Əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təminatı
daim diqqət mərkəzindədir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev əsaslı
şəkildə yenidən qurulan 110/35/6 kilovoltluq “Suraxanı”
yarımstansiyasının açılışında
iştirak edib.
AZƏRTAC xəbər verir ki, 1932-ci ildə tikilən “Suraxanı” yarımstansiyası istismar müddətini dəfələrlə keçmişdi və təbii ki, artan tələbatı qarşılaya bilmirdi. Məhz buna görə, yarımstansiyada əsaslı şəkildə yenidənqurma işləri aparıldı.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına məlumat verdi ki, yarımstansiya sökülərək açıq tiplidən qapalı tipli variantda tam yenidən qurulub.
Dövlətimizin başçısı yarımstansiyanı işə saldı.
Hazırda dünyada pandemiyanın davam etməsinə və iqtisadi-maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial infrastrukturun daha da müasirləşdirilməsi, əhalinin sosial məsələlərinin həlli istiqamətində icra olunan layihələr uğurla və ardıcıl şəkildə davam edir. Bu layihələr arasında əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində həyata keçirilən işlər xüsusi yer tutur. Son illərdə yeni müasir elektrik yarımstansiyalarının yaradılması, mövcudlarının əsaslı yenidən qurulması bu sahənin maddi-texniki bazasının daha da möhkəmləndirilməsində mühüm rol oynayır və nəticədə istehlakçıların etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasını təmin edir.
“Suraxanı” yarımstansiyasında digərlərində olduğu kimi müasir avadanlıq quraşdırılıb. Yarımstansiya Suraxanı rayonunu, Sabunçu və Xəzər rayonlarının bir hissəsini, o cümlədən bir neçə digər sosial strateji və sosial infrastruktur obyektini elektrik enerjisi ilə təchiz edəcək.
Xüsusi
layihə əsasında “Suraxanı”
yarımstansiyasının gərginliyi dəyişdirilərək
110/20/6 kilovoltluqdan 110/35/6 kilovoltluğa
keçirilib, itkilərin
azaldılmasına nail olunub.
Eyni zamanda,
yarımstansiyanın transformatorlarının ümumi
gücü də 126 meqavolt
amperədək artırılıb. Müasir
avadanlığın quraşdırılması nəticəsində
yarımstansiyanın istismar xərclərinin
azaldılmasına, işçi heyətin
təhlükəsiz əmək fəaliyyətinə,
avadanlıqların ətraf mühitin zərərli
təsirindən qorunmasına və yarımstansiyanın daha səmərəli fəaliyyət
göstərməsinə nail olunub.
Azərbaycan.- 2021.- 7 avqust- S.1-2.