Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasındadır

 

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən avqustun 5-də Naxçıvan Muxtar Respublikasına işgüzar səfər edib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar.

Sonra Heydər Əliyev Muzeyini ziyarət edən nümayəndə heyətinə muzey barədə ətraflı məlumat verilib. Qonaqlar muzeydə dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, firavan gələcəyi naminə siyasi fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla tanış olublar.

Baş prokurorun rəhbərlik etdiyi heyət, həmçinin Ulu Öndərin adını daşıyan tam orta məktəb və Hərbi Liseydə də olublar.

Daha sonra Bəhruz Kəngərli muzeyini ziyarət edən qonaqlara Azərbaycan rəssamlıq sənətinin ən görkəmli nümunələrindən olan əsərlər barədə ətraflı məlumat verilib.

Səfərin gedişi barədə ictimaiyyətə məlumat veriləcək.

 

Azərbaycan.- 2021.-6 avqust.- S.2.