Füzuli Əsədov: "Türkiyədə
yanğınların söndürülməsində FHN-in 500-ə yaxın əməkdaş iştirak edir"
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına
uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə
qüvvələrinin əməkdaşlarından
və yanğınsöndürmə
texnikasından ibarət
iki qrup artıq neçə gündür Türkiyədə
mürəkkəb şəraitdə
baş verən yanğınların söndürülməsinə
cəlb edilib. Dövlətimizin
başçısının
tapşırığının icrası çərçivəsində
bu gün əlavə 40 yanğın texnikası və 160 nəfər
şəxsi heyətdən ibarət üçüncü
qrup qardaş ölkəyə yola düşür.
AZƏRTAC xəbər verir
ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət
Yanğından Mühafizə Xidmətinin rəisi general-mayor
Füzuli Əsədov avqustun 5-də jurnalistlərə
açıqlamasında deyib.
Türkiyədə yanğınların söndürülməsi üçün Azərbaycandan ümumilikdə 500-ə yaxın şəxsi heyətin göndərildiyini vurğulayan F.Əsədov bildirib: “Bundan başqa, FHN-in bir helikopteri də yanğınların söndürülməsində iştirak edir. Həmçinin 100 yanğınsöndürmə texnikası Türkiyədə yanğınların söndürülməsi işlərinə cəlb olunub. Əməkdaşlarımızın meşə yanğınlarının söndürülməsi sahəsində kifayət qədər zəngin təcrübəsi var. Yanğınsöndürənlərimiz qardaş ölkədə yanğınların söndürülməsi işində ruh yüksəkliyi ilə iştirak edirlər”.
Xidmət rəisi bu günədək Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından heç birinin ciddi xəsarət almadığını bildirib.
Xatırladaq ki, avqustun 5-də saat 06 radələrində FHN-in “BE-200ÇS” tipli amfibiya təyyarəsi Türkiyəyə yola düşüb.
FHN-in
yanğınsöndürmə qüvvələrinin 100 əməkdaşından
ibarət birinci qrup iyulun 30-da, 1 helikopter, 53
yanğınsöndürmə və xüsusi
təyinatlı xilasetmə texnikası, 1 tibbi
yardım avtomobili, 220
yanğınsöndürən və xilasedicidən ibarət ikinci qrup isə iyulun 31-də Türkiyəyə yola salınıb.
Yanğınsöndürmə qüvvələrinin koordinasiyalı
idarəetməsinin təşkili məqsədilə fövqəladə
hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hazırda Türkiyədədir.
Azərbaycan yanğınsöndürənləri alovların
söndürülməsi və qarşısının
alınmasında fədakarlıqla çalışırlar.
Azərbaycan.- 2021.-6 avqust.- S.4.