİV üzərində senzuranın
aradan qaldırılmasından
23 il ötür
Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin
edilməsi, kütləvi
informasiya vasitələrinin
müstəqil fəaliyyəti
və inkişafı üçün münbit
şəraitin yaradılması,
bu sahədə bütün maneələrin
aradan qaldırılması
ilə təşəbbüslər
demokratikləşmə istiqamətində
ilk addımların atıldığı
illərə təsadüf
edir.
Bəli, yalnız Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə
xalqın istək və tələbi ilə hakimiyyətə qayıdışından sonra
söz və fikir azadlığı üçün münbit
zəmin formalaşmağa
başladı, kütləvi
informasiya vasitələri
buxovlardan xilas oldular.
Azərbaycan xalqı 1991-ci ildə dövlət müstəqilliyinə
nail olaraq demokratik inkişaf yolunu seçdi.
Lakin o dövrdə hakimiyyətdə
olan iqtidarlar tərəfindən demokratik
dəyərlərin bərqərar
edilməsi, o cümlədən
kütləvi informasiya
vasitələrinin sərbəst
fəaliyyəti, söz
və mətbuat azadlığının təmin
olunması ilə bağlı demokratik prinsiplərə uyğun heç bir addım atılmadı. Əksinə,
1992-ci il aprelin 12-də prezident səlahiyyətlərini icra
edən Y.Məmmədovun
fərmanı ilə hərbi senzura tətbiq etmək adı altında mətbuat üzərində
nəzarət daha da gücləndirildi. 15 aprel 1993-cü il
tarixində isə ölkəyə rəhbərlik
edən Ə.Elçibəyin
sərəncamı ilə
hərbi vəziyyətlə
bağlı senzura təkcə hərbi sirlərə deyil, bütün məlumatlara
aid edilərək jurnalistlərin
sərbəst informasiya
fəaliyyəti tam məhdudlaşdırıldı.
Mətbuata təzyiqlər yalnız senzura ilə bitmirdi. O dövrdə hakimiyyət
orqanlarının ünvanına
səslənən kiçicik
tənqidi fikir belə, jurnalistin fiziki zorakılığa məruz qalması ilə nəticələnirdi.
Bu sahədə
vəziyyət Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən
sonra müsbətə
doğru dəyişdi. Ulu Öndərin
başlatdığı demokratik
islahatlar mətbuatdan da yan ötmədi.
Hüquqi, dünyəvi
və demokratik dövlət quruculuğuna
başlayan Heydər Əliyevin tarixi xidmətləri nəticəsində
ölkədə kütləvi
informasiya vasitələrinin
fəaliyyətində inkişafa
doğru əsaslı
dönüş yarandı,
mətbuat və söz azadlığının,
fikir plüralizminin əsası qoyuldu. Siyasi həmlələrdən əziyyət
çəkən KİV təzyiqlərdən
azad oldu. Azad sözün inkişafı
məqsədilə KİV-in sərbəst istehsalı və yayımı
təmin edildi. Demokratik cəmiyyətin əsas meyarlarından hesab olunan azad sözün
və fikir azadlığının təmin
edilməsini 1995-ci ildə
qəbul edilən Konstitusiya hüquqi baxımdan təsdiqlədi.
Cəmiyyətin inkişafında
azad sözün rolunu həmişə yüksək qiymətləndirən
Ulu Öndər Heydər Əliyev 1998-ci il avqustun
6-da “Azərbaycan Respublikasında
söz, fikir və məlumat azadlığının təmin
edilməsi sahəsində
əlavə tədbirlər
haqqında” fərman imzaladı. Söz, fikir və
məlumat azadlığının
qorunması və inkişaf etdirilməsi, jurnalist kadrların peşə hazırlığının
və təhsilinin səviyyəsinin yüksəldilməsi
və digər məsələlərin yer
aldığı fərmana
əsasən Nazirlər
Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində
dövlət sirlərini
mühafizə edən
baş idarə ləğv olundu. Həmçinin Azərbaycan
Respublikası Prezidentinin
hərbi senzura yaradılması haqqında
16 aprel 1992-ci il tarixli 685 saylı fərmanı və bütün informasiya yayımı üzərində
nəzarət tətbiq
edilməsi ilə bağlı 15 aprel
1993-cü il tarixli 372
saylı sərəncamı
qüvvədən düşmüş
hesab edildi. Beləliklə, bu fərmanla
Azərbaycanda mətbuat
üzərindən senzura
birdəfəlik götürüldü.
