Fransa portalı Azərbaycanın işğaldan
azad edilmiş ərazilərində
aparılan yenidənqurma işlərindən yazıb
Fransanın “Causeur” portalında fransız tarixçi və jurnalist Alən Rumestanın “Qarabağa qayıdış: Azərbaycan geniş yenidənqurma planının icrasına başlayır” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə 2020-ci ilin sentyabr-noyabr aylarında Ermənistanla Azərbaycan arasında baş verən müharibə nəticəsində rəsmi Bakının beynəlxalq hüquqla ona məxsus olan və uzun illər işğal altında qalmış torpaqlarını azad etdiyi vurğulanıb. Bildirilib ki, Fransada bu münaqişənin mahiyyətini hələ də anlamırlar və mediada onun haqqında yanlış mülahizələrə, səthi şərhlərə əsaslanam materiallar yayılır.
Azərbaycandakı dini tolerantlıqdan bəhs edən müəllif diqqətə çatdırır ki, paytaxt Bakıda məscidlər, sinaqoqlar, pravoslav kilsələri, hətta erməni kilsəsi mövcuddur və yaxşı vəziyyətdədir.
İşğaldan azad olunmuş torpaqlara səfər edən jurnalist bildirir ki, bu ərazilərdə yeni yol şəbəkəsi inşa olunur, bu da azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtmasına imkan verəcək.
Azad edilmiş ərazilərdə hələ də mövcud olan mina təhlükəsinə toxunan A.Rumestan vurğulayır ki, mina partlayışı nəticəsində insanlar, o cümlədən jurnalistlər həlak olub. Ermənistan isə bütün minaların xəritələrini verməkdən hələ də imtina edir. Bu isə minatəmizləyənlərin işini çətinləşdirir.
İşğal dövründə dağıdılmış Füzuli rayonundan sonra Azərbaycanın qədim şəhəri Şuşada olan jurnalist qeyd edir ki, xarici ölkələrdən çoxsaylı nümayəndələr buraya səfər edirlər. Şəhərdə döyüşlərin izləri hələ də qalmaqdadır – binaların üzərində güllə izləri, parçalanmış dam örtükləri, məhv edilmiş mədəni irs. Azərbaycanın dahi şəxsiyyətlərinin (Bülbül, Üzeyir Hacıbəyli, Natəvan) birinci müharibə zamanı güllələnmiş heykəlləri də əvvəlki yerinə qaytarılıb. Şuşada artıq bərpa-quruculuq işlərinə başlanılıb.
Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli Bəyanata toxunan müəllif qeyd edir ki, bu, Cənubi Qafqazda həyatın normala qayıtması üçün yol xəritəsidir. Vurğulanır ki, indi Azərbaycanın qarşısında böyük çağırış var. Belə ki, rəsmi Bakı ərazisinin səkkizdəbir hissəsini demək olar tamamilə yenidən qurmalıdır. Bunun üçün isə, ilk növbədə, ərazilər minalardan təmizlənməlidir.
Jurnalist
sonda qeyd edir ki, azərbaycanlılar
üçün münaqişə bitib, Azərbaycanın ərazi bütövlüyü təmin olunub. İndi ümid keçmişi,
müharibələri, ağrı-acını unudaraq
bu torpaqlarda yenidən
bir yerdə yaşamaqdadır. Sülhdən
başqa yol yoxdur.
Azərbaycan.-
2021.- 7 avqust.- S.8.