Mədəniyyət diplomatiyası
İlham Əliyevin bu sahədə
yürütdüyü siyasət xalqımızın bəşəri
miqyasda tanınmasında mühüm rol oynayır
Mədəniyyət siyasəti hər bir xalqın bəşəri miqyasda layiqli yerini tutmasında və tanınmasında mühüm rol oynayır. Bu reallığı düzgün dəyərləndirən ölkə rəhbərliyi xalqımızın zəngin mədəni irsinin dünyada təbliği istiqamətində ardıcıl dövlət siyasətinin həyata keçirilməsinə daha çox üstünlük verir.
Elə çağdaş dünyamızın ən güclü dövlətləri də ilk növbədə mədəniyyətə xitab edir, dünyanın gələcəyini qanlı savaşlarda deyil, mədəniyyətlərin dialoqunda görür və bu hədəf uğrunda çalışırlar. Hər birimiz razılaşarıq ki, dünyada sülhün, mədəniyyətlər arasında dialoqun, insanı qorumağın və onun rifahı üçün çalışmağın alternativi yoxdur. Beləliklə, Yer üzündə sağlam düşüncənin əhatəsi genişlənir. Xoş niyyətlər ətrafında birləşən insanların sayı artır. Bu, sağlamlaşan düşüncənin dəyişdiyi dünyadır!
Bəşəriyyət üçün bu nailiyyətləri yaradan faktlardan biri də çoxumuzun əsl mahiyyətini, bəlkə də heç dərindən anlamadığımız, sadəcə, ölkəmizdə keçirilən silsilə beynəlxalq tədbirlər kimi yanaşdığımız festivallar, mahnı müsabiqələri, qlobal mədəniyyətlərarası dialoq forumlarıdır. Bu forumlarda aparılan müzakirələrdir. Dünyanın nüfuzlu söz sahibləri arasında gedən fikir və ideya mübadilələridir. Əldə edilən razılaşmalardır. Bakıdan bütün bəşəriyyətə ünvanlanan çağırışlardır. Bu gün həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt məhz milli irsin təbliği, mədəniyyət abidələrinin, genofondun qorunmasıdır.
Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin, eləcə də Bakı Musiqi Akademiyasının fəal iştirakı ilə iyulun 31-dən avqustun 4-dək XII Qəbələ Musiqi Festivalı keçirildi. İndiyə qədər Qəbələdə keçirilmiş musiqi festivallarının hər biri ölkə həyatında möhtəşəm mədəniyyət bayramı kimi yadda qalıb. Builki festivalın isə bir əlamətdar mənası da vardı. Tədbir ölməz bəstəkarımız Üzeyir bəy Hacıbəylinin adını daşıyan Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuşdu.
Mədəniyyətə daim yüksək qayğı göstərən, belə əlamətdar günləri heç zaman diqqətdən kənar qoymayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 may 2021-ci il tarixdə Bakı Musiqi Akademiyasının 100 illik yubileyi ilə bağlı sərəncam imzalamışdı. Sərəncama əsasən, bu hadisə ilə əlaqədar respublikamızın bir çox bölgələrində, musiqi-tədris ocaqlarında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. XII Qəbələ Musiqi Festivalı isə bu yubileyə töhfə oldu. Sənətsevərlər beş gün davam edən festivalda musiqi kollektivlərinin və tanınmış ifaçıların maraqlı konsert proqramlarından zövq aldılar.
“Bakı prosesi”
dünyada nüfuzlu platformaya çevrilib
İndiyə qədər Azərbaycanda
çox əhəmiyyətli mədəniyyət hadisələri
yaşanıb.
Ölkəmiz bir çox regional və beynəlxalq
əhəmiyyətli mədəni tədbirlərə
evsahibliyi edib. Humanitar sahədə
bütün dünyada böyük maraqla qarşılanan və
təqdir edilən xeyli təşəbbüslər reallaşdırılıb.
Təsadüfi deyil ki, Azərbaycanın təşəbbüsü
ilə 2008-ci ildən başlanmış “Bakı prosesi”
artıq bütün dünyada yüksək nüfuzlu beynəlxalq
platformaya çevrilib.