Bu 1875-ci ildə
“Əkinçi” qəzeti
ilə əsası qoyulan Azərbaycan milli mətbuatının
ilk dəfə senzuradan
tamamilə azad edilməsi idi. Fərmanda
yer alan məsələlərin icra
olunması ölkədə
kütləvi informasiya
vasitələrinin sürətli
inkişafına ciddi təkan verməklə yanaşı, söz azadlığı kimi demokratik dəyərin bərqərar edilməsində mühüm addım oldu.
Fərmanda mətbuatın
və jurnalistlərin
qarşısında dayanan
vəzifələrə də
diqqət yetirildi: “ Mətbuat və
televiziya xalqımızın
milli-mənəvi dəyərlərinin
qorunması, inkişafı
və geniş ictimaiyyət arasında yayılmasının qayğısına qalmalıdır.
Jurnalistlərin peşəkar
səviyyəsini artırmaq,
vətəndaşlarda kütləvi
informasiya vasitələrinə
obyektiv münasibət
aşılamaq, mətbuatın
imkanlarından bacarıq
və məsuliyyətlə
istifadə etmək istiqamətində həm dövlət, həm də mətbuat orqanlarının özləri
çox işlər görməlidirlər.
Bununla bağlı kütləvi informasiya vasitələrində çalışan
jurnalistlərin və
digər əməkdaşların
vətənpərvərliyi, yüksək vətəndaşlıq məsuliyyəti,
peşə hazırlığı,
təhsili, təmiz mənəvi siması xüsusi əhəmiyyət
kəsb edir. Kütləvi informasiya vasitələrində Azərbaycan qanunvericiliyinin
tələblərinə, milli
mənəviyyatımıza uyğun hüquqi və etik normaların
gözlənməsi hər
bir jurnalist üçün ən vacib vəzifə olmalıdır”.
Sonrakı dövrdə qəbul edilən qanunlar ölkədə demokratiyanın
möhkəmlənməsinə xidmət etməklə yanaşı, söz və mətbuat azadlığının hüquqi
bazasını daha da möhkəmləndirdi. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi ilə kütləvi informasiya vasitələrinin
təsis olunması daha da asanlaşdı. Ulu Öndər Heydər
Əliyevin KİV-in inkişafı
sahəsində atdığı
addımların nəticəsi
kimi mətbuatın maddi-texniki və maliyyə bazasını möhkəmləndirmək üçün
mühüm qərarlar
qəbul edildi, güzəştlər tətbiq
olundu. Ayrı- ayrı qəzetlərin
dövlət orqanlarına
olan borcları donduruldu.
Mətbuatın demokratik dəyərlər
əsasında inkişafı
bu gün ölkədə həyata
keçirilən uğurlu
siyasətin göstəricilərindən
biridir. Mətbuatımızın qabaqcıl və
mütərəqqi ənənələrə
əsaslanmaqla, xalqımızın
tarixi-milli xüsusiyyətlərini
qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və mətbuat azadlığını
demokratiyanın fundamental şərti
hesab edir.
Bütün bunların nəticəsidir
ki, Azərbaycanda istənilən təşkilat,
partiya və ayrı-ayrı şəxslər
maneəsiz qəzet təsis edə və istədiyi mövzuya toxuna bilər. Hər bir media qurumu
KİV haqqında qanunvericiliyə
uyğun olaraq sərbəst fəaliyyət
həyata keçirir.
Dünyanın heç də
hər yerində bu cür demokrtik
qaydalara rast gəlmək mümkün
deyil. Bütün bunlar təsdiq
edir ki, Azərbaycanda söz və mətbuat azadlığı tam təmin
olunub.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2021.-6 avqust.- S.1; 5.