Sosial rifah iqtisadi gücün göstəricisidir
İlham Əliyevin iqtisadi islahatları Azərbaycanı
sosial sahədə güvənli ölkəyə
çevirib
Əhalinin sosial rifahının yüksəlməsində məşğulluğun rolu danılmazdır. Bu baxımdan yeni iş yerlərinin yaradılması həyata keçirilən islahatların əsas hədəflərindən biri kimi müəyyən edilib. Təsadüfi deyil ki, ölkəmizdə əhalinin məşğulluğuna yönəldilən xüsusi diqqət beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.
Son dövrlər sosial xarakterli iş yerlərinin açılması da bu sahədə müsbət dinamikanın yaranmasına təsir göstərir. Xüsusilə fərdi sahibkarlıqla məşğul olmaq üçün vətəndaşlara göstərilən yardım məşğul əhalinin sayının artmasına səbəb olur. Bununla yanaşı, işsiz vətəndaşların ödənişli ictimai işlərə cəlb olunması da müsbət nəticə verir.
Yaxın keçmişdə rayonlarda yaşayan əhalinin iş yerlərinin azlığından əziyyət çəkdiyi hamıya məlumdur. 2004-cü ildə regionların sosial-iqtisadi inkişaf proqramlarının icrasına başlanması ilə bölgələrdə bu sahədə müşahidə edilən çətinlik aradan qaldırıldı. Belə ki, regionların inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları yeni müəssisələrin yaranmasına və iş yerlərinin açılmasına imkan verdi. Dövlət dəstəyi sayəsində bölgələrdə minlərlə kiçik, orta və iri istehsal, emal və xidmət müəssisələri fəaliyyətə başladı. Bununla yanaşı, dövlətə məxsus obyektlərin açılması da yeni iş yerlərinin yaradılmasına imkan verdi. Yeri gəlmişkən qeyd edək ki, turizmə göstərilən dəstək də regionlarda əhalinin məşğulluğuna müsbət təsir göstərən faktorlardandır.
Məlum olduğu kimi, regionlarda əhalinin başlıca məşğulluq sahəsi kənd təsərrüfatıdır. Bu sahəyə verilən dəstək əhalinin məşğulluğunda əsas rol oynadı. Xüsusilə ənənəvi kənd təsərrüfatı sahələrinin dirçəldilməsi ilə bağlı qəbul edilən qərarlar, dövlətin kəndliyə dəstəyi həm məhsul istehsalının artmasına, həm də əhalinin məşğulluğuna müsbət təsir göstərdi.
Pambıqçılığın, tütünçülüyün, baramaçılığın, çayçılığın, arıçılığın, fındıqçılığın və s. sahələrin dirçəldilməsi, dövlət tərəfindən bu növ məhsulların istehsal edilməsinə görə subsidiyaların ödənilməsi, həmçinin ixracın təşviqi minlərlə yeni iş yerlərinin açılmasına şərait yaratdı.
Bəllidir ki, dünyada koronavirus pandemiyası ilə əlaqədar iqtisadi durğunluq hökm sürür. Bir çox inkişaf etmiş ölkələrdə belə, çoxsaylı istehsal və xidmət sahələrinin fəaliyyətinin dayandırılması işsizliyin yüksəlməsinə səbəb olur. İndi dünyanın bütün dövlətləri əhalinin rifahına mənfi təsir göstərən bu problemin həlli üçün mübarizə aparır. Ölkəmizə də koronavirus pandemiyası müəyyən qədər mənfi təsir göstərdi. Ancaq qeyd etdiyimiz kimi, vaxtında aparılan sosial siyasət sayəsində bu sahədə ciddi problemlərin yaranmasının qarşısı alındı. Dövlət vaxtında özəl sektora maliyyə yardımı göstərib ki, işçilər ixtisara salınmasınlar. Bir sözlə, özəl sektorda çalışanların əməkhaqqı büdcə vəsaiti hesabına ödənildi. Belə olan halda ölkəmizdə kütləvi şəkildə iş yerlərinin bağlanması prosesi baş vermədi.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-iyun ayları ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 3,6 faiz artaraq iyulun 1-i vəziyyətinə 161053 olmuşdur. Ticarət, nəqliyyat vasitələrinin təmiri, müxtəlif sahələrdə xidmətlərin göstərilməsi, tikinti, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, peşə, elm və texniki fəaliyyət sahələri üzrə statistik vahidlərin çəkisi daha yüksəkdir. Hesabat dövründə ölkəmizdə xarici investisiyalı yeni müəssisələrin açılması prosesi davam etmişdir. Bu da münbit investisiya mühitinin və dinamik iqtisadi inkişafın olması ilə bağlıdır. Həmin dövrdə reyestrdə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisə ən çox Türkiyə, İran, Rusiya, Böyük Britaniya, ABŞ və Almaniya sahibkarları tərəfindən yaradılmışdır. Sözsüz ki, açılan hər təzə müəssisə həm də yeni iş yerləri deməkdir. Hər bir ölkənin iqtisadi inkişafında kiçik və orta sahibkarlıq subyektləri önəmli rol oynayır. Ölkəmizdə də bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Cari il iyulun 1-i vəziyyətinə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 4,8 faizini kiçik sahibkarlıq subyektləri təşkil etmişdir. Həmin dövrdə ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 1,8 faizi orta sahibkarlıqla məşğul olan iş adamlarına məxsus olub. Bu cür sahibkarlıq subyektləri əsasən ticarət, emal sənayesi, tikinti, nəqliyyat və anbar təsərrüfatı sahələrində fəaliyyət göstərirlər.
Ölkədə muzdla çalışan işçilərin sayı iyulun 1-i vəziyyətinə görə 1677,6 min nəfər olmuşdur. Onların 911,6 min nəfəri dövlət, 766 min nəfəri isə qeyri-dövlət sektorlarında çalışırlar.
Aparılan sosial siyasətin başlıca məqsədi əhalinin rifahını yaxşılaşdırmaq üçün yeni iş yerlərinin açılması ilə bağlıdır. Bu məqsədlə həm iqtisadi, həm də sosial islahatlar aparılır. Görülən işlər sayəsində əhalinin məşğulluğu ildən-ilə artır. Belə hal həm də əhalinin gəlirlərinin artmasına müsbət təsir göstərir. Statistik məlumatlara görə, cari ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri ümumilikdə 27 milyard 580,7 milyon manat təşkil etmiş və əvvəlki illə müqayisədə 0,4 faiz artmışdır.
Rüstəm KAMAL
Azərbaycan.- 2021.- 7 avqust- S.1; 4.