Vətən müharibəsindəki
möhtəşəm qələbəmizə qədər
bunlar Azərbaycanın dünya mədəniyyətinə fayda
vermək arzusu, ölkəmizi, xalqımızı beynəlxalq
ictimaiyyətə zəngin mədəniyyətimizlə birgə
tanıtmağı, sağlam düşüncəli
insanları müxtəlif qlobal məsələlər ətrafında
bir araya gətirmək istəyi kimi görünürdü. Qələbəmizdən,
işğal altındakı torpaqlarımızın azadlığından
sonra isə artıq bu cür tədbirlər əlavə məzmun
kəsb etməyə başlayır. Azərbaycanın
öz müstəqilliyini daha da möhkəmləndirməsi,
sosial-iqtisadi inkişaf, ordu quruculuğu, xarici siyasət sahəsində
görülən işlər, cəmiyyət həyatının
müxtəlif sahələrində aparılan köklü
islahatlar qədər mədəniyyət diplomatiyasını
da uğurla həyata keçirir. Azərbaycan
Prezidentinin bu sahədə də
reallaşdırdığı siyasət zərgər dəqiqliyi
ilə ölçüb-biçdiyini, həyata keçirilən
bütün tədbirlərin nəticələrinin
düzgün proqnozlaşdırıldığını əks
etdirir.
Vətənin igid
oğullarının qayalardan dırmaşaraq, yüngül
silahlarla düşmənin tankının, topunun üzərinə
atılıb azad etdikləri Şuşaya dövlətimiz mədəniyyət
işığında daxil oldu. Düşmənin 30
ilə yaxın müddətdə bir daşı-daş
üstündə qoymadığı, inkişafdan saxlayıb
zülmətə qərq etdiyi, dini məbədlərinə qədər
dağıdıb tökdüyü, satıb-sovduğu
Şuşada yenidən mədəniyyət günəşi
doğdu. Düşməndən təmizlənmiş
başqa şəhər və kəndlərimiz kimi
Şuşanı da quruculuq ab-havası öz ağuşuna
aldı. Azərbaycan Şuşadan
dünyaya mədəniyyət ismarıcı göndərdi.
Şuşa Azərbaycanın mədəniyyət
paytaxtı elan olundu. Bütün
xalqları, ölkələri, insanları kini-küdurəti,
mənasız iddiaları, saxta mifləri kənara qoyub mədəniyyət
dəyərləri ətrafında birləşməyə
çağırdı. Mədəniyyətin
gücü, quruculuq eşqi ilə dünyaya, insanlara,
bugünə və gələcəyə fayda verməyə səslədi.
“Xarıbülbül”
festivalının dünyaya anlatdığı həqiqətlər
Şuşada təşkil
edilmiş “Xarıbülbül” festivalı hər kəsi
heyran etdi. Festivalda Şuşadan, Cıdır düzündən
yenidən dünyaya xoş musiqi səsi yayıldı. Milli mənsubiyyətindən, dilindən, dinindən
asılı olmayaraq Azərbaycanı özünə vətən
bilən hər bir kəsin ürəyi o festivalın
keçirildiyi günlərdə Şuşada, Cıdır
düzündə döyündü. Azərbaycanda
yaşayan və ümumi bir zəngin milli mədəniyyət
içində özünəməxsusluqlarını da
qoruyan, bu özünəməxsusluqlarla ortaq mədəniyyətimizi
daha da zənginləşdirən müxtəlif xalqların
nümayəndələrinin ifaları ilə Azərbaycan
tolerantlığın, fərqli mədəniyyətlərə
hörmət ruhunun mənzərəsini yaratdı. Bunun müasir dünyamızda nə qədər
böyük dəyər olduğunu bəşəriyyətə
göstərdi. İnsanların sülh və
qarşılıqlı hörmət ruhunda
yaşamasının, bir-birindən görüb-götürməsinin,
birlikdə sevinib, birlikdə kədərlənməyi
bacarmasının, Vətənə ümumi faydalar verməsinin
necə gözəl könül xoşluğu
yaratdığını dünyaya anlatdı. Hər kəs
gördü ki, xalqlar bir-biri ilə münaqişə
yaratmadan, saxta tarix hekayələrinin əsirinə
çevrilmədən, fərqli mədəniyyətlərə
hörmətlə yanaşaraq, ümumi bir məkanı
özünə Vətən bilib doğma yurdun gələcəyinə
görə məsuliyyətini dərk edərək birgə
yaşayıb, ümumi inkişaf hədəfləri
üçün çalışa bilərlər. Bu, mədəniyyətin qüdrətidir. Mədəni dəyərlərin insanlar arasında
yaratdığı qırılmaz bağlardır.
