Azərbaycan qazı xaricdəki
istehlakçılarına
vaxtında çatdırılır
Bakı yaxınlığındakı Səngəçal terminalından şaxələnən ixrac marşrutları Xəzərin Azərbaycan sektorundan çıxarılan mavi yanacağın dünya bazarlarına nəqlini ahəngdarlıqla davam etdirir. Cari ilin birinci yarısında ölkəmizdən xaricə təbii qaz satışı təxminən 9,1 milyard kubmetr təşkil edib. Bu, ötən ilin eyni dövründə olduğundan təqribən 36 faiz çoxdur.
Yanvar-iyun aylarında ixrac edilən Azərbaycan qazının təxminən 4,7 milyard kubmetri Türkiyənin payına düşür. Bu barədə Energetika Nazirliyi məlumat verib.
Türkiyə Azərbaycan təbii qazını Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri və TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri) idxal edir. Qazı Azərbaycandan və Gürcüstandan keçməklə Türkiyə sərhədinədək CQBK - Cənubi Qafqaz Boru Kəməri çatdırır. Burada CQBK-ya qoşulan əlavə 280 kilometrlik borular Ərzurumadək uzanır, odur ki, həmin xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri adlanır. Bakı-Tbilisi-Ərzurum kəməri 2007-ci il iyulun 3-də istifadəyə verilib.
2018-ci il mayın 29-da “Cənub qaz dəhlizi”nin açılış mərasimində Prezident İlham Əliyev demişdir: “2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bu da çox önəmli layihədir. Bu layihə olmadan “Şahdəniz” yatağının işlənməsi mümkün deyildi. Beləliklə, ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan qazı Gürcüstana və Türkiyəyə nəql edilməyə başlamışdır... Doğrudan da, bunlar tarixi nailiyyətlərdir. “Şahdəniz” yatağının gələcəkdə işlənilməsi ilə bağlı addımlar atılmağa başlanıldı.
Əlbəttə, biz hamımız yaxşı bilirdik ki, böyük həcmdə Azərbaycan qazını dünya bazarlarına çıxarmaq üçün qaz kəməri lazımdır. Beləliklə, “Cənub qaz dəhlizi”nin yaradılması ilə bağlı praktiki işlərə start verildi. Çox ciddi işlər, danışıqlar aparıldı”.
Azərbaycan qazının xeyli hissəsini Türkiyəyə “Cənub qaz dəhlizi”nin “onurğa sütunu” adlandırılan 1850 kilometrlik TANAP daşıyır. Məsələn, bu ilin birinci yarısında TANAP qardaş ölkəyə 2,7 milyard kubmetrdən çox mavi yanacaq çatdırıb. 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən bu kəmərlə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin ayın 30-da başlanıb. Nəqlə başlanmasının birinci ili 2 milyard kubmetr qaz tədarük edilib. Ticari əməliyyatların ikinci ili keçən il iyunun 30-da bitib və həmin tarixə TANAP-la nəql edilən Azərbaycan qazının həcmi 6 milyard kubmetrə çatıb. Cari ildə kəmər Türkiyəyə 6 milyard kubmetr Azərbaycan təbii qazı ixrac edəcək. Sonrakı dövrdə bu boru kəməri ilə ildə 6 milyard kubmetr qaz nəql olunacaq. Qeyd edək ki, fəaliyyətə başladığı vaxtdan indiyədək TANAP 10 milyard kubmetrdən çox qaz daşıyıb.
Gürcüstana isə bu ilin ilk 6 ayında ölkəmizdən ümumilikdə 1,2 milyard kubmetr qaz ixrac olunub. Gürcüstana Azərbaycan qazının müəyyən hissəsini CQBK nəql edir. Ümumi uzunluğu 691 kilometr olan bu kəmərin Azərbaycan hissəsi 443, Gürcüstan hissəsi isə 248 kilometrdir.
CQBK 2006-cı ilin sonlarında istismara verilib, o vaxtdan da “Şahdəniz” təbii qazını Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırır. Genişləndirilmiş CQBK isə üç ildir kommersiya qaz həcmlərini TANAP-a ötürür.
Xatırladaq ki, 2020-ci ildə Gürcüstana CQBK xətti ilə 0,9 milyard kubmetri “Şahdəniz”dən, qalanı SOCAR-dan olmaqla, ümumilikdə 1,1 milyard kubmetr, Qazıməmməd-Qazax kəməri ilə isə əsasən SOCAR-dan olmaqla, 1,2 milyard kubmetr qaz göndərilib.
Bu ilin birinci yarısında Avropaya ixrac edilən qazın həcmi təqribən 3,2 milyard kubmetrdir. Qazı Avropadakı istehlakçılara Trans-Adriatik Qaz Boru Kəməri (TAP) nəql edir. Belə ki, TAP “Şahdəniz” qazını Yunanıstanın və Albaniyanın ərazisindən, Adriatik dənizinin altından keçirərək İtaliyanın cənubuna, bu ölkədən də Qərbi Avropaya çatdırır.
TAP uzunluğu təxminən 878 kilometr olan boru xəttidir.
Onun 550 kilometri Yunanıstanın, 210 kilometri
Albaniyanın ərazisindən,
105 kilometri Adriatik dənizinin altından keçir və sonuncu, bir neçə
kilometrlik hissəsi İtaliya torpağında quru sahəyə çıxır.
Burada kəmər “Snam Rete Gas” şirkətinin istismar etdiyi qaz nəqliyyatı şəbəkəsi ilə
birləşir.
Cari ilin birinci yarısında Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin
fəaliyyəti üçün
də mavi yanacaq verilib ki, bu da
50,5 milyon kubmetr təşkil edib.
Energetika Nazirliyinin
qaz hasilatına dair göstərdiyi rəqəmlər
də maraq doğurur. Belə ki, istismara veriləndən
cari il iyulun
1-dək “Azəri-Çıraq-Günəşli”
yataqlarından
183 milyard kubmetr,
“Şahdəniz”dən isə
145 milyard kubmetr qaz hasil olunub.
“Şahdəniz” yatağından hasil edilən qazın təxminən 98 milyard kubmetri ixraca göndərilib.
Flora SADIQLI
Azərbaycan.- 2021.- 7 avqust.- S.1; 4.