Tutduğumuz yol
ölkəmizə yeni nailiyyətlər qazandırır
Mədəniyyət tarixboyu
dövlətlərin iqtisadi, siyasi, hərbi gücü ilə
yanaşı addımlayıb. Ordunun hərb
meydanında qazandığı zəfəri mədəniyyət
öz misilsiz təsiri ilə daha da möhkəmləndirib.
Daimi inkişaf üçün yeni imkanlar
açıb. Dövlətin ardıcıl
uğurları üçün zəmin hazırlayıb.
Xalqı, ölkəni mədəniyyət
işığında dünyaya tanıdıb və
böyük hörmət qazandırıb. Tarixdə ucsuz-bucaqsız ərazilər fəth
etmiş elə imperiyalar olub ki, hazırda onların heç
izi də qalmayıb. Amma mədəniyyətə
dəstək olan, bəşər mədəniyyətinə
incilər qazandıran, özünü mədəniyyətdə
ifadə edən hər kəs bu gün də həmin mədəni
sərvətlərlə birgə yüksəlir, inkişaf
edir. Mədəniyyət ona dəstək
verən hər bir topluma əbədiyyət qazandırır.
Tarix boyunca onun yeni nailiyyətlərinə yol
açır.
Mədəniyyətin ən
böyük təsir gücü həm də milli birliyə
xidmət etməsindədir. Ortaq mədəniyyət
insanları öz doğmalığında bir araya gətirir.
Xalqın milli birliyini sarsılmaz edir. Mədəniyyət ortaq keçmişə və gələcəklə
bağlı məqsədlərə malik ayrı-ayrı
ölkələrin birliyi üçün də möhkəm
bağlantıdır. Vətən
müharibəsindəki qələbəmizdən sonra regionda
yeni geosiyasi reallıqlar yaradan, türk dünyasının tərəqqipərvər
toplumlarla bir arada inkişafı, sülh, sabitlik, rifah
içində bəşəriyyətin xoşbəxt gələcəyinə
yönələn, ardıcıl işlər aparan Azərbaycan
üçün bu amil də çox vacibdir.
Ölkəmiz son onilliklərdə
mədəniyyət sahəsində bir sıra tarixi nailiyyətlərə
imza atmaqdadır. Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə uzun illərdən bəri həyata keçirilən
yerli və qlobal layihələr, humanitar təşəbbüslər
ölkəmizin mədəniyyət diplomatiyasının
uğurlarına xidmət edir. Mehriban
xanımın təşəbbüsü ilə indiyə qədər
doğma yurdumuzun paytaxtında, bölgələrdə və
Azərbaycan hüdudlarından kənarda çox əhəmiyyətli
mədəniyyət layihələri həyata keçirilib.
Mühüm geostrateji mövqeyə, zəngin təbii
sərvətlərə, böyük inkişaf potensialına
görə tanınan Azərbaycanı dünyanın
böyük bir hissəsi indi həm də zəngin mədəniyyətimizlə
kəşf etməyə başlayıb. Bu
layihələrin hər biri ölkəmizin imicini daha da
yüksəldir. Biz azərbaycanlıları
sivil, qədim mədəniyyətə malik xalq kimi dünyaya
təqdim edir. Min illərboyu bu torpaqlarda
yaradılan və nəsillərdən-nəsillərə mənəvi
miras kimi keçən misilsiz mədəniyyət incilərimizi
bəşəriyyətə sərgiləyir. Mədəniyyətlər arasında dialoq,
tolerantlıq, multikulturalizm çağırışları
ilə Azərbaycanın tutduğu yolu, ümumbəşəri
dəyərlərə bağlılığını,
yüksək amallarını göstərir.
Heydər Əliyev Fondunun silsilə tədbirləri,
xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti
günləri, Üzeyir bəy Hacıbəyli,
Rostropoviç, Qəbələ Beynəlxalq Musiqi
festivalları, “Muğam aləmi” Beynəlxalq Muğam
Festivalı, Bakı Caz Festivalı, görkəmli mədəniyyət
xadimlərinin yubileyləri ölkəmizin getdikcə artan
nüfuzu və potensialının mədəniyyət sahəsindəki təzahürüdür. Bütün bunlar hazırda Azərbaycanı
dünyanın əsas musiqi mərkəzlərindən birinə
çevirmişdir.
Son illər Naxçıvan,
Qəbələ, Şəki, İsmayıllı, Lənkəran
və digər şəhər-rayonlarında keçirilən
tədbirlər həm bölgələrin mədəni
irsinin, həm də turizm potensialının yerli və beynəlxalq
ictimaiyyətə tanıdılması baxımından əhəmiyyətlidir.
İnsanları
doğmalaşdıran mədəniyyət platforması
Qəbələ Musiqi
Festivalı da mədəniyyət sahəsində artıq
kifayət qədər mötəbərlik qazanmış
maraqlı platformadır. Azərbaycanın dilbər guşələrindən
olan Qəbələ şəhəri hər il
öz qapılarını dünyanın müxtəlif məkanlarından
olan sənətsevərlərin, musiqi festivalı
iştirakçılarının üzünə açır.
Musiqi ictimaiyyətinin böyük rəğbətlə
izlədiyi Qəbələ Musiqi Festivalının proqramı
hər zaman olduğu kimi bu il də zəngin
idi. Festival boyu ayrı-ayrı musiqi kollektivlərinin
yaddaqalan konsert proqramları oldu. Festivalın
maraqlı cəhətlərindən biri də o idi ki, burada
klassik musiqi ilə yanaşı, muğam, vokal, kamera musiqisi
axşamları da təşkil edilmişdi. Ölkəmizin aparıcı musiqi təhsili
ocaqlarının müəllim və tələbələrinin,
eləcə də müxtəlif ifaçı kollektivlərinin
geniş səpkidə iştirakı da bu-ilki Qəbələ
Musiqi Festivalının başlıca məziyyətlərindən
sayıla bilərdi. Bu da dinləyicilərə
yeni səslər eşitmək, fərqli ifa
üslublarından zövq almaq imkanı yaratdı.
İyulun 31-də XII Qəbələ
Musiqi Festivalının təntənəli
açılış mərasimi oldu. Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın festival
iştirakçılarına təbrik məktubu tədbirin təşkilinə
olan yüksək diqqətdən xəbər verirdi. Açılış mərasimindən sonra
Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi
Orkestrinin ifasında geniş konsert proqramının təqdim
olunması festivalı daha da rövnəqləndirdi.
Avqustun 1-də Konqres Mərkəzində
BMA-nın müəllim və tələbələrinin
iştirakı ilə kamera-instrumental musiqi gecəsi
keçirildi.
Respublika və beynəlxalq müsabiqələr
laureatları olan tələbələrdən bir qrupunun
ifaları dinləyicilərə böyük zövq
yaşatdı. Həmin gün baş tutan
kamera musiqi axşamında respublikanın tanınmış sənət
adamları da öz ifaları ilə festivala gözəllik gətirdilər.
Gənc bəstəkar, Vətən müharibəsi
qazisi Vüqar Məmmədzadənin “Şəhidlərə
ithaf” adlı əsəri isə konsertin məxsusi zəfər
ovqatının ifadəsi idi. Festivalın
növbəti günlərində də dinləyicilərə
bir-birindən maraqlı konsert proqramları, yeni ifalar, musiqi
inciləri təqdim edildi və XII Qəbələ Musiqi
Festivalı gözəl bir mədəniyyət bayramı kimi
başa çatdı.
Bu cür mədəniyyət
tədbirləri insanları bir-birinə
doğmalaşdırır. Dünyamızı
saflaşdırır, insanları pis niyyətlərdən, mənfi
emosiyalardan təmizləyir. Bu, Azərbaycanın
nəcib missiyasıdır.
İradə
ƏLİYEVA
Azərbaycan.- 2021.-12 avqust.- S.1; 